İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri Qarabağa zorla qaytara bilmərik - SENSASİON DETALLAR

“Armenpress”in müxbiri Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı bəzi suallarla anti-Azərbaycan mövqeyinə yönləndirməyə çalışsa da, avropalı diplomat bu “tələyə düşməyib”

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə “Armenpress”in müxbirinə müsahibədə bir sıra mühüm məqamlara toxunub. Erməni jurnalistin onu bəzi suallarla anti-Azərbaycan mövqeyinə yönləndirməyə çalışsa da, avropalı diplomat bu “tələyə düşməyib”.

Məsələn, Zəngəzur dəhlizi ilə bağlı guya Azərbaycanın Ermənistanın suveren ərazisindən ekstraterritorial dəhlizə sahib olmaq iddiasını Klaar arqumentlərlə rədd edib. Aİ təmsilçisi xatırladıb ki, 2023-cü ilin mayında Prezident Əliyev Moskvada baş nazir Paşinyanla görüşündə çox açıq şəkildə Zəngəzuru dəhliz adlandırmağın ekstraterritoriallıq deyil olmadığı haqda bəyanatını xatırladıb.

“Azərbaycan vətəndaşlarının və yüklərinin təhlükəsiz təminatını əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun reallıqda necə olacağı Ermənistan hakimiyyətinin üzərinə düşür. Bizim dinc Cənubi Qafqaza baxışımız ondan ibarətdir ki, bu nəqliyyat əlaqələri yenidən açılacaq, ticarət olacaq, sərhədləri keçən insanlar olacaq”.

Jurnalistin “Laçın dəhlizi bağlandı və ermənilərin oradan sağ-salamat keçməyə imkanı yox idi, onların çoxu saxta ittihamlarla həbs olundu, yerlərini tərk etdilər. Azərbaycan ermənilərin təhlükəsizliyinə təminat verməyib. Özünün etmədiyi bir şeyi Ermənistandan necə tələb edir” sualına da Aİ təmsilçisi təmkinli cavab verib: “Biz düşünürük ki, onların geri qaytarılma hüququnun təmin olunması çox vacibdir. Biz çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər, əgər bunu etmək istəyirlərsə təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıtmaq imkanına malik olmalıdırlar. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz”.

d6489345-2280-30bc-998d-1e754cd5.jpg (72 KB)

Sülh müqaviləsinə gəlincə, Klaar deyib ki, hər şey Ermənistan və Azərbaycanın son nəticədə necə qərar verəcəyindən, müqavilənin mətnini necə tərtib etməsindən asılı olacaq: “Yekun sülh sazişinin imzalanması və ondan sonra gələcək şərtlərin yerinə yetirilməsi də eyni dərəcədə vacibdir. Və burada, əlbəttə ki, kommunikasiyaların açılmasından, sərhədlərin demarkasiyasından danışmalıyıq. Sərhəd boyunca qüvvələr arasında məsafəni, sərhəd boyu sakinlərə real təhlükəsizlik hissini təmin etmək də mənim üçün çox vacibdir, həm də daha geniş miqyasda. Və sonra əlbəttə ki, səfirliklərin açılması, birbaşa hava əlaqəsinin təmin edilməsi, insanların gediş-gəliş səyahətinə icazə vermək kimi ciddi məsələlər var. Ritorika, əlbəttə ki, bütün maraqlı tərəflər üçün vacib olacaqdır. 30 ildən artıq davam edən münaqişədən sonra söhbət təkcə Azərbaycanın deyil, həm də Ermənistanın ritorikasından gedir”.

“Aİ bu sülh sazişində vasitəçi olmaq istəyir. Lakin son anda Azərbaycan tərəfi əvvəlcə Qranada, daha sonra isə oktyabrın sonunda Brüsseldə planlaşdırılan görüşdən imtina etdi. Aİ Azərbaycanın bu hərəkətlərini nə dərəcədə konstruktiv hesab edir” sualına Aİ təmsilçisi belə cavab verib:

“Birincisi, bu kontekstdə Aİ-nin mütləq kiminsə tərəfində olması lazım deyil. Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir. Və sülh sazişinin harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir. Prezident Əliyevin Qranadaya gəlməmək qərarına gəlincə, biz məyus olduq, düşündük ki, bu, güclü siqnallar göndərmək üçün əla fürsət və çox vacib forumdur. Prezident Mişel hələ də hazırdır və mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir”.

Azərbaycanın Avropa platformasına xüsusi maraq göstərmədiyi və 3+3 formatına üstünlük verməsi haqda rəylərə gəlincə, Klaar deyib ki, 3+3 formatında keçirilən görüşlərə normal baxırlar, Aİ üçün mühüm olan danışıqlarda tərəqqidir və bunun hansı platformada olması az əhəmiyyət kəsb edir.

“Azərbaycan bəyan edib ki, “Aİ silah tədarük etməklə regionda sülh və sabitliyə xələl gətirən Ermənistanın hərbiləşdirilməsi siyasətinə töhfə verir”. Siz bu barədə nə düşünürsünüz” sualına gəlincə, Klaar belə cavab verib:

“Avropa Sülh Fondu çərçivəsində Ermənistana dəstək məsələsinə gəlincə, söhbət bəzi sahələrdə potensial dəstəkdən gedir. Bu yardımlar hələ planlaşdırma mərhələsində olduğundan, biz bunu heç kimə qarşı bir hərəkət kimi görmürük. Daha doğrusu, bu, Ermənistanın suverenliyini möhkəmləndirmək məqsədi ilə həyata keçirilir ki, bu, məncə, hamıya deyil, həm də Ermənistanın qonşularına və daha geniş beynəlxalq ictimaiyyətə faydalıdır”.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR