İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Türkiyəyə ilginc jest - “Qəminizə şərikik...”

Azərbaycan-Ermənistan münasibətlərində bu cür mövqe nə vaxt ola bilər?

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, əlaqələrin qurulması prosesində Ermənistanı təmsil edən Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib. Ermənistan parlamentinin vitse-spikeri R.Rubinyan özünün tvitter səhifəsində bunları yazıb: “Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edən və türk dilini yaxşı bilən xüsusi nümayəndə tvitter səhifəsindəki başsağlığı mesajını Türkiyənin xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb.

Keçən həftə isə Kılıç İrəvandakı “Sürməli” Ticarət Mərkəzindəki yanğın və insan tələfatı ilə bağlı oxşar məzmunlu başsağlığı vermişdi. Bəs bu jestlərin davamı gələcəkmi? Azərbaycan-Ermənistan münasibətlərində bu cür mövqe nə vaxt ola bilər? Yalnız sülh razılaşması imzaladıqdan sonramı mümkündür?

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ilk addım əslində Türkiyə tərəfindən atılıb. Üstündən az vaxt keçdikdən sonra Türkiyədə məlum avtomobil qəzası baş verdi və Ermənistan rəsmisindən başsağlığı yazıldı. Bu humanist jestə qarşı tərəfin cavabıdır: “Türkiyə və Ermənistan arasında əslində bu kimi münasibətlərin formalaşdırılması həm Türkiyənin, həm də Azərbaycanın regionda sülhün, sabitliyin təmini niyyətində olmasından xəbər verir. Əslində bu cür addımlarla Türkiyə həm özünün, həm də özünün ən yaxın müttəfiqi olan Azərbaycanın Cənubi Qafqazda niyyətlərini bəlli edir, mövqeyini, istəyini ortaya qoymuş olur. Amma təbii ki, bu kimi jestlərə Ermənistan tərəfinin cavab verməsi sadəcə fikir və bəyanatlarla məhdudlaşmamalıdır. Çünki əslində regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün sadəcə hansısa faciələr, təbii fəlakətlər zamanı başsağlıqlarının verilməsi, yaxud bayramlar zamanı təbrik məktublarının göndərilməsi ilə həllini tapa bilməz. Amma şübhəsiz ki, bunun özü müsbət jestlərdir. Türkiyənin jestinə cavab olaraq Ermənistanın müsbət istiqamətdə addımları genişləndirilməlidir. Təkcə başsağlığı yazmaqla ciddi irəliləyişə nail olmaq mümkün deyil.

Ermənistan uzun illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzkar siyasət həyata keçirməklə, Türkiyəyə də qarşı ərazi iddiaları irəli sürməklə bu günə qədər körpüləri o dərəcədə yandırıb ki, onu bərpa etmək üçün çox addımlar atılmalıdır. Təkcə dediyimiz kimi, başsağlığı və təbrik jestləri kifayət etməz. 10 illərə dayanan düşmənçilik siyasətinə Ermənistan son qoymağı bacarmalı, Türkiyəyə qarşı ərazi və soyqırımı iddialarına son qoymalı, Azərbaycana qarşı işğalçılıq siyasətindən imtina etməli, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımalı, Azərbaycan ərazisində mövcud olan silahlı birləşmələrini çıxarmalı, erməni separatçı rejiminə dəstəkdən əl çəkməlidir. Ermənistan özündə güc tapıb bütün bunları edəcəyi halda həm Türkiyə, həm də Azərbaycanla münasibətləri qurulacaq. Belə olanda Azərbaycan da Ermənistana hansısa faciə ilə bağlı başsağlığı verəcək, bayramlarda təbrik ünvanlayacaq. Lakin Ermənistan dediyimiz addımları atmayınca bizimlə onların arasında belə münüasibətlərin qurulması mümkün olmayacaq".

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına o qədər də bəsit baxmalı, ermənilərin hansısa xırda reveranslarına sevinməli deyilik. Erməni toplumu bizlərə qarşı çox cinayətlər törədiblər, onları bu cür asanlıqla bağışlamalı deyilik: “İndi bir az ağıllanıblar, Türkiyə və Azərbaycandan asılı olduqlarını başa düşür, münasibətləri düzəltməyə çalışırlar. Ağılları olsa, başqalarının fitnəsinə uymasalar davamlı şəkildə münasibətləri yumşaltmağa çalışarlar. Bunun üçün isə mənasız və əsassız iddialarından əl çəkməlidirlər. Bizim üçün onların hansısa başsağlığı deyil, sərsəm ideyalarından əl çəkmələri vacibdir. Ən vacibi isə odur ki, hərəkətlərində səmimi olmalıdırlar. Yüz il bundan əvvəl də özlərini bizə dost kimi göstərdilər, sonra arxadan zərbə vurdular, xəyanət etdilər. Məsələnin bu tərəfini yaddan çıxarmamalıyıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR