İnsanlara hürriyət, millətlərə istiqlal!

Güvəndiyin dağlara qar yağacaq, KadirqIepan!

2004-cü ildən bəri Çeçeinstanda faktiki hakimiyyətə malik olan Ramzan Kadırovun bioqrafiyasını yazmağa ehtiyac yoxdur. Bilən bilir, bilməyən də onun haqqındakı vikipediya məlumatlarına baxa bilər.

Kadırovun bu illər ərzində öz teypini, tayfasını Çeçenistanda necə varlandırmasıdan, qohumlarını yüksək vəzifələrə qondurmasından, düşmənlərini, potensial rəqiblərini məhv etməsindən, tutulanlara işgəncə verdirməsindən də çox yazılıb.

Zatən o, dünyanın ən odioz bölgə rəhbərlərindən biri kimi tanınır, beynəlxalq sanksiyalar altındadır.

Bu yazıda söhbət Rusiya prezidenti Vladimir Putinin ölkənin ən kiçik federal subyektlərindən biri olan Çeçenistanın (ərazisi 16 771 kvadrat km, əhalisi 1 milyon 600 min nəfər) rəhbəri Kadırovun nazıyla oynamasından, ona toz qondurmamasından, öz nazirlərini, o statusda olanları Kadırovun ayağına verməsindən gedəcək.

Elə bu yaxınlarda Kadırov RF-nin daxili işləri naziri Kolokoltsevi, İstintaq Komitəsinin rəhbəri Bastrıkini aşağladı, “yerlərində olmayan kadrlar” adlandırdı və o adamların Kadırova gücü çatmadı, onu üzrxahlıq etməyə belə məcbur edə bilmədilər, eləcə, mediada əleyhinə yazılar dərc etdirdilər.

Təsəvvür edin, ölkənin hüquq-mühafizə orqanlarının ikisinin rəhbəri 14 yaşlı çeçen yeniyetməni açıq-aşkar ağır xuliqanlıq etdiyinə görə cəzalandıra bilmir, Kadırov mane olur, hələ ölkənin baş polisini və baş müstəntiqini danlayır ki, nədən belə bir şeyə cəsarət ediblər. O boyda superdövlətin polis naziri adi sahə müvəkkili yerinə qoyulub.

Dünən yayılan informasiyaya görə, Kadırov Özbəkistanda sui-qsəd törətməkdə ittiham olunan iki çeçenə görə Özbəkistana, sui-qəsdə məruz qalması nəzərdə tutulan şəxslərə ultimatum göndərib və belə bir ifadə işlədib: “Bu işi mən görsəydim, axıra çatdırardım”.

Azərbaycana məxsus təyyarənin Qroznı üzərində vurulmasından sonra onun öz qohumu, Qroznının hava hücumundan müdafiəsinə cavabdeh olan Həmzət Kadırovu təltif etməsi isə artıq Kadırovun Azərbaycana hörmətsizliyinin göstəricisidir.

Sual çıxır: bu adam kimdir, nəçidir, nəyə arxayındır ki, özünü az qala müstəqil və qüdrətli dövlətin rəhbəri kimi aparır?

Cavab birdir: Kadırov Putinə güvənir. Putin Kadırovu himayə edir. Qafqazda ötkəm “şilləvuran” rolunu oynamaq səlahiyyətini Kadırova Kremlin sahibi verib. Onların arasında heç kəsin çözə və qıra bilmədiyi bir bağ var.

Bu, indilikdə qırılmaz görünən tel 2004-cü ilin 9 mayında Çeçenistanın Kremlpərəst lideri Axmad Kadırovun oturduğu stadion skamyasının altına bomba yerləşdirilərək, onun və yaxınlığındakıların partladılmasından sonra əmələ gəlib. Bunu kim etdi, dəqiq bilinmir, “qara qutu”dan çeçen partizanların əlinin izi çıxdı.

O zaman Rusiya rəhbərliyi elə atasının ölümünün ertəsi günü 28 yaşlı Kadırovu Çeçenistanın baş nazirinin birinci müavini təyin etdi. Əslində heç bir idarəetmə təcrübəsi olmayan gənc Ramzanı birbaşa Çeçenistanın rəhbəri də təyin edə bilərdilər, amma qanunvericilik imkan vermirdi. Ramzanın yaşı, iki ili çatmırdı. Çeçenistan prezidenti Ali Alxanov oldu. Həmin ilin noyabrında baş nazir Sergey Abramov yol qəzasında həlak olduğu gün Ramzan baş nazir səlahiyyətlərinin icraçısı təyin edildi. Daha sonra, yaşı düşən kimi də atasının yerinə keçdi.

O vaxtdan bəridir Kreml Çeçenistanda yalnız Kadırovlar teypinə güvənir və onlara dövlət içində dövlət qurmaq, kiçik bir sultanlıq bərqərar etmək imkanı verib. Bu bölgə demək olar ki, şəriət qayda-qanunları ilə yaşayır, Rusiya Federasiyasının bir sıra qanunları orada işləmir.

Kadırovun adı bir çox qalmaqallı cinayət işlərində çəkilir. Buraya Rusiya ana müxalifətinin liderlərindən biri Boris Nemtsovun, hüquq müdafiəçisi Anna Politkovskayanın, jurnalist Natalya Estemirovanın və başqalarının qətlləri daxildir. Bu cinayət işlərinin araşdırılması zamanı kələfin ucu Kadırova qədər gəlib çıxsa da, ona toxunmadan dayandırılıb, icraçılar bir müddətliyə həbs və məhkum olunub, daha sonra azadlığa buraxılıblar.

Kremlin Kadırova, Kadırovun da Kremlə nədən belə güvənməsinin sirri buradadır. Onları bir-birinə ortaqlıqlar bağlayır. Ona görə də Kadırov özünü istənilən rus vətənpərvərindən artıq patriot kimi aparır və Putindən başqa heç kəsi saymır.

Dünya birliyi bu şəxsin fəaliyyətini, iştəklərini heyrətlə izləyir. O da artıq ifrata vararaq özünü lətifə qəhrəmanına çevirib, istər ABŞ rəhbərliyinə öz yanından sanksiya tətbiq etməsilə, istər Ukrayna müharibəsində göstərdiyi “şücaət” barədə Qroznı ətrafındakı meşəliklərdə klip çəkdirməsi ilə rişxənd hədəfi olub.

Hər kəsə aydındır ki, onun siyasi karyerası, eləcə də şəxsi həyatı Putinin hakimiyyət müddətinə bağlıdır. Putinin həyatdan və ya hakimiyyətdən getdiyi günün axşamı başqaları, öz millətindən olan düşmənləri yox, elə əzdiyi, saymadığı ruslar onunla haqq-hesab çəkəcəklər.

P.S. Ramzan Kadırovun ad-soyadı çeçen dilində belə yazılır: КъадиргӀеран Ахьмад-Хьаьжин Рамзан.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR