İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan ikinci köç başlayıb - ermənilər Qarabağa qayıdacaqmı...

Mütəxəssislərin proqnozlarına görə, zaman keçdikcə ermənilər hissə-hissə geri qayıdacaq, lakin Paşinyan 3 mindən çox Qarabağ ermənisinin xaricə getdiyini açıqlayıb - Ekspertlərin şərhi

“Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi üzərində öz suverenliyini tam təmin edib. Bunu zəruri edən bir çox şərtlər artıq yetişmişdi. Qarşı tərəf, yəni Ermənistan burada özü üçün müəyyən ”şərtlər" qoymuşdu. Bundan da irəli gələrək Ermənistan proseslərlə bağlı güzəştli həlli qəbul etmirdi.

Erməni əhalisinin maraqlarını nəzərə alan təkliflərdən belə Ermənistan hakimiyyəti imtina edirdi". “Yeni Müsavat” xəbər verir ki, bunu teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, Azərbaycan Ermənistandan ərazimizdə saxladığı silahlıları çıxartmağı tələb edirdi, çünki belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar olmayacaqdı: “Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz önündədir”. Politoloq hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa olduğunu anladılar: “Bunun ardınca Ermənistandan Qarabağda yaşayan ermənilərə əmr verildi ki, ərazini tərk edin. Əslində bu amil erməni tərəfinin mədəni siyasətin nə olduğunu anlamadığını göstərən faktdır”.

Zərdüşt Əlizadə: “Ermənilərə indiki halda xətər yetirməyimiz Vətənə  xəyanətdir” | KONKRET

Zərdüşt Əlizadə

Z.Əlizadə Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini söyləyib. “Bu gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi həmişə Azərbaycanın olub. Sadəcə, Xankəndiyə qarşı erməni iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş ermənilərin buradakı əmlakı qorunur. Zaman getdikcə ermənilər hissə-hissə geri qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar çox olacaq”, - deyə o ehtimal edib. Konfliktoloq Elxan Mehdiyevin isə fikrincə, Qarabağın erməni əhalisinin geri qayıtması üçün təşəbbüslər etməliyik: “Onların könüllü şəkildə geri qayıtması indiki zamanda ancaq Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan artıq Qarabağda tam nəzarətini bərpa etmişdir və mülki strukturlar qurulur. Geri dönən erməni əhalisi artıq Azərbaycana gələcək və Azərbaycan vətəndaşlığını qəbul edəcək. Düşünürəm ki, biz erməni əhalisinin geri dönüb Qarabağdakı evlərində yerləşməsi üçün şərait yaratmalıyıq. Bu cür olarsa, o zaman Azərbaycan bütün beynəlxalq təzyiqlərdən, beynəlxalq məhkəmələrdən, mümkün sanksiyalardan azad olmuş olar. Bu durum Ermənistanla da normal münasibətlər yaradılmasına böyük kömək göstərər. Bizim artıq çəkinəcəyimiz bir hal yoxdur. Biz dövlətik və öz suverenliyimizi bərpa etmişik və erməni vətəndaşların gəlib təhlükəsiz yaşaması bizim dövlətmizi zəiflətməz, əksinə, gücləndirər və Azərbaycanın beynəlxalq nüfuzunu da artırar. Biz savaşlarda qalib gəlməklə erməni irqçi, nasist ideologiyasının hakim olduğu zehniyyəti məhv etmişik. İndi isə erməni vətəndaşlarına da şərait yaratmaqla güclü və xoşgörülü dövlət olduğumuzu nümayiş etdirməliyik”.

Bəs, belə bir qayıdış nə vaxt başlaya bilər - Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanandan, yaxud kommunikasiyaların hamısı açılandan sonra mümkündürmü? Ermənilər olub-keçənlərdən sonra azərbaycanlılarla birgə yaşayarmı? Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçən erməniləri Ermənistanı tərk etməməyə çağırıb: “Bu günə kimi Qarabağdan olan 3 mindən çox erməni Ermənistanı tərk edib. Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə hazırlaşır. Qarabağdan olan şəxslərin Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik. Bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir”. Erməni baş nazir hökumətin köçənlər üçün 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırlandığını da söyləyib. Bəs Ermənistandakı Qarabağ ermənilərinin hamısının tədricən başqa ölkələrə (Azərbaycan xaric) çıxıb getməsi mümkündürmü? Bu arada ləğv edilmiş saxta rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyan deyib ki, hər şeyi danışmağa hazırdır: “Bizim başqa vətənimiz, Ermənistan Respublikası var və bizim Ermənistanın taleyini təhlükəyə atmağa haqqımız yoxdur. Mən hamı ilə görüşməyə, məni nədə ittiham etdiyinizi və ya bizə hansı sualları verdiyinizi müzakirə etməyə hazıram”.

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər qayıda bilər. Onun sözlərinə görə, Qarabağda sovet dövründə yaşamış və onların ailə üzvləri geri dönərsə, qəbul ediləcəklər: “Amma başqa regionlardan, Yaxın Şərq ölkələrindən köçürülmüş ermənilər var. Onlar Qarabağ erməniləri sayılmır. Sadəcə, Avropa təşkilatlarının məqsədi heç də onların qayıdışı, humanitar məsələləri deyil axı. Bu təşkilatlar bizi qaralamaq üçün bəhanələr axtarırlar. Qarabağdan gedən ermənilərin çoxu müharibədən əvvəl və sonrakı dövrdə müxtəlif müharibə cinayətlərində iştirak etmiş şəxslərdir. Onlar heç vaxt geri qayıtmağa cəhd etməyəcəklər. Hazırda Avropadan yardımlar nəzərdə tutulub, bundan yararlanmağa çalışacaqlar. Sonra çoxu xarici ölkələrə köçəcək. Bəlkə əlacı olmayanlar qayıtmaq istəyə bilər, amma evlərini kimə satacaqlar, məsələ budur...”

Fuad Əliyev seçkilərdən DANIŞDI

 Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev də gözləmir ki, Qarabağ ermənilərinin əksəriyyəti qayıtsın. Onun fikrincə, bir çoxu fürsət bilib Avropada sığınacaq almağa çalışacaq: “Onların sayı da çox deyil. Ermənistanın şişirdiyi 120 min rəqəmi inandırıcı görünmür, uzaqbaşı 40-45 min erməni olsun, onun da yarısı Qərb ölkələrinə axın edə bilər, qalanlarını da Ermənistan hökuməti təmin edəcək. Məncə, reinteqrasiya məsələsi də bitdi. Amma bunu biz istəmədik, özlərinin seçimi idi. Azərbaycan bu gün də təklif edir ki, vətəndaşımız kimi yaşaya bilərlər. Sadəcə, nəzərə alın ki, gedənlərin çoxu Ermənistan vətəndaşıdır. Onlar qondarma rejimin əski parçası olan ”pasport"la yanaşı Ermənistan vətəndaşlığını daşıyırlar. Sizcə, hansı Xankəndi ermənisi Ermənistan pasportunu atıb Azərbaycan vətəndaşlığını qəbul etmək üçün geri qayıdar? Hələ bir çoxunun döyüşlərdə iştirak etməsi, Birinci müharibədə bizə qarşı vuruşması da istisna deyil. Bizə də xoşdur ki, Qarabağ ermənisiz olsun. Onlardan bizə qonşu, vətəndaş olmaz. Əlbəttə ki, vətəndaşlığı təklif edirik, amma xalq olaraq da onları arzu etmirik".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR