Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istənilən şəxs ona məxsus, mülkiyyətində olan daşınan və daşınmaz əmlakın idarə olunması ilə bağlı etibarnamə verə bilər.
Burada heç bir məhdudiyyət yoxdur. Ancaq daşınan və ya daşınmaz əmlakın etibar edildiyi şəxs güvənli olmalıdır ki, sabah həmin mülkiyyətçinin maraqlarına əks hərəkət etməsin. Satmaq, girova qoymaq və digər əməliyyatlar xüsusi riskli təbəqəyə aid olur. Həmçinin qeyd olunur ki, etibarnamə ilə daşınmaz əmlakı satan şəxs elektron portalda etibarnaməni ləğv edə bilər.
Belə olan halda necə edək ki, etibarnamə ilə alış-veriş etdikdə uduzmayaq və riskləri miniumuma endirək.
Əmlak üzrə ekspert Anar Nəsirov deyir ki, etibarnamə alqı-satqı sənədi deyil. Onun sözlərinə görə, etibarnamə müvəqqətidir, bir şəxsə 1-2 ay etibar edib, sonra onu ləğv etmək mümkündür.
Anar Nəsirov
“Etibarnamə əsasında çıxarışı, sənədi olmayan yerlərdən mülk almaq çox risklidir. Vətəndaş fikirləşməlidir ki, belə mülki öz adına necə keçirəcək, necə özəlləşdirəcək”, - ekspert deyir.
A.Nəsirovun dediyinə görə, bələdiyyə sənədi olan torpağı və ya həyət evini almaq üçün çıxarış lazımdır: “Onu əldə etmək isə isə çox böyük əziyyətlə başa gəlir. Təsəvvür edin ki, şəxs min bir əziyyətlə çıxarışı aldı, əgər etibarnaməni verən şəxsin banka borcu varsa, çıxarış çıxan dəqiqə bank həmin əmlaka həbs qoyacaq. Bunun özü də riskdir”.
“İkinci bir risk isə odur ki, etibarnaməni verən adam dünyasını dəyişə və ya onu ləğv edə bilər. Bu kimi hallar mövcuddur və yaşanır. Bir sözlə, etibarnamə ilə əmlak almaq qeyri-qanunidir və etibarnamə vətəndaşa həmin əmlakın sahibi kimi çıxış etmək səlahiyyəti vermir. Çox təhlükəlidir”, - mütəxəssis bildirir.
A.Nəsirov deyir ki, yeni qaydalara görə, notariuslar daha razılıq ərizəsi vermir və bu, birtərəfli qaydada ləğv edilib. Belə olan halda alıcı tərəf uduzur. Etibarnamə ilə alınan evi alıcı öz adına rəsmiləşdirə və ya sənədləşdirə bilməz. Məcburdur ki, qarşı tərəfin, yəni müqaviləsi olan adamın adından çıxış etsin".
Qeyd edək ki, əsas risklərdən biri saxta etibarnamələrin istifadəsi və ya etibarnamə sahibinin səlahiyyətlərindən sui-istifadə etməsidir. Həmçinin etibarnamənin müddətinin bitməsi və ya etibarnamə verənin razılığını geri çəkməsi hüquqi mübahisələrə səbəb ola bilər. Buna görə də bu prosesdə diqqətli olmaq və hüquqi məsləhət almaq vacibdir.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ