İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan-Rusiya gərginliyi sürətlə artır - gözlənilən nəticə

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Səfirin çağırılmasına səbəb Rusiyanın Birinci Kanalında yayımlanan verilişdə Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı səsləndirilən ifadələrdir.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, İrəvan hesab edir ki, oktyabrın 23-də yayımlanan verilişdə “yüksək rütbəli Ermənistan rəsmilərinə ünvanlanmış təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar” yer alıb: “Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb, görüş zamanı səfirə müvafiq etiraz notası verilib”.

Ermənistanın Rusiya səfirini çağırıb nota təqdim etməsi İrəvanın Rusiyaya meydan oxuması kimi qəbul edilə bilərmi Moskva tərəfindən? Və bu gedişat haraya aparır?

Azad MƏSİYEV

Azad Məsiyev: "Gec-tez Rusiya Ermənistanda "cərrahi əməliyyat" həyata keçirəcək"

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanı Ermənistanda hakimiyyətə gətirən qüvvələr onu məhz Ermənistanı Rusiyanın orbitindən kənarlaşdırmaq üçün iqtidara gətiriblər. Nikol Paşinyan da hakimiyyətə gələndən ona verilən təlimatı həyata keçirməyə başladı və prosesi gün daha sürətli və açıq şəkildə aparır. Paşinyan Soros Fondunun və ABŞ-ın Ermənistandakı diplomatik korpusunun dəstəyi ilə hakimiyyətə gətirilib. Birləşmiş ştatlar Paşinyanın qaşına-gözünə vurulmamışdı. Onu hakimiyyətə Rusiyaya qarşı projeni həyata keçirmək üçün gətiriblər: “ABŞ, Fransa Paşinyan Ermənistanı üzərindən Cənubi Qafqazı tamamilə ələ keçirmək istəyir. Bunun üçün də ilk növbədə Rusiyanın Ermənistanda sıxışdırılması, mümkün olduğu qədər nüfuzunu azaldıb sıxışdırıb çıxarmaq planı qarşıya qoyulub. Bu projeni Paşinyan faktiki olaraq Ermənistanın dövlət siyasətinə çevirib. Bütün sahələrdə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilməkdədir. Bu, açıq şəkildə özünü göstərir. İstər MDB-nin, istər KTMT-nin toplantılarına getməmək, istər Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb nota təqdim etmək , Rusiyaya ağır ittihamlar irəli sürmək nümayişkaranə şəkildə edilir. Vladimir Putinin həbsi ilə əlaqədar orderin parlamentdə ratifkasiya olunmasından sonra Ermənistan hakimiyyətindən Rusiyaya qarşı hər cür addım gözləmək mümkündür. Ona görə də rus səfirin XİN-ə çağırılması və nota verilməsi bu vəziyyətdə təbiidir. Yəni artıq Ermənistan Rusiyaya faktiki olaraq öz aləmində meydan oxuyur ki, ABŞ-dan, Fransadan daha çox dəstək alsın. Təsadüfi deyil ki, indi ona Roma Papası "cənagər ordeni" verib. Papanın bu addımı heç də Paşinyanın cəngavər olması ilə bağlı deyil. Papanın bu addımında Fransanın, ABŞ-ın xüsusi təsiri var. Bununla Nikol Paşinyanın ölkəsində düşməkdə olan nüfuzunu yüksəltməyə çalışırlar və həm də Rusiyaya mesaj verirlər ki, Nikol bizim cəngavərdir, ona toxunmaq olmaz".

Ekspert qeyd etdi ki, Ermənistanın bu addımlarına Rusiyanın adekvat cavabları olacaq. Artıq Rusiya mediasında Ermənistana, Paşinyana qarşılıqlı ittihamlar irəli sürülməkdədir. Rusiya telekanallarında Ermənistana qarşı fikirlər İrəvanın yürütdüyü siyasətin məntiqi nəticəsidir. Hələ daha ağır məntiqi nəticələr qarşıdadır. Rusiya Ermənistana yerini daha ağır formada göstərəcək. Moskva İrəvanın onun Cənubi Qafqazda strateji maraqlarına zərbələr vurmasını ona bağışlamayacaq. Ermənistan Rusiyanın nəzərində artıq siyasi cəhətdən metastas vermiş xəstə dövlətə çevrilib və bu xəstənin ciddi cərrahi əməliyyata ehtiyacı var. Gec-tez Rusiya Ermənistanda bu “cərrahi əməliyyatı” həyata keçirəcək".

Yusif Bağırzadə: "Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydə  alınması təqdirəlayiq haldır"

Yusif Bağırzadə: "Ermənistan rəhbərliyi öz mövqeyində düzəlişlər etməyəcəyi halda rəsmi İrəvan Rusiyanın sərt təpkisi ilə üz-üzə qalacaq”

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Ermənistanın Rusiyaya nota verməsi Rusiyaya meydan oxumaqdan daha çox, Qərbə “mən sizinləyəm” mesajını verməyə hesablanıb: "Yoxsa ki, Ermənistanın Rusiyaya meydan oxuyacaq gücü və imkanları yoxdur. Son dövrlərdə Ermənistan ictimaiyyətində anti-Rusiya ovqatının güclənməsi, Paşinyan hakimiyyətinin Qərbə doğru reverans etməsi təbii olaraq Rusiyanı qıcıqlandırır və bütün mümkün vasitələrlə Ermənistana təzyiq etməyə sövq edir. Xüsusilə də Paşinyanın Brüsseldə Parlament Assambleyasındakı çıxışı zamanı faktiki olaraq Rusiyaya qarşı kurs elan etməsi, Putinin həbsinə imkan verən Roma statutunu təsdiq etməsi, Ermənistan rəsmilərinin KTMT, Aİİ və hətta MDB-dən çıxmaqla bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanı müəyyən addımlar atmağa sövq edir.

Rusiya Ermənistan rəhbərliyini “Qərbin öyüd-nəsihətlərinə qapılmaqda,” daxili və xarici siyasətdə “uğursuzluqlara görə məsuliyyəti öz üzərindən ataraq, Moskvanın üzərinə yıxmaq cəhdində”, “respublikanı bilərəkdən Rusiyadan üz döndərməyə hazırlamaqda” ittiham edir.

Ümumiyyətlə isə son bir neçə aydır ki, biz həm Ermənistan, həm də Rusiya rəhbərliyindən bir-birinin ünvanına tənqidlərin və müvafiq notaların şahidi oluruq. Məsələn, avqustun 17-də Ermənistandakı Rusiya səfirliyi məlumat yayaraq “Surmalu” ticarət mərkəzində faciəyə Rusiya strukturlarının bağlı olmasına dair yerli informasiya məkanında yayılan məlumatlardan hiddətini bildirərək Ermənistana müvafiq nota təqdim etmişdi. Eyni şəkildə keçən ay da əvvəl sentyabrın 8-də Roma statutunun təsdiqindən sonra İrəvanın qeyri-dost hərəkətləri fonunda, həmçinin ayın 23-də İrəvandakı Rusiya səfirliyinin nümayişçilər tərəfindən bloklanmasına etiraz olaraq Ermənistana sərt nota təqdim etmişdi. İndi isə Ermənistan Rusiya səfirinə nota təqdim edib. Hadisələrin gedişatı onu göstərir ki, Paşinyan hakimiyyətinin bu şəkildə mövqeyi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı, Rusiyanın enerji resurslarına olan ehtiyacı, eləcə də ölkənin təhlükəsizliyinin təminatı üçün Rusiya hərbçilərinə olan ehtiyac onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistan rəhbərliyi öz mövqeyində düzəlişlər etməyəcəyi halda rəsmi İrəvan Rusiyanın sərt təpkisi ilə üz-üzə qalacaq. Rusiyanın əlində Ermənistana təzyiq imkanları kifayət qədərdir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR