İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlər “havaya” girdi – Ukrayna masasında Türkiyənin “kənarda” qalması...

Türkiyənin Ukrayna böhranı ilə bağlı ABŞ və Rusiya arasında neytral məkan, vasitəçi qismində seçilməməsi Ermənistandakı revanşist dairələri ruhlandırıb. Guya bununla kapitulyant ölkə üçün hansısa yeni imkan pəncərəsi açılıb və qalır rəsmi İrəvanın ondan istifadəsi.

Məsələn, özünü türkoloq sayan Varujan Qeqamyan yazır: “Məncə, mühüm detallardan biri odur ki, Türkiyə faktiki olaraq neytral ölkə statusunu itirib və o səbəbdən münaqişədə vasitəçi statusundan məhrum olub. Halbuki 2022-2023-cü illərdə problemlərin həlli üçün əsas vasitəçi Ankara idi. İndi vəziyyət dəyişib. Türkiyə öz rolunu Səudiyyə Ərəbistanına verib”.

Qeqamyana görə, bu, Ermənistan üçün yaxşı xəbərdir, çünki guya bu, “Türkiyəni xarici siyasət məsələlərində geniş manevr meydanından məhrum etməklə yanaşı, Ankaranın Moskva üçün rolunun azaldığını və ikitərəfli münasibətlərdə gərginlik yaşandığını göstərir”.

Revanşist erməni türkoloq ardınca “çəhrayı arzusu”nu dilə gətirir: “Bütün bunlar bir sıra digər faktlarla birlikdə Türkiyənin Cənubi Qafqazdakı rolunun nisbi məhdudluğu baxımından müəyyən nikbinliyə əsas yaradır. Təbii, bu o demək deyil ki, bizə qarşı təhdidlər avtomatik şəkildə aradan qalxacaq. Bununla belə, onlara qarşı dirəniş imkanları artır, milli qüvvələr (oxu: radikal-revanşistlər – red.) bundan yararlanmalıdır”...

Əvvəla, Türkiyənin ABŞ-Rusiya yüksək səviyyəli danışıqlar və görüşlər üçün ən əlverişli platforma kimi seçilməməsi qardaş ölkənin nə nüfuzuna, nə də siyasi-hərbi supergüc olaraq, regiondakı mövqeyinə xələl gətirəcək gəlişmə deyil. Hələ bilmək olmaz, prosesin hansısa mərhələsində Ankaraya yenidən ehtiyac yarana və o, dövriyyəyə girə bilər. Lap elə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsində.

Hər necə olmasa, sülhməramlı kontingentə ilk növbədə Ukrayna razılıq verməlidir. Kiyev-Ankara münasibətləri isə normalıdır. Zelenskinin son Türkiyə səfəri də göstərdi ki, Rusiyadan, hətta ABŞ-dan fərqli olaraq, qardaş dövlət Ukraynanın 1991-ci illər sərhədində ərazi bütövlüyünü dəstəkləməyə davam edir...

Qısası, Türkiyə asanca gözardı edilən dövlət sayılmaz. Bir azdan buna Moskva da, Vaşinqton da əminlik hasil edəcək. Özəlliklə ABŞ əgər Rusiyanın “yumsa qarın altısı” sayılan Güney Qafqazda müəyyən işlər görmək, o sırada möhkəmlənmək istəyirsə, bunu məhz özünə bir neçə “köynək” yaxın Türkiyə ilə, bir də regionun açar ölkəsi Azərbaycan vasitəsilə etmək zorundadır.

Eləcə də Rusiya. Kreml Bakı və Ankaradan bəzi cari səbəbdən incik olsa da, yenə ən əvvəl Azərbaycan və Türkiyənin milli maraqlarını ciddiyə almadan Cənubi Qafqazda hərəkət edə bilməz. Bayırda 90-cı illər deyil, 2025-ci ildir. Situasiya, geosiyasi durum, qüvvələr balansı indi bambaşqadır.

Əksinə, nəzərə alsaq ki, ABŞ-Rusiya barışığı olsa belə, sonuncu üzərindən ağır iqtisadi-maliyyə sanksiyaları tezliklə götürülməyəcək, üstəgəl, Rusiya qazı əsasən Türkiyə üzərindən Avropaya ötürülür, onda logistika problemi də daxil, şimal qonşumuzun iki qardaş ölkəyə ehtiyacı böyük ölçüdə qalacaq...

Odur ki, ermənilər “saman çöpü” axtarmaqdansa, Türkiyənin ayağının altını siçovul kimi qazımaqdansa, onunla anlaşmaq, sərhədlərin açılması üçün minimum gərəkənləri etmək məcburiyyətində. Yolu məlum. Öncə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Yenə də şərtlər, tələblər bəlli.

ABŞ Rusiya ilə barışsa da, barışmasa da Ermənistan üçün başqa xilas variantı yoxdur, olmayacaq...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR