İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Ələkbərli: “Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”

Milli Məclisin iclasında deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə İcma üzvlərinin keçirdiyi görüşdən, səsləndirilən fikirlərdən bəhs etdi. O, bildirdi ki, 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi: “Biz, Qərbi Azərbaycan İcması olaraq, İcmamıza verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə möhtərəm Prezidentimizə bir daha dərin təşəkkürümüzü bildiririk. Hörmətli xanım sədr, bu ümummili məsələyə göstərdiyiniz diqqətə görə Sizə də öz dərin təşəkkürümüzü bildiririk”.

Ə.Ələkbərli icmanın qarşısında duran əsas hədəfləri danışaraq qeyd etdi ki, yaxın gələcəkdə Zəngəzura, Göyçəyə və İrəvana qayıdacağıq: “Çoxsaylı çıxış, məqalə və müsahibələri ilə verdikləri dəstəyə görə dəyərli millət vəkillərimizə, media nümayəndələrimizə də sonsuz təşəkkürümüzü bildiririk. Məlumat üçün bildirim ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında bu il avqustun 3-də yaradılıb. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplanmışdır. İcmanın sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri, Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini, Nəzarət-Təftiş Komissiyasının sədr müavini millət vəkilləridir”.

Deputat bildirdi ki, Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir: “Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır. Sabah Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu münasibətlə hər kəsi Qərbi Azərbaycan İcması adından təbrik edirəm. İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR