Onlayn ictimai-siyasi qəzet
Bakıda toy şənliklərini və ad günlərini fişəngsiz təsəvvür etmək çətindir. İnsanlar xoş günlərinə xüsusi bir bayram ovqatı bəxş etmək üçün fişənglərdən istifadə edir. Amma çoxlarının diqqət etmədiyi məqam var ki, bu parlaq görüntülərin arxasında həm insan sağlamlığına, həm də təbiətə ciddi zərər gizlənir.
Ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, fişənglərin əsas quruluşu sadə görünsə də, əslində, kimyəvi baxımdan olduqca mürəkkəbdir: “Fişəngin yanar hissəsini fitil təşkil edir. Fitil alışaraq qara barıtı yandırır. Daha sonra isə alüminium tozu kimi metallarla oksidləşdirici maddələr reaksiyaya girir və nəticədə güclü alov, partlayış, işıq yaranır. Bu proses zamanı alüminium oksidinə çevrilən tüstü havaya qalxaraq həm insanlara, həm də ətraf mühitə mənfi təsir göstərir”.
Ekoloq vurğulayır ki, yaranan tüstü təkcə xoşagəlməz qoxu ilə kifayətlənmir, eyni zamanda nəfəs yollarını qıcıqlandırır, ağciyərdə iltihab yaradır: “Azyaşlı uşaqlar, hamilə qadınlar və yaşlı insanlar bu təsirlərə qarşı daha həssasdırlar. Ona görə də insanların sıx toplaşdığı yerlərdə fişənglərdən istifadə təhlükə doğurur. Kimyəvi birləşmələrin tüstüsü sağlamlığa ciddi zərər vuran amillərdəndir”.
Əslində, fişənglərin təsir dairəsi yalnız insanlarla məhdudlaşmır. Yüksək gurultusu quşların həyatı üçün də böyük risk yaradır.
Ənvər Əliyevin sözlərinə görə, partlayış səsi və işıq seli quşları həm qorxudur, həm də onların orqanizminə zərər verir. Bəzən hava limanları yaxınlığında quş dəstələrinin təyyarələrlə toqquşma ehtimalını azaltmaq üçün fişənglərdən istifadə olunur. Amma digər hallarda bu partlayışlar quşların ekoloji mühitdən uzaqlaşmasına, stress keçirməsinə və təbii davranışlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən bir çox ölkədə fişənglərə qadağalar tətbiq olunur. İrlandiyada şəxsi istifadə tam yasaqlanıb, Çili, Argentina, Kolumbiya və Avstraliyada satış və istifadə məhdudlaşdırılıb.
Mənzər Novruzlu
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ