İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni şirkəti Azərbaycana səyahətlər təşkil edir? - açıqlama

Ekspert: “Turların çoxu başlanğıc nöqtəsini məhz Azərbaycandan götürür, ona görə də...”

İrəvanda yerləşən “Arara Tour” adlı turizm şirkəti avropalı turistlərə Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycana da səyahət etməyi təklif edir. Bu barədə yazıçı Ələkbər Əliyev bildirib (Globalinfo.az).

O qeyd edib ki, “Arara Tour”un gəzməli yerlər siyahısında Şəki, Qəbələ də var: “Avropalı turistlər buralara gəlmişkən hər üç Cənubi Qafqaz ölkəsini görmək istədiklərindən, "Arara Tour" onlar üçün Tiflisdən Bakıya reyslər və Azərbaycanda hotellər bron edir, Azərbaycanda onlarla maraqlanacaq şirkətlərə sifarişlər ötürür".

Bu nə şirkətdir belə, məlumat doğrudurmu?

Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, uzun illərdir bir çox xarici turizm şirkətləri tərəfindən Cənubi Qafqaz ölkələrinə kombinə edilmiş turlar təklif olunur: “Eyni zamanda bu cür turların satışı ilk növbədə səfərlərin həyata keçirildiyi ölkəyə gəlir gətirir. Bu, xüsusilə planetin ucqar guşələrindən gələn turistlər üçün olduqca mühüm amildir. Bu cür turla, yəni bir səfər çərçivəsində onlar daha uzun müddət ərzində daha çox turizm məkanını əhatə etmək, mədəniyyət müxtəlifliyi ilə tanış olmaq və s. istəyirlər”.

K.Quluzadənin sözlərinə görə, kombinə edilmiş turların, o cümlədən Azərbaycanı əhatə edən turların müxtəlif ölkələrin nümayəndələri tərəfindən satışı eyni məntiqə əsaslanır.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov

Turizm üzrə ekspert Ceyhun Aşurov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, konkret bu şirkətlə bağlı məlumatı yoxdur: “Amma bir çox Avropa ölkələrindən, Uzaq Şərq ölkələrindən də dəfələrlə Qafqaz turu adlı səyahətlər təşkil edilib. Bu turların çoxu başlanğıc nöqtəsini məhz Azərbaycandan götürür. Azərbaycan, Gürcüstan, sonra isə Ermənistana səfər edərək qayıdır, ya da başqa istiqamətə gedirlər. Bu məsələ ilə bağlı məlumatım yoxdur.  Ola bilər onlar təklif edib. Yaxud da turistlər qarşı tərəfdən Qafqaz ölkələrinə səfər etmək istədiklərini bildiriblər. Bunu birbaşa Ermənistanın hansısa turizm şirkətinin etdiyini güman etmirəm. Ola bilər partnyor şirkət vasitəsilə, tutaq ki, Gürcüstanda olan partnyor şirkət vasitəsilə bu turları təşkil edə bilərlər. Azərbaycandan başlayan Qafqaz turları hər zaman olub. Yapon-Koreya qrupları daha çox bu turlara müraciət edir. Əvvəllər bu kimi səyahət qrupları çox olurdu. Onlar məhz Bakı, Şəki, Qəbələyə gedirdilər. Bəzən Gəncə istiqaməti, oradan da Gürcüstana gedirdilər. Onlar üçün Qafqaz ölkələrini görmək, onları müqayisəli şəkildə dəyərləndirmək hər zaman maraqlı olub”.

Ekspert əlavə edib ki, Gürcüstan daha çox turist qəbul edən ölkələrdən biri sayılır:  “Gürcüstanda turizm əsas çəkisi olan sektorlardan sayılır. Qəbul etdiyi turistlərin sayından da biz bunu görürük. Eyni zamanda Ermənistanda da sərhədlər açıqdır və kifayət qədər turist qəbul edə bilirlər. Azərbaycanda quru sərhədlər bağlı olsa da, hava nəqliyyatı vasitəsilə biz turistləri qəbul edirik. Hotel və qalma qiymətləri Azərbaycanla müqayisə edildikdə heç də bahalı hesab olunmur. Hətta "Bookinq"in üzərindən olan araşdırmalara görə, Azərbaycandakı qiymətlər 15-20 faiz arasında dəyişir. Bu, Ermənistan və Gürcüstanın eyni kateqoriya hotellərindən daha əlverişli qiymətlərdir. O ki qaldı ölkənin əlçatanlığı baxımından, təbii ki, quru sərhədlər bağlı olduğundan Azərbaycana gəliş baha hesab olunur".   

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin səfərlərin məqsədləri üzrə bölgüsünü açıqlayıb. Qeyd olunub ki, ötən il ümumilikdə ölkəyə 1602,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onlardan 1058,1 mini turizm məqsədilə səfər edib. O cümlədən 398,5 min nəfər istirahət, əyləncə turizmi, 400,5 min nəfər işgüzar turizm, 14 min nəfər müalicə turizmi, 2,2 min nəfər dini turizm, 184.8 min nəfər qohumlara, dostlara baş çəkmək, 58,1 min nəfər digər turizm məqsədilə, 544,2 min nəfər isə digər məqsədlə ölkəmizə gəlib.

Ötən il Gürcüstana gələn turistlərin ümumi sayının 62%-i isə qonşu ölkələrin - Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanın payına düşüb. Gürcüstan mətbuatı yazır ki, bu ölkələrdən gələn turistlərin xərclədikləri pullar digər ölkələrə nisbətən aşağıdır. Belə ki, Azərbaycandan gələn hər turist orta hesabla 1 447 lari (545 ABŞ dolları), Rusiyadan gələnlər 2 240 lari (844 ABŞ dolları), Türkiyədən gələnlər 1 636 lari (616 ABŞ dolları), Ermənistandan gələnlər 757 lari (285 ABŞ dolları) pul xərcləyiblər.

Ən çox pul xərcləyən turistlər isə Səudiyyə Ərəbistanı (2 031 ABŞ doları), İsrail (1 425 ABŞ dolları) və Qazaxıstandan (1 276 ABŞ dolları) olub. Buna baxmayaraq həmin ölkədən gələnlər ümumi səfər edənlərin 10 %-ni təşkil edir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR