Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlankıç İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com xəbər verir ki, səfir xarici işlər nazirinin köməkçisi Mahmud Haydari tərəfindən qəbul edilib.
Haydari Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamalarından narazılığını bildirib və ikitərəfli münasibətlərə xələl gətirə biləcək ritorikadan çəkinməyin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına verdiyi son müsahibədə deyib ki, İranın qonşu ölkələrdəki milislərə dəstək siyasəti faydadan çox problemlər yaradır. Onun sözlərinə görə, Tehran İraq və Suriyada müəyyən uğurlar əldə edib, lakin bunun üçün yüksək hesab ödəyib.
Fidan vurğulayıb ki, bir ölkənin digərinə hökmranlıq etməsi dövrü keçmişdə qalmalıdır. O, region ölkələrini yeni təhlükələr yaratmaqdansa, həmrəyliyi gücləndirməyə çağırıb.
“Nə ərəblər, nə türklər, nə kürdlər, nə də iranlılar. Heç kim bir-birinə üstünlük qurmağa, mane olmağa və ya təhdid etməyə çalışmamalıdır”, – deyə nazir qeyd edib.
İranın PKK/YPG terror təşkilatına mümkün dəstəyinə toxunan nazir xəbərdarlıq edib:
“Əgər siz başqa bir ölkədə müəyyən bir qrupu dəstəkləyərək narahatlıq yaratmaq istəyirsinizsə, başqa bir ölkə də sizin əleyhinizə eyni addımı ata bilər. Artıq dünyada heç nə gizli deyil. Sizin sahib olduğunuz bacarıqlar başqalarında da var. Buna görə də, əgər istəmirsinizsə ki, sizin pəncərənizə daş atılsın, siz də başqasının pəncərəsinə daş atmamalısınız”.
Fidan həmçinin bildirib ki, regional dövlətlər nəzarət və genişlənmə üsullarından əl çəkməli, əməkdaşlığa və qarşılıqlı faydaya diqqət etməlidir.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ