İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlirimizin nə qədərini inflyasiya “yeyir”

Ekspert: “Hazırda inflyasiyanı artıran əsas amil inhisarçılıqdır”

Azərbaycanda əhalinin gəlirlərinin mühüm bir hissəsi inflyasiyanın yeminə çevrilir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 70 milyard 223,5 milyon manat və ya hər nəfərə orta hesabla 6917,1 manat təşkil edib. Bütün xərclər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan gəlirləri 62 milyard 332,4 milyon manat olub.

Əhalinin mühüm gəlir mənbələrindən biri olan əmək haqqı məbləğində 10 ayda 11,3 faiz artım qeydə alınıb. Rəsmi statistika göstərir ki, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3491,7 manat, qeyri neft-qaz sektorunda 872,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 886,8 manat, özəl müəssisələrdə isə 958,5 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub. On ayda ölkədə ən yüksək orta əmək haqqı 3 980,9  manat olmaqla mədənçıxarma sənayesinin özəl bölməsində, ən aşağı əmək haqqı isə 455,7  manat olmaqla dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsinin qeyri-dövlət bölməsində qeydə alınıb.

Ölkə əhalisinin gəlirlərində xüsusi payı olan xaricdən pul göndərişlərində ciddi azalma var. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 76.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manat təşkil edib.

Bu isə ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcminin 58 faiz və ya 2 milyard 847.9 milyon manat, banklardan xaricə köçürmələrin isə 38.5 faoz və ya 323.7 milyon manat azalması deməkdir. Xatırladaq ki, ötən ilin ilk 10 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 4 milyard 924.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 840.6 milyon manat təşkil edib.

Mərkəzi Bankın son faiz qərarına dair açıqlamasında qeyd olunduğuna görə, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından - yəni noyabrın 1-dən bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6 faiz təşkil edib. Bu isə o deməkdir ki, artıq 3-cü aydır illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövr üçün qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2 faiz azalıb.

 AMB-dəy bildirirlər ki, illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: “Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3 faiz, o cümlədən enerji qiymətləri üzrə 23.9 faiz, qeyri-enerji qiymətləri üzrə 4.6 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7 faiz azalıb”. 

Maraqlıdır ki, dünya bazarında baş verən ucuzlaşma Azərbaycana idxal olunan məhsulların qiymətində əksini tapmayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin oktyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,1 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,0 faiz artıb. 

İdxal məhsulları ucuzlaşmasa da, ixrac məhsullarımızda bu, baş verib. Belə ki, 2023-cü ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz artıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 28,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz azalıb. 

İxrac olunan qeyri-neft-qaz məhsullarının qiymət indeksi isə 2023-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8,6 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artıb.

Rəsmi statistikaya görə, qlobal bazarlardakı ucuzlaşmanın ölkənin daxili bazarına hələ də ciddi təsiri qeydə alınmayıb. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,6 faiz artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz azalıb, əvvəlki ilin noyabr ayına nisbətən 2,6 faiz yüskək olub. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz ucuzlaşıb, əvvəlki ilin noyabr ayına nisbətən 1,5 faiz baha olub.

Noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin noyabr ayına nisbətən 3,1 faiz artıb. 

2023-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb, əvvəlki ilin noyabr ayına nisbətən 4 faiz artıb.

Mərkəzi Bankın məlumatına görə, valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5 faiz möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb. Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalıb (noyabrda illik 2.5 faiz azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1 faiz artım) aşağı düşüb. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir: “Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərmişdir”.

Mərkəzi Bankda hesab edirlər ki, ortamüddətli dövrdə inflyasiyanın xarici amilləri arasında artırıcı və azaldıcı amillər mövcuddur. O cümlədən müxtəlif regionlarda davam edən geosiyasi gərginlik dünya bazarında qiymətlərin yenidən artmasına səbəb ola bilər: “Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayıblar. Bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya templərinə artırıcı təsir göstərə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar iqlim dəyişiklikləri və aşağı məhsuldarlığın ortamüddətli dövrdə ərzaq qiymətlərinə artırıcı təsirlərini risk olaraq qeyd edirlər. Qlobal iqtisadi aktivliyin gözlənildiyindən daha aşağı olması və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər. Növbəti illərdə ticarət tərəfdaşlarında milli valyutaların ucuzlaşmasının davam etməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə idxal inflyasiyasını azalda bilər”.

İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk kimi isə AMB pul kütləsinin izafi genişlənməsini qeyd edir. Qurumdan bildirildiyinə görə, cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

Pərviz Heydərov: “Birinci rüb islahatlar dövrü kimi yadda qaldı”

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, nominal gəlirlərin artması əhalinin alıcılıq qabiliyyətinin artması demək deyil: “Əhalinin alıcılıq qabiliyyətinin dəyişməsini real gəlirləri ilə qiymətləndirmək mümkündür. Ölkədə qeydə alınan 0,8 faizlik iqtisadi artımla real gəlirlərin artım səviyyəsi arasındakı kəskin fərq təbii iqtisadi qanunauyğunluqdan kənarlaşmadır. Amma nominal gəlirlərin artımı ilə bağlı göstəricini normal qəbul etmək olar. Ölkədə iqtisadi artımın 1 faizdən aşağı olması iqtisadiyyatda bərpa prosesinin başa çatmadığını göstərir və müəyyən mənada qəbulolunandır”. 

Ekspert bildirir ki, əhalini gəlirlərini artırmaq üçün arxasında iqtisadiyyatın artımı dayanmayan addımların atılması arzuolunmazdır: “Belə addımlar qısa müddətə effekt versə də, sonra iqtisadiyyat üçün daha ciddi problemlər yarada, inflyasiyanı sürətləndirə və ölkədə iqtisadi kollapsa səbəb ola bilər. Yəni gəlirlərin artımı mütləq və mütləq iqtisadiyyatın ümumi inkişafı ilə müşayiət olunmalıdır, gəlir artımının arxasında real iqtisadi artım dayanmalıdır. Düşünürəm ki, hazırda Azərbaycanda əsas diqqət əhalinin ən varlı və ən  kasıb qrupları arasındakı məsafəni qısaltmağa yönəldilməlidir. Yəni 280 manat pensiya alanla 3-5 min manat alan, 340 manat maaş alanla 8-10-15 min alan arasındakı bu kəskin fərq azaldılmalıdır. Belə kəskin fərqin olduğu şəraitdə nominal gəlirlərin artımı ilə əhalinin həyat səviyyəsində artım olduğunu demək qeyri-mümkündür”.

P.Heydərovun sözlərinə görə, inflyasiyanı azaltmaq üçün ilk olaraq inhisarçılığın yaratdığı qiymət artımının qarşısı alınmalıdır: “Bu gün Azərbaycanda inflyasiya artımında əsas pay inhisarçı subyektlərin öz maraqları naminə atdıqları addımlardadır. Onların qanunsuz fəaliyyətlərinin qarşısı alınarsa, inflyasiya indikindən xeyli aşağı olar, mən deyərdim ki, hökumətin hədəf göstəricisi daxilində hərəkət edər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR