İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “Naxçıvan sancısı” yenə tutdu - ‘’İynə" vurmaq zamanı

Azərbaycanlı professor erməni “alim”in iddialarını darmadağın etdi

Bu sərsəm fikri erməni kartoqraf Ruben Qalçyan NEWS.am-a müsahibəsində bildirib. “Miatsum” virusunun daşıyıcısı olan Qalçyan iddiasını belə əsaslandırmağa çalışıb: “Əgər Azərbaycan özünü 1918-1920-ci illərdə Azərbaycan Respublikasının hüquqi varisi hesab edirsə və Azərbaycan SSR-i öz sərhədləri daxilində tanımırsa, o zaman xatırladırıq ki, Naxçıvan məhz SSRİ dövründə Azərbaycana verilib. Belə olan halda Naxçıvanı ermənilərə qaytarsınlar”.

Onun sözlərinə görə, 1918-ci ildən 1936-cı ilə qədər Ermənistanda anklavlar olmayıb, onları SSRİ yaradıb. “Bu da o deməkdir ki, azərbaycanlılar da Sovet hakimiyyətinin onlara verdiyi hər şeyi ermənilərə qaytarmalıdır”, - Qalçyan bildirib.

Görəsən Naxçıvan nə vaxtdan erməni torpağı və “erməni dövləti”nin tərkibində mövcud olub ki, onu ermənilərə geri də verək? Doğrudur, Qars müqaviləsi 1921-də, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan il yarım sonra imzalanıb. Lakin bu müqavilə heç də Naxçıvanın Ermənistandan alınıb Azərbaycana verilməsi barədə yox, Türkiyə və Rusiya tərəfindən əzəli Azərbaycan torpağı kimi təsbit edilməsi haqdadır. Bundan əlavə, SSRİ 1922-ci ilin dekabrında yaradılıb-Qars müqaviləsindən sonra. 

O zaman “Naxçıvan sancısı” tutan erməni kartoqraf kimə “xox” gəlir, onun iddialarının zərrə qədər də olsa tarixi, hüquqi əsasları varmı?

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarixçi professor, Milli Məclisin deputatı Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, erməni “alimləri”nin, o cümlədən özünü kartoqraf adlandıran Ruben Qalçyanın Naxçıvanla bağlı söylədiklərinin heç bir nə tarixi, nə coğrafi, nə siyasi əsası var: “Çünki ermənilər Cənubi Qafqazda yerli aborogen xalq deyillər, gəlmədirlər. Ermənilər Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülüblər. Onlar bu ərazilərdə aboregen olmadıqları üçün sərsəmliklə uydurduqlarının zərrə qədər əsası yoxdur. Odur ki, Naxçıvanın Ermənistan torpağı, erməni torpağı olması barədə iddiaları sərsəmləməkdən başqa bir şey deyil. Naxçıvana müəyyən qisim ermənilərin köçürülməsinin bəlli tarixi var, bunu təsdiqləyən arxiv sənədləri mövcuddur. Həmin sənədləri Azərbaycan məmurları tərtib etməyib. Onları ermənilərin Cənubi Qafqaza gətirilməsinə rəhbərlik etmiş Çar Rusiyası məmurları tərtib ediblər. Həmin sənədlərdə ermənilərin hansı ildə nə qədər sayda Naxçıvana gətirilmələri və yerləşdirilmələri haqqında konkret rəqəmlər verilib. Ona görə Naxçıvanın guya ermənilərə aid olması barədə iddiaların heç bir tarixi sübutu, etnomədəni və faktoloji əsası mövcud deyil. Naxçıvan həmişə Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanla coğrafi bağlılığı olub. Naxçıvanın Azərbaycanın digər yerləri ilə coğrafi bağlılığının kəsilməsi 1920-ci il dekabrın 1-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun Zəngəzurun Ermənistana verilməsi haqqında dekretindən sonra başlanıb. Nəriman Nərimanovun bəyanatı var, rəsmi sənədləri var. Ermənilər əgər tarixə istinad edirlərsə, gedib həmin rəsmi sənədləri oxusunlar. O sənədlər Moskvada, İrəvanda və Bakıda arxivlərdə saxlanılır. Ermənilər Naxçıvanla Azərbaycanın digər quru ərazisinin kəsilməsi faktını necə inkar edə bilərlər?! Axı bu, rəsmi sənədlərdə, mənbələrdə var”.

Millət vəkili - Musa Qasımlı

Musa Qasımlı 

“Azərbaycanın verdiyi bəyanatlara əsaslansaq, Naxçıvan ermənilərə qaytarılmalıdır”.

Professor qeyd etdi ki, Naxçıvanın hüquqi statusu 1921-ci il 16 mart tarixində Rus-Türk konfransının nəticəsində imzalanmış Moskva müqaviləsində təsbit edilib və bundan sonra Naxçıvanın statusu 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsində öz əksini tapıb. Ermənilər həmin müqaviləni açıb oxuya bilərlər: “Orada aydın şəkildə yazılır ki, Naxçıvan Azərbaycanın protektaratlığındadır və onu üçüncü dövlətə güzəştə getməyəcək. Həmin sənədin altında Ermənistanın imzası var.

Mən başa düşürəm, Ermənistan, ümumiyyətlə, sözünə riayət etməyən bir dövlətdir, amma eyni zamanda, belə çağırışlar da göstərir ki, Ermənistan imzasına da hörmət etməyən dövlətdir. Başqa bir məsələdir ki, Qars müqaviləsində Naxçıvanın sərhədləri müəyyənləşdirilsə də sonradan sovet dövləti onun bəzi hissələrini kəsərək Ermənistana verib. Ermənilər bunu inkar edə bilməzlər. Çünki həmin sənədlər Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin arxiv sənədləri içərisində var. Eyni zamanda həmin sənədlərin surəti İrəvanda və Bakıda, o cümlədən Moskvadakı arxivlərdə mövcuddur. Ermənilər həm real tarixi həmişə unudurlar, həm təhrif edirlər, həm də özləri tarix uydururlar.

Naxçıvanın statusu SSRİ yaranmamışdan çox əvvəl müəyyənləşdirilib. Əgər bu status yekun olaraq Qars konfransında müəyyənləşdirilib və tərəflər tərəfindən imzalanıbsa, Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən imzalanıbsa, Cənubi Qafqazda ərazi sərhəd məsələləri tənzimlənibsə Ermənistan bu gün buna qarşı necə çıxa bilər? Naxçıvanın statusu müəyyənləşəndən sonra SSRİ yaranıb - 1922-ci ilin dekabrında. Naxçıvanın muxtariyyəti isə ondan iki il sonra elan olunub. Ona görə ermənilər xəyallardan, nağıllardan imtina etməlidirlər, tarixi mənbələrə, sənədlərə əsaslanmalıdırlar. Tarixi mənbələr və sənədlər erməni “alimləri”inin dediklərinin tamamilə əksini deyir".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR