İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan konstitusiyasını dəyişməyə qərar verib - formal, yoxsa...

Rəsmi İrəvan bəhanələrlə vaxt qazanmağa çalışır; Ermənistanda revanşistlərin daha bir şousu gözlənilir

Sülh müqaviləsinin imzalanmasına başlıca amil Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının olmasıdır. Azərbaycan rəsmi olaraq bəyan edib ki, bu işğalçılıq siyasətini ehtiva edən bəndlər konstitusiyadan çıxarılmayanadək sülh müqaviləsinin imzalanması real deyil.

Azərbaycan Prezidenti sülh sənədinin imzalanması üçün əsas şərtlərdən birincisi olaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Prinsipial mövqe ondan ibarətdir ki, Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmayınca, sülh sazişinin imzalanması mümkün deyil. Əslində bu, tamamilə məntiqə və beynəlxalq hüquqa əsaslanan mövqedir. Bir ölkənin əsas qanununda digər ölkəyə və yaxud ölkələrə qarşı ərazi iddiası əksini tapdığı halda, necə normal münasibətlər qurula bilər? İndiki halda Ermənistan həm sülh imzalamaq istədiyi Azərbaycana, həm də sərhəd qapılarını açmaq üçün cəhd göstərdiyi Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Belə olduğu halda normal əməkdaşlıqdan söhbət gedə bilməz. Ermənistan rəsmilərinin vaxtaşırı konstitusiya mövzusunda ziddiyyətli açıqlamalar verməsi, yaxud Konstitusiya Məhkəməsinin qərarını önə çəkməyə çalışması sülhdən boyun qaçırmaq və vaxt uzatmaq cəhdidir. Düzdür, Ermənistanda ab-hava normal qərar vermək üçün ideal sayıla bilməz, bir sıra hallarda Nikol Paşinyanın ehtiyatlı davranması anlaşılan sayıla bilər. Amma əgər rəsmi İrəvan doğrudan da sülh tərəfdarıdırsa, o halda qarşısındakı bütün maneələri adlayıb, Azərbaycana və Türkiyəyə əl uzatmalıdır.

Ermənistan cəmiyyətində də sözügedən məsələ xeyli vaxtdır müzakirə olunur, amma onların indiyədək bu yöndə işləri yalnız manevrlər etməkdən ibarətdir. Növbəti dəfə bu məsələyə dair Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan açıqlama verib. O, ölkə konstitusiyasının dəyişdiriləcəyini istisna etməyib. Nazir deyib ki, “bizim vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətninə sahib olmaqdır, bizim işimiz bu istiqamətə yönəldilməlidir”.

Xatırladaq ki, Nikol Paşinyan hələ 2024-cü ildə yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalamışdı. Bu yöndə hansısa addımlar atılması isə bəlli deyil. Amma erməni nazirin açıqlamasının ikinci hissəsində Azərbaycanın Qərbi Azərbaycanla bağlı mövqeyi də xatırladılır və bununla da Bakının şərtinin icrasının mümkünsüz olmasına işarə edilir. Kəsəsi, Ermənistan hakimiyyəti qərbi azərbaycanlıların təhlükəsiz qayıdışı mövzusu ilə konstitusiya düzəlişlərini qarşı-qarşıya qoymağa cəhd edir. Hər halda, suallar yaranır: Ermənistan ağıllanır, sülhə əngəl olan məsələləri gerçəkdən aradan qaldırmağa hazırlaşır, yoxsa bu, vaxt udmaq üçün növbəti manevrdir? Müsbət nəticə gözləməyə dəyərmi? Onlar konstitusiyanı formal dəyişəcək, yoxsa işğalçılığı ehtivar edən bəndlər tamam yığışdırılacaq? Ermənistanın davranışları və yürütdüyü siyasət hələ də müsbət qənaətə gəlməyə imkan vermir. Yeri gəlmişkən, Ermənistanda revanşistlərin daha bir şousu gözlənilir. Bugünlərdə keşiş Baqrat Qalstanyan növbəti dəfə meydan mübarizəsinin anonsunu verib. Bir sıra hallarda konstitusiyanı dəyişdirməkdən boyun qaçıran Paşinyan hakimiyyəti də keşiş hərəkatının fəaliyyətindən bəhrələnir. Paşinyan prosesləri 2027-ci ilədək məhz bu şərtlər altında aparıb çıxartmağa çalışdığı üçün meydan şoularına da şərait yaradır.

Bu arada, Rusiyadan sülh razılaşması ilə bağlı növbəti açıqlama gəlib. “Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubi Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir”. Bunu Sergey Lavrov deyib. Sitat: “Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Zəngəzur (Sünik) bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil. Məhz buna görə də 3+3 Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır". 

Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışarkən bildirib: “İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox”. Rusiya yenidən bu prosesdə təşəbbüsü ələ almaq istəyir? Qərbin ruporuna çevrilən Ermənistanın reaksiyası necə olacaq?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın ədliyyə nazirinin konstitusiyanın dəyişməsi haqda açıqlaması, baş nazirin sözçüsünün bu yaxınlarda Minsk Qrupunun buraxılması məsələsini nəzərdən keçirdikləri haqda dediklərinin başqa bir şəkildə təkrarıdır: “Maraqlıdır deyilmi, nədən konkretlikdən uzaq bu açıqlamaları diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxan Paşinyan deyil, onun komandasındakılar səsləndirirlər? Mənim fikrimcə, onlar bununla hər hansı addım atmağa yox, vaxt udmağa çalışırlar. Gözləyirlər ki, ABŞ-ın yeni seçilmiş prezidentinin bizi bölgəyə yanaşmada necə bir siyasət yeridəcəyi tam bəlli olsun. Əgər Trampın komandası da Baydeninki sayaq davransa, onda bu "nəzərdən keçirmə"ni də, konstitusiyalarına dəyişikliyi də revanşizm üçün fürsət ümidi ilə uzatdıqca uzatmağa çalışacaqlar. Əslində Paşinyan “Qarabağ Azərbaycandır” deyəndən çox, az sonra sonra Azərbaycanın haqqında danışdığımız hər iki tələbi yerinə yetirilməli idi. Göründüyü kimi, yerinə yetirilmədi. Bunun da iki səbəbi var, birincisi Qərbdəki havadarları buna izn vermədilər, ikincisi, Paşinyan özü də sözdə “Qarabağ Azərbaycandır” desə də, niyyəti başqadır". 

Lavrovun 3+3 formatı haqda dediklərinə gəldikdə, S.Alıyev xatırlatdı ki, cənab Prezident yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən də bildirdiyi kimi, bunun təşəbbüskarı məhz Azərbaycandır: “Sözdə buna qarşı çıxmasa da, əməldə regiondakı problemlərin bu format çərçivəsində həllini istəməyən elə həmin İranla Rusiyanın indiyədək hər cür dəstək verdikləri Ermənistandır. Rusiya ilə İran 3+3 formatını təkcə Qərbin regionda möhkəmlənməsinin qarşısını almaq məqsədilə dəstəkləməyib, həm də Azərbaycanla Ermənistan arasında həqiqətən sülhdə maraqlı olsaydılar, onda rəsmi İrəvanın bu formata üstünlük verməkdən başqa yolu qalmayacaqdı. Çünki Ermənistanın dünyada ən çox asılı olduğu iki ölkə varsa, hələ də onun biri Rusiya, digəri İrandır”.

Tural İsmayılov: “Dövlət Suverinliyinin təsis edilməsi həm dosta, həm də  düşmənə bir mesajdır”:

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov qeyd etdi ki, Ermənistan, ümumiyyətlə, sülh danışıqları davam edən zaman Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törədib: “Bundan öncə Brüssel və Vaşinqton görüşlərində də Ermənistan çoxsaylı təxribatlara əl atdı. Yenə görürük ki, Ermənistan tərəfindən ölkəmizə qarşı çirkin hücumlar həyata keçirilir. Bu gün özəlliklə ABŞ və Fransanın patronajlığı altında Qərbin neoimperialist şəbəkələri Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh mühitindən ciddi şəkildə narahatdır. Cənubi Qafqaz regionunda sabitlik və sülhün əldə edilməsi prosesini blok etmək üçün əllərindən gələni edirlər. Əvvəla, hamıya bəllidir ki, bu gün Ermənistan ərazilərində hansısa Avropa İttifaqının mülki missiyasından söhbət getmir. Bu qurumun missiyasının adındakı mülkilik məsələsi regionu qarışdırmaq istəyən qüvvələrin çirkin siyasi niyyətlərini pərdələmək üçün istifadə edilir”. T.İsmayılov bildirdi ki, eyni zamanda Rusiya rəsmilərinin də açıqladığı kimi, bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiya adı altında Azərbaycan, Türkiyə, Rusiya və İran əleyhinə pozucu kəşfiyyat fəaliyyəti həyata keçirilir: “Əslində Ermənistan uzun müddətdir ki, Avropa İttifaqının missiyası ilə manipulyasiya edir. Lakin fakitiki olaraq Ermənistan parlamentinin Avropa İttifaqının bu ölkədəki uzunmüddətli missiyasını indi ratifikasiya etməsi mənfur qonşumuzun çirkin niyyətlərini ortaya qoymuş olur. Eyni zamanda Avropa İttifaqı və ABŞ-ın Ermənistanla hansısa üçtərəfli görüşlər keçirməsi bu ölkəyə dəstək verməklə bağlı müəyyən sazişlərin imzalanması faktoru Cənubi Qafqazı təhdid edir. Rusiya da Ermənistana lazım olan təsirləri edə bilmir ya da etmir. Rusiya hələ də 10 noyabr bəyanatını praktiki işlək etmək və Zəngəzur dəhlizi əleyhinə Ermənistandakı güruhu dayandırmağı bacarmır. Bunlar isə ciddi suallar da doğurur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR