Onlayn ictimai-siyasi qəzet
Bütün millət Gənclər və İdman Nazirliyimizin yeni loqosundan danışırdı, mən də maraqlandım. Sən demə idarənin təzə simvolu olaraq... yaşıl ovalvari fiqurun içində “AZE” hərfləri seçilibdir. Bu da onunla bağlıdır ki, beynəlxalq idman yarışlarında ölkəmizin ismi-şərifini qısa variantda məhz “AZE” yazırmışlar.
Halal olsun. Çox kreativ addımdır. Hələ deyir bunu qayıran rəssama dövlət büdcəsindən 20-30 min manat aralığında mükafat verilmişdir. Aze-dır. Üzr istəyirəm, azdır. (Mövzuya tam aludə olmuşam). Belə bir zadı fikirləşib tapmaq üçün adamda aze... azı 1 milyon manatlıq şüur, düşüncə, beyin lazımdır. Verin uşaqların pullarını, ölkəmizdən axıb getməsinlər!
Hərçənd, nazirliyin loqosunu “Azərb” şəklində yazmaq da olardı. Həm hərf artmaqla çox pul xərclənərdi, neçə adam evinə çörək aparardı, həm də rəsmi sənədlərdə hərdən dövlətimizin adını “Azərb. Respublikası” yazırlar. Başqa mənalar da çıxara bilərik, məsələn, idman nazirliyində zərbə vurmaq güc nümayişinin bir üsuludur. “Aaa, zərbə vurdular mənə!” - əcnəbi boksçular idmançılarımız qarşısında bu vəziyətdə çığırışır, medalsız qalıb ölürlər. Yaxud, “zər” qızıl deməkdir, bizim də pulumuz çoxdur.
Loqotip işinə dövlətimizin ciddi yanaşması sevindiricidir. Bundan qabaq Konstitusiya Məhkəməsinin emblemində Femidanı gözü açıq çəkmişik. Qədim yunanlar ədalət məhkəməsi ilahəsini gözü bağlı çəkirdilər, guya bununla onun hər kəsə eyni münasibəti açıqlanırdı. Heç kor hakim olarmı? Bəs o hakim yuxarıdan gələn sifarişi telefonda necə cavablandırsın? Pulu saymadan alsın? Belə ədalətə salam da verməzlər. Salam demişkən, konstitusiya Femidamızın əllərində də klassik əcdadından fərqli olaraq tərəzi və qılınc yox, təsbeh və mobil telefon şəkli vardır. Telefonu izah elədim, təsbeh də cinayətkar ünsürləri sındırmaq mənasını daşıyır.
Təhsil Nazirliyimizin loqotipi müəllimə verilən 50 manat... Zarafat edirəm, təhsilimizin simvolu “Nazpəri” şokoladının qutusudur. Daha doğrusu, bir sürü açıq kitab şəkliydi, kitabın hərəsi də bir dərəyə baxırdı, sanki məktəbin kitabxanasına dəcəl, şuluq uşaqlar girmişdi. O loqonun axırı necə oldu, bunu də təzələdilərmi, xəbərim yoxdur. Təklif edirəm Əfruz müəllimə 25 min vəsait ayrılsın, onun müraciət forması “ADƏ” də milli məktəbimizin rəmzi olsun. Yaşıl ellipsin içində yox, qara kvadratda “ADƏ” yazmaq olar. Burada kvadrat həm Maleviçə göndərmədir (“qoy desinlər Qasıməlinin çustu var, kim nə bilir altı yoxdur üstü var”), həm seçki qutusudur, həm də yazı taxtasının obrazıdır.
Hüquq-mühafizə qurumları üçün “ALƏ” qəşəng loqo olar, izah eləməyimə bilmirəm ehtiyac varmı, yoxdursa keçək o biri abzasa.
Lakin mən Gənclər və İdman Nazirliyimizin yeni loqosundan narazıyam. Bunu burda açıq yazmaqdan çəkinmirəm. Ölkəmizdə söz azadlığı vardır. Baxın, təkrar yazıram: mən GİN-in yeni loqosunu bəyənmirəm. On dəqiqədir bunu yazmışam, oturub gözləyirəm, hələ də gəlib tutub aparan yoxdur. Sonra azadlığımıza mız qoyurlar.
Narazılığımın səbəbi isə budur ki, təzə loqo idarənin adının ikinci hissəsini – idmanı əhatə eləsə də, “gənclər” hissəsi sanki qıraqda qalır. Bütün gənclərimiz idmançı deyil axı. Yüz minlərlə gəncimizin heç xarici pasportu yoxdur, qıraqda bunun “Aze” hissəsini kiməsə göstərsin. Təzə loqo gənclərin işsiz-gücsüz, kasıb, yetim, ac-yalavac qisimlərini də əhatə etməlidir. İki-üç nəfər olsalar da, belələri vardır.
11 Noyabr 2024
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ