Onlayn ictimai-siyasi qəzet
“Hazırda Snup Doqun konsertinin təşkilatçılarından cavab gözləyirik. Bu mənada bizim hərəkətlərimiz başa düşüləndir: müqavilənin müddəalarına əsaslanaraq pulu qaytarmağı planlaşdırırıq”.
Musavat.com xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Yerli medianın yazdığına görə, amerikalı reperdən pul tələb edən orqanın məhz Təhsil nazirliyi olması hər kəsdə təəccüb doğurub.
“Müqavilə bütün müddəaları tənzimləyir və hesab edirəm ki, bu, sırf hüquqi məsələdir. Bir şey aydındır - konsert baş tutmadı. Bilirsiniz ki, 2023-cü ilin sentyabrında baş verən məlum hadisələrə görə konsert baş tutmadı. Bu, qəsdən edilən bir şey deyildi, amma yaranan şərait ona gətirib çıxardı ki, ayın 24-də konsert təşkil etmək mümkün olmadı, təşkilatçıların səyi nəticə vermədi. Ona görə də pul qaytarılmalıdır”, - deyə Andreasyan əmin edib.
Qeyd edək ki, Snup Doqun konserti 2023-cü ilin sentyabrında İrəvanda baş tutmalı idi.
Ermənistanın Təhsil və Elm Nazirliyi konsertin təşkili üçün qrant olaraq 6 milyon dollar ayırıb və həmin pullar reperin hesabına köçürülüb.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ