İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gənclər ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar, çünki... "  

 

"Əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəssüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır".

Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır:

"Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu, heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüflər olsun ki, məktəbi bitirən gənclərə bu, düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu, onların uğurlu gələcəyi üçün çox vacibdir.

Ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrində hazırlanan ixtisaslı kadrlar azlıq təşkil edirdi. Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac olur. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar gəclərin peşə təhsilinə marağını artıracaq".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda peşə təhsilinin köklü problemləri olduğunu və onun həlli istiqamətində bir sıra işlər görüldüyünü deyib. E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir.

“Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü və yaxşı idi, bəs niyə bərpası mümkün deyil?! Peşə təhsilinin strukturunun müəyyənləşməsi lazımdır”,-deyə nazir qeyd edib.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR