İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərli İran həbsxanasında özünə qəsd edə bilər

Çingiz Qənizadə: “Fəridin azadlığa çıxması baş prokurorun xüsusi nəzarətindədir, yaxınlarda...”

İranda casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin səhhətində problemlərin yarandığı bildirilir. Səfərlinin anası Dilarə Əsgərova “Amerikanın Səsi”nə bildirib ki, oğlu ilə hər gün danışır:

“Son vaxtlar çox gərgindir. Fərid xaraktercə sakit təbiətli insandır. İndi o qədər aqressivdir ki, xırda bir problemə qeyri-adekvat reaksiya verir. Hətta son vaxtlar Azərbaycanın konsulluq işçiləri ilə, öz vəkili ilə dəfələrlə konfliktlər yaşayıb. Onlar da bunun fərqindədirlər. Mənimlə danışanda bildirirlər”, - o qeyd edib.

Ananın sözlərinə görə, həbsxanada da bunun fərqində olublar, Fəridi həkim müayinəsindən keçiriblər: “Həkim dərman yazıb və dərmanı içməsinin vacib olduğunu bildirib. Fərid dərmanları içməyib. Həbsxana rəhbərliyi Fəridlə görüşüb dərmanları içməsinin vacib olduğunu deyib. Deyib ki, dərmanları içməsə, məcburi qaydada içirəcəklər. Fərid isə cavab verib ki, dərmanları məcburi içirtsələr özünə qəsd edəcək. Bundan sonra ondan əl çəkiblər. Mən soruşdum ki, niyə dərmanları içmirsən? Dərmanı iç, sakitləş. Dedi ki, onlar məni günahsız yerə saxlayıblar, onların dərmanını da içmək istəmirəm. Fərid artıq iki aydır normal yatmır. Bunun ciddi fəsadları ola bilər. Telefonda bir qədər gec cavab verən kimi səsinin tonunu ucaldır. Tanıya bilmirəm. Bu, o sakit təbiətli Fərid deyil. Psixoloji durumu çox pisdir. Qorxuram ki, özünə xəsarət yetirər. Çünki durumu ilə barışa bilmir”.

D.Əsgərova oğlunun psixoloji durumunda problemlərin yaranmasını onun ümidlərinin azalması ilə izah edib: “Fərid əvvəllər düşünürdü ki, onun azad edilməsi ilə bağlı çalışırlar. O deyirdi ki, Azərbaycan hökuməti onu azad edəcək. Bu barədə danışıqlar gedir. Ümid edirdi ki, bu ilin yanvarınadək azadlığa çıxacaq. Amma vaxt uzandıqca sanki ümidləri azalır”.

Ana Azərbaycanın baş prokuroru ilə İranın baş prokuroru arasındakı danışıqlar zamanı Fərid Səfərlinin məsələsinə toxunulduğuna işarə edərək bildirib ki, bu danışıqların nəticəsi olmadıqca Fəridin azad ediləcəyinə ümidləri azalır. Fəridə qarşı irəli sürülmüş “casusluq” ittihamı sonra “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib. Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı  şikayəti təmin etməyib.

Çingiz Qənizadə: Vətəndaşların sosial rihafının qorunması Prezident İlham  Əliyevin diqqətindədir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Fəridin həbsi bütün Azərbaycan ictimaiyyətinin, o cümlədən ölkə rəhbərliyinin diqqətindədir. İran və Azərbaycan arasında bu məsələlərlə bağlı danışıqlar aparılır: “Ölkənin baş prokuroru Kamran Əliyevin iranlı həmkarı ilə  sentyabrın 14-də Bakıdakı görüşü zamanı Fərid Səfərli ilə bağlı cinayət işi haqqında ciddi müzakirələr aparıldı. Bu artıq o deməkdir ki, Azərbaycan hökuməti bu işi xüsusi nəzarətdə saxlayır. Tam məsuliyyətimlə deyə bilərəm ki, bu, Prezidentin də nəzarətindədir. Fəridlə bağlı cəzanın azaldılmaması, yaxud da digər yüngəlləşdirici qərarın qəbul edilməməsi o demək deyil ki, Fərid Azərbaycana təhvil verilməyəcək. İranla Azərbaycan arasında məhkumların ekstradisiyası ilə bağlı müəyyən qanun mövcuddur. İrandan gəlib Azərbaycanda cinayət törədən çox sayda məhkumları qonşu ölkəyə təhvil veririk. Hökm artıq qanun qüvvəyə mindikdən sonra Azərbaycan tərəfi Fəridin qaytarılması ilə bağlı ailə üzvlərinin müraciətini İran tərəfinə təqdim edəcək. Fərid də ailə üzvlərinin bu xahişi ilə razı olduğunu bildirdikdə İran tərəfi Fəridin Azərbaycana verilməsinə qərar verəcək. Çünki dövlətlərarası belə bir razılaşma, müqavilə var. Müqavilə şərtlərinə əməl etmək həm İranın, həm də Azərbaycanın öhdəliyidir. Ona görə  nə Fərid, nə də anası ruhdan düşməsin. Yenə məsələyə qayıdıram, Azərbaycanın baş prokurorunun şəxsi nəzarətində olan məsələ, deməli, Azərbaycan Prezidentinin nəzarətindədir. Ümid edirəm, Fərid yaxın aylarda Azərbaycana təhvil veriləcək”.

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları da sözügedən mövzu ilə bağlı prosesləri yaxından izləyir: “O ki qaldı həbsxananın darıxdırıcı olmasına, bu da başadüşüləndir. Yüz minlərlə insan məhkum həyatı yaşayır. Onların hər biri darıxdırıcı həyat tərzi keçirir. Fəridə verilən cəza çox ağır deyil. Daha çox cəza almasına səbəb olacaq maddələr üzərindən götürülüb. Casusluq ittihamı verilsəydi, Fəridin  cəzası daha çox olacaqdı. Amma casusluğa cəhd kimi yamaqçı bir ittiham verməklə, İran özünü sığortaladı. Aparılan danışıqlar və Azərbaycan tərəfin məsələni dövlət səviyyəsinə qaldırması onları daha çirkin niyyətlərindən yayınmağa məcbur etdi. Dilarə xanımın Fəridin  buraxılmaması təqdirdə beynəlxalq məhkəmələrə müraciəti məsələsinə gəldikdə isə əvvəlcə o bilməlidir ki, həmin məhkəmələrdə işə baxılma müddəti illərlə çəkir. Güman edirəm ki, Fərid İranın ali rəhbərliyi tərəfindən əfv olunacaq. Bayaq da dediyim kimi, İran vətəndaşları burada cinayət törətsə də, dəfələrlə onların öz ölkəsinə qaytarılmasının şahidi olmuşuq. Fərid Azərbaycan vətəndaşıdır. O, hökm qüvvəyə mindiyi üçün Azərbaycanda cəzasını çəkmək istədiyi ilə bağlı müraciət edə bilər. Azərbaycana təhvil verildikdən bir müddət sonra isə azadlığa buraxılma ehtimalı var. Bu səbəbdən Dilarə xanım bir az da səbirli olmalıdır. Biz hüquq müdafiəçiləri Fəridin yaxın bir neçə ayda azadlıqda olacağından ümidliyik”.

Dilarə Əsgərova: Fəridin azad olunacağına böyük ümidim var

Dilarə Əsgərova 

Fərid Səfərlinin anası Dilarə Əsgərova ilə əlaqə saxlayıb, oğlunun son vəziyyəti ilə maraqlandıq. O, “Yeni Müsavat”a dedi ki, oğlunun vəziyyəti yaxşı deyil: “Artıq azad olunacağına ümidi yoxdur. Gözləyirdi ki, məhkəmə bəraət verəcək, bəraət verilmədi. Sonra apelyasiyada bəraət alacağına ümid etdi, orada da olmadı. Sonra baş prokurorların danışığından sonra bəlkə əfvə düşər deyə ümid etdi. Fikirləşirdi Yeni ilə kimi əfvə düşəcək, bunların heç biri olmadı deyə, yenə ümidsizliyə qapılıb. Dərmanlardan imtina edib, indi hətta mən də onunla ehtiyatla danışıram. Xırda  problemdən böyük bir hadisə çıxarır. İstərdim ki, Xarici İşlər Nazirliyi bu işi daha da sürətləndirsin. Uşaq günahı olmadan doqquz aydır qalıb orada...”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR