Onlayn ictimai-siyasi qəzet
İlk yayım zamanı: 11.02.2024, saat 19:01
“Öz kövşənində otlayan mal ac qalmaz”
(Azərbaycan ata sözü)
Çağdaş dünyamızda insanların şəxsi həyatına, ailə, sevgi münasibətlərinə qarışmaq qədər iyrənc, axmaq hərəkət bəlkə də yoxdur. Ancaq bizdə təəssüf ki, hələ buna cəhdlər edilir.
Bugünlərdə qəzetdə bu motivdə bir gülünc yazı oxudum. Yazının əsas qayəsi bu idi ki, xaricilərlə evlənmək olmaz, milli adət-ənənələrimizə ziddir, xaricilərlə evlənənlərin çoxu boşanır, özümüzünkülərlə ailə qurun, genefondumuz qorunsun və sairə. Başdan ayağa cəfəngiyyat. Elementar bir misal: müəllif yazır ki, 2023-cü ildə əcnəbilərlə ailə quranlarımızın sayı 2200 nəfərə yaxın olub, 2018-ci ildə əcnəbilərlə boşananlarımızın sayı isə 149 nəfər olub. Bəs bu əcaib tutuşdurmadan hansı nəticə çıxarıb? Buyurun, sitat: “Evlənənlərlə boşananların sayını müqayisə etdikdə isə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır”. Sitatın sonu. 150-nin 2200-ün dörddə biri olmağı nəsə yeni haldır. Bu kəşfə görə Misir müəllimin başçılığı altındakı riyaziyyat kafedramıza atəşin təbriklər düşür.
Əlbəttə, buna fikir verməmək olardı, ancaq müəllif guya yazı fısqırıq olsun deyə sosioloq da tapıb danışdırmışdı. Sosioloq yoldaş birinin üstünə beşini qoyub əcnəbilərlə ailə quran azərbaycanlıları qınamış, xaricin ən pis yerinə soxmuşdu. Sitat: “... mən hesab edirəm ki, biz milli-mənəvi, ailə dəyərlərimizə bağlı olmalıyıq. Milli kimliyimizin qorunub saxlanılmasında milli dəyərlərin mühüm əhəmiyyəti var. Bu baxımdan əcnəbilərlə ailə həyatı qurmaqdan çəkinməyə çalışmalıyıq”.
Həmin sosiloqun kimliyi mənə maraqlı gəldi. Çünki beynimdə bir sual yaranmışdı: “Görəsən bu cəfəngiyyatı qızıl-qırmızı səsləndirən adam harda oxuyub, təhsil alıb?” Araşdıranda isə xəyallarıma gülməyim gəldi, çünki sosioloq yoldaş özü şəxsən ən zırpı universitetimizdə... “Sosial iş” kafedrasının müdiri imiş! Necə deyərlər, ağıllınız kimdir, qabaqda gedən...
Ünlü “sosioloqumuzun”, yuxarıda yazdığım kimi, hər cümləsi lətifə olan söhbətlərindən bir hissənin üzərində dayanmağımın isə yeri var. Adam ailə dəyərlərimizin guya sıradan çıxmasını çağdaş qloballaşma, internet, seriallar dövrü ilə bağlayır və deyir: “Azərbaycan cəmiyyəti ənənəvi cəmiyyət olub. Buna görə də cəmiyyət buradakı normalar, qaydalar, ənənələr əsasında öz-özünü tənzimləyir... Uzun müddət Azərbaycanda oturuşmuş bir stereotip yanaşma var idi ki, Azərbaycan qadını əcnəbi ilə ailə həyatı qurmaz və bu hətta kişilərə də şamil olunurdu...”
Azərbaycanlılar əcnəbilərlə evliliyə seriallar üzündən başlayıbsa, yəqin Şah İsmayıl Xətainin ulu nənəsi, Trabzon imperatoru 4-cü İohanın qızı Teodora Despina xatuna aşiq olmamışdan qabaq Ağqoyunlu hökmdarı Uzun Həsən xeyli film izləmişdir. Nəticədə onun Despinə nənədən Aləmşah adlı qızı doğulub, Aləmşah bəyim də İsmayıl müəllimi dünyaya gətirmişdir. Güman edirəm bu sosioloq Səfəvilər dövründə yaşasa uca hökmdar İsmayıl müəllim onun boş başını şəhər darvazasından asardı.
Əlbəttə, ənənələrimiz olub, nə danışırsan... Elə həmin “əcnəbiyə gözünün ucuyla baxmamaq” ənənəsiylə Üzeyir Hacıbəyli tatar qızı Məleykə Terequlova ilə evlənib, Xurşudbanu Natəvan qumuq Xasay xan Usmiyevə ərə gedib, Məhəmməd Əmin Rəsulzadə polyak qızı Vanda ilə yaşayıb və sairə və ilaxır – az vaxtda yadıma düşənlər bu idi, üzrlü sayın.
Hələ heç Osmanlı sultanı Süleyman Qanuninin arvadı Roksalana xanımı yazmıram, çünki bu mövzunun içində serial mütləq vardır.
Yenə qeyd edirəm, tema sarsaqdır, ona baş qoşmaq da bir növ sarsaqlıqdır, anlayıram. Ancaq sarsaqlığı vaxtında sınırlamasan, ağzını yummasan zərərli olur. Bir gün gəlir, hansısa idiot da çıxır və müxalif siyasətçiyə “Sən qızımızı xaçpərəstə ərə vermisən” kimi gic iddia irəli sürür. Və müxalifətçinin cavabı daha biabırçı alınır: “Mən qızımı xaçpərəstə verib onu müsəlmana çevirdim”.
Bilmirsən bu vəziyyətə güləsən, yoxsa ağlayasan.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ