Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda etirazçılarla toqquşma zamanı 32 polis əməkdaşı yaralanıb, 43 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, mitinqin səbəbi Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dondurulması olub. Hakim “Gürcü Arzusu” Partiyasının Baş katibi Kaxa Kaladze deyib ki, heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verilməyəcək.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə danışıqlar dayandırılıb, amma bu qərarın bəzilərini niyə təəccübləndirdiyi anlaşılan deyil. “Aİ-yə üzvlük üçün müəyyən meyarlar var, ancaq bu meyarlara çatmaq üçün sülh və iqtisadi inkişaf lazımdır. Biz 2028-ci ilə qədər fərqli iqtisadi artım göstəriciləri ortaya qoymağa və 2030-cu ildə Aİ-nin tamhüquqlu üzvü olmağa hazırıq. Biz danışıqlara da hazırıq, amma şantaj yolu ilə deyil”, - deyə K.Kaladze bildirib.
O həmçinin xalqa çağırış edərək Gürcüstanın sadəcə bir ərazi deyil, bir ölkə olduğunu qəbul etməsini və hamının hökumətin qərarlarına, gürcü mədəniyyətinə və ənənələrinə hörmət etməli olduğunu vurğulayıb.
Bu arada Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb. Diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər.
Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ