İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd kişinin əhvalatı - Zamin Hacı YAZIR...

 

Sovet vaxtı Qarabağın kəndlərindən birində Əsəd adlı kolxoz sədri varmış. Adam kənd camaatı arasında böyük hörmət qazanıbmış, ədalətli qərarları, sözün əsl anlamında ağsaqqallığı, zəhmətkeşliyi ilə seçilirmiş. Bir gün Əsəd gəlir rayon partiya komitəsinin 1-ci katibinin (o vaxtın icra hakimi) qəbuluna, deyir ərizə yazmışam, xahiş edirəm məni sədrlikdən azad edəsiniz. Raykom çox təəccüblənir, çünki Əsədin necə yaxşı çalışması, xüsusilə kənddə hörmət yiyəsi olmağını bilirmiş. Ona görə bu fikirdən vaz keçməyini istəyir. Lakin Əsəd təkid edir, deyir xeyri yoxdur, mən daha sədr ola bilmərəm, vəzifəni tərk  etməyə məcburam. Raykom zor-xoş razılaşır, ancaq deyir ki, heç olmazsa bu istefanın səbəbini mənə söylə.

Əsəd deyir: “Bilirsən ki, mən o kənddə uzun illərdir sədrəm. Arada müharibənin ağır dövrünü də yola vermişik. Və bu kəndin camaatı mənə həmişə hörmət-izzətlə “Əsəd dayı”, “Əsəd əmi” kimi müraciət edib. Ancaq dünən kəndin içində gedəndə qarşıma bir cavan uşaq çıxdı, dedi ki, Əsəd kişi, necəsən. Mən anladım ki, əgər bunlar artıq “Əsəd kişi” deməyə başlayıbsa, üzüsulu getsəm yaxşıdır. Çünki bu müraciətin dalıyca “gədə” və sairə demək gəlir”.

Bu əhvalatı çoxdan bir yazımda qələmə almışdım, ancaq Suriya prezidenti Bəşər Əsəd devrilib yoxa çıxanda başa düşdüm ki, əsl məqamı indi imiş.

50 il zarafat veyil ki... Niyə üzüsulu getmək varkən, vəziyyəti bu hala gətirdilər? Rusiyanın, İranın, cürbəcür quldur dəstələrinin yardımı ilə haçana qədər vəzifədə qalmaq olardı? Müdriklərdən kiminsə dediyi növbəti dəfə isbata yetdi: “Süngü ilə hakimiyyətə gəlmək olar, lakin süngü üzərində uzun zaman hakimiyyətdə oturmaq olmaz”. Hərçənd, yuxarıda yazdığım müddət az da deyil.

Ara yerdə Suriya bədbəxt oldu. Bəzi hesablamalara görə hazırda 10 milyona yaxın suriyalı dünya üzünə səpələnib, qaçqın həyatı yaşayır.

İşin ironik cəhəti odur ki, Suriya dövlət quruluşu etibarilə respublika sayılır. Guya burda hər şey “xalq üçündür”. Əcəb respublikadır. Bu necə respublika idi ki, heç seçki-zad kiminsə yadına düşmürdü? Suriya Respublikası lap bizdə keçmişdəki “Xalq üçün mallar” dövlət konsernini xatırladırdı.  Bunu yada salmağımda da səbəb var. Keçən həftə onun rəhbərlərindən birini maşın vurub öldürmüşdü. Tragikomediya o idi ki, Sovet İttifaqında belə idarələr vardı, xalq üçünsə mal-zad yox idi.

Başqa bir ironiya Bəşər Əsədin ixtisasca cərrah-oftalmoloq olmasıydı. Adam heç özünün gözünü aça bilmədi, özgələrinə nə çarə edəcəkdi? Nəinki uzaqgörən, heç yaxıngörən də olmadı.

Bəzən deyirlər ki, hər halda terrorçu qruplardan, dini radikallardansa diktator vəzifədə qalsa yaxşı idi. Ancaq bütün vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, QHT-lər, KİV məhv edilirsə, ortaya cürbəcür cin-şəyatinin çıxması, qulyabanıların parlaması qanunauyğun prosesdir. Zülm nə qədər uzun çəkirsə, onun altından çıxmaq, nəticələrini aradan qaldırmaq da o qədər ağır, zülümlü, uzun proses olur. Bəzən heç olmur. İranın şahı yıxmağından gör neçə on illər keçir...

Adı bizim qədim XTPD-ni (OMON) xatırladan XTŞ-nin (Xayat Tahrir əs Şam qruplaşması) Suriyada hakimiyyəti ələ keçirməsinə dünyanın, özəlliklə Qərbin münasibəti də başqa tragikomediya, bəlkə karikaturadır. XTŞ lideri Məhəmməd əl Culanini “terrorçu” adlandırırlar, başına pul qoyurlar, indi isə deyirlər ki, bəs, sən demə bu qardaş “konstruktiv terrorçu” imiş. Hələbdə küknar bəzəyən xristianlara, yalan olmasın, qoza verirmiş. Vah-vah... Hələ bu Culani nə üçün terrorçu yarlıkı alıb, onu da düz-əməlli bilən, izah edən yoxdur. Dünya belə idarə edilir: kim güclüdürsə, “Dədə Qorqud” funksiyası onun əlində olur. Məsələn, Ukraynanın altını-üstünə çevirənin xarici işlər nazirini Maltaya dəvət edirsən, fağır Culani isə qara siyahıya salınır. Halbuki, Gerasimov istəsə Culani-ni bulağa susuz aparıb, susuz gətirər.

Eybi yoxdur, müvəqqəti çətinlikdir. Bir azdan Culani də, inşallah, BMT konfranslarına qatılacaq. Yenə aforizmə üz tutsaq, “uğurla bitməyən çevrilişə qiyam, uğurla bitəninə isə inqilab deyirlər”.

Əsəd dayıya da Allah rəhmət eləsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR