İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana son Zəngəzur xəbərdarlığı - Qarabağ mövzusunu bu əvəzləyəcək

“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”.

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan istəsə də, istəməsə də Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə, regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək. Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək”, - o bildirib.

Gerçəkdən də, Ermənistanın taleyi indi öz əlindədir. Ancaq Azərbaycanın əməkdaşlıq təklifi sonsuzadək masa üzərində qalmayacaq. Necə ki, Zəngəzur dəhlizinin İran (Güney) variantı da var və nazirin dediyi kimi, artıq onun inşasına başlanılıb. Lakin bu o demək deyil ki, 10 noyabr sənədinin 9-cu bəndinin Ermənistana aid hissəsi yerinə yetirilməmiş qala bilər. Elə olarsa, onda Azərbaycan da Laçın dəhlizini (yeni Laçın yolunu) bağlamalı olacaq.

Bu mənada sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a dediyi kimi, həqiqətən də bir azdan “Qarabağ mövzusu gündəmdən çıxacaq, onun yerinə Zəngəzur mövzusu gələcək”.

Bəs Zəngəzur dəhlizinin taleyi də yeni Laçın yolu kimi olmayacaq ki? Yəni Ermənistan öz hissəsinin inşasını da yubatsa, Bakının buna reaksiyası hansı şəkildə olacaq?

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

Əziz Əlibəyli: “Zəngəzur məsələsi üçüncü mərhələdə həllini tapmalıdır”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli dəfələrlə bu məsələni gündəmə gətirdiklərini qeyd etdi: “Zəngəzur məsələsi üçüncü mərhələdə həllini tapmalıdır. Burada isə belə başa düşülür ki, beynəlxalq nəzarət sistemi təmin olunmalıdır. Rusiya burada daha çox zəmanətçi ölkə kimi görülür. 10 noyabr bəyanatına istinad olunsa, o cür də olacaq. Biz də dəfələrlə bu məsələni gündəmə gətirmişik ki, əsas hədəf Zəngəzur məsələsidir. Qarabağ mövzusunu onsuz da Prezident Vətən müharibəsindən sonra gündəmdən çıxarıb. Sadəcə, xırda nüanslara görə bəlkə də medianın onu müzakirə etməsini haradasa başa düşmək olar. Erməni mətbuatına çox məlumatlar ötürülür. Burada Avropa İttifaqının maliyyələşdirmə məsələsi də gündəmdədir. Amma hesab edirəm ki, erməni tərəfin inşa mərhələsini yubatması maliyyə ilə əlaqədar deyil. Burada təhlükəsizlik məsələsi də gündəmdir. İran tərəfin burada mane olmağa cəhd edəcəyi gözləniləndir. Rusiyanın son günlərdə Ermənistan-İran sərhədi boyunca yeni nəzarət texnologiyası tətbiq etməsi İranın məlum ”Bizim qırmızı xətt" bəyanatına bir cavabdır".

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov: “Dəhlizlərlə bağlı disbalansın mövcudluğuna imkan vermək yolverilməzdir”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bildirdi ki, Laçın dəhlizi üzərində suverenlik Azərbaycanın yurisdiksiyasındadır: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizinin regional əməkdaşlıqdan kənarda qalmamaq üçün Ermənistana verilmiş növbəti şans olması ilə bağlı fikirlərinə qatılıram. Belə ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi mühitini əsaslı surətdə dəyişməklə yeni əməkdaşlıq imkanları üçün də əlverişli şərait yaradıb.

Belə formatda əməkdaşlıq regionda sabitlik və tərəqqi üçün olduqca vacib əhəmiyyət kəsb edir. Buna isə Cənubi Qafqazda ən çox ehtiyac duyan məhz Ermənistandır. Çünki Azərbaycan bu vaxta qədər Ermənistanla əməkdaşlıq olmadan da inkişaf göstəriciləri baxımından öz statusunu xeyli möhkəmləndirib, çoxsaylı transmilli layihələr həyata keçirib. Ermənistan isə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı təkliflərin Ermənistan üçün xilas yolu olduğu açıq-aydın ortadadır.

İkinci bir tərəfdən, qeyd etdiyiniz kimi, artıq Azərbaycan və İran arasında Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizi ilə bağlı memorandum imzalanıb və bu layihənin icrası onsuz da Azərbaycanın digər regionları ilə Naxçıvan arasında ən yüksək səviyyəli əlaqəni təmin edəcək. Belə ki, həmin dəhliz özündə çoxzolaqlı avtomobil şosesi, elektrik enerjisi ötürmə xətləri, rəqəmsal rabitə və başqa elementlərlə yanaşı, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmiryol əlaqəsini də ehtiva edir.

Başqa sözlə desək, İran üzərindən keçəcək dəhliz Naxçıvana açılacaq birbaşa quru yolu üçün Azərbaycanın alternativ variantlarının mövcud olduğunu nümayiş etdirir. Odur ki, Ermənistan hökumətinin layihədən kənar qalması onun yaxın gələcəkdə digər beynəlxalq əhəmiyyətli tranzit layihələrdən, məsələn, elə Şimal-Cənub dəhlizindən də kənarda qalmasına səbəb ola bilər. Dəhlizin tez bir zamanda açılması isə əksinə, Ermənistanın 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə, Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan daha çox maraqlı olmalıdır.

Digər tərəfdən, Ermənistan onu da anlamalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi, Azərbaycanın yurisdiksiyasındadır. İndi Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycanın da Laçın dəhlizini bağlamağa tam haqqı çatacaq. Çünki dəhlizlərlə bağlı belə disbalansın mövcudluğuna imkan vermək mümkün deyil. Bunu ölkə başçısı da öz çıxışlarında bir neçə dəfə səsləndirib. Xatırlayırsınızsa, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı Prezident bildirdi ki, Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır və ermənilərin Laçın yolu ilə maneəsiz gediş-gəlişi təmin olunduğu halda Zəngəzur dəhlizinin hələ də açılmaması ədalətli deyil və bununla razılaşmayacağıq. Qısası, əgər  Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini pozmağa davam edərsə, onda bu ölkənin, eləcə də Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə qalan ermənilərin Laçın dəhlizinə həsrət qalması şərt olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR