Onlayn ictimai-siyasi qəzet
Bu suala cavab vermək elə də asan deyil. Ərəb dünyası həmişə ziddiyyətlərlə dolu olub, bura həmişə bir ayna kimi dünyanın bütün geosiyasi ziddiyyətlərini, qarşıdurmalarını və incəliklərini özündə əks etdirib.
Amma indiki halda burada incə bir məqam var. Bəzi informasiya mənbələri Yaxın Şərqdə gedən müharibəni İsrail-HƏMAS müharibəsi adlandırmaqla elə də yanlışlığa yol vermirlər. Artıq üç yüz gündür ki, müharibə davam edir, amma səhv etmiriksə, Fələstin Muxtariyyəti səmtində bir güllə də atılmayıb.
Odur ki, bu, ən azı klassik anlamda, on illər ərzində adət etdiyimiz Fələstin-İsrail müharibəsi, hətta ərəb - İsrail müharibəsi də deyil və indiki qarşıdurmaya ərəb ölkələrindən hələki yalnız qeyri-ərəb siyasi vektorlarının təsiri altında olan bəzi ərəb dövlətləri cəlb olunub və yaxud da cəlb oluna bilərlər.
Gələcəkdə proses dəyişə, daha çox ərəb ölkəsi bu və ya digər dərəcədə ona qoşula bilər.
Belədə isə bütün hallarda HƏMAS lideri İ.Haniyənin öldürülməsi böyük əks-sədaya səbəb oldu. İranda, hətta qardaş Türkiyədə matəm elan olundu, məsələ gedib BMT-yə çıxdı. Üstəgəl, bu sətirləri yazan zaman regionun daha böyük müharibə ərəfəsində olduğu deyilirdi. İran bir neçə dəfə bəyan etmişdi ki, Haniyənin qisası alınacaq və İsrail vurulacaq.
ABŞ da müttəfiqi İsraili İranın zərbələrindən qorumaq üçün öz təkliflərini verirdi. Hətta İranın cavabının dəqiq tarixi də bildirilirdi: 5 avqust!..
Elə İsrailin özü də müəyyən narahatlıqlar yaşayırdı. Ən əvvəl onu deyək ki, bu ölkədə də xeyli müharibə əleyhidarı, baş nazir Benyamin Netanyahunun siyasətindən narazı olanlar var. Bəli, bu müharibə İsrailin apardığı bütün əvvəlki müharibələrdən fərqlənir. Ona görə yox ki, qarşıda çox güclü rəqib var. Yox, əbəttə, İranla mümkün müharibəni nəzərə almasaq, Təl-Əviv əvvəllər bundan da geniş spektrli müharibələr aparıb, eyni vaxtda bir neçə dövlətə qarşı vuruşubdur. Amma əvvəlki müharibələrin zaman hesabı bir neçə gün olurdu, onların ən məşhurlarından biri hətta “Altı günlük müharibə” adlanırdı. Bu müharibə isə bir ilə yaxındır ki, davam edir və yaxın müddətdə bitəcəyi hələ ki təxmin edilmir...
Ən böyük problem mümkün İran-İsrail müharibəsidir. Əslində region on illərdi ki, bu müharibəni gözləyir, “Bu gün başlayacaqlar, sabah başlayacaqlar” deyir. Amma eyni zamanda heç kim, hətta tərəflərin özü onun başlanmasını istəmir, çünki daha dəhşətli ola bilər. Ümid edirik ki, tərəflər hisslərini cilovlaya biləcək və region üçün çox böyük təhlükə ola biləcək müharibə bu dəfə də sovuşacaqdır.
Hazırkı vəziyyətdə İran özünü təhqir edilmiş sayır, çünki İ.Haniyə onun ərazisində qətlə yetirildi və bu, HƏMAS-ın İran üçün nə demək olduğundan, Haniyənin Tehran üçün necə bir mühüm adam olması məsələsindən heç də önəmsiz məqam deyil: təkcə xaricdə yox, elə İranın özündə də insanlar Tehranın cavabını gözləyir. Xatırladaq ki, İran bir neçə ay bundan əvvəl də belə bir vəziyyətdə olmuşdu - hamı gözləyirdi ki, Tehran Təl-Əvivə cavab verəcək. Cavab oldu, amma onda İsrail İranın raket hücumunu öz səmasında “atəşfəşanlıq” adlandırdı, çünki bu ölkəyə atılmış onlarla raketdən yalnız bir-ikisi onun “dəmir qübbə”sini dəf edib ölkə ərazisinə düşə bilmişdi.
Hətta onlar da elə bir itki, dağıntı törətməmişdi. O vaxt Tehran, necə deyərlər, dərinə getmədi. “Biz də İsraili vurduq!” deyib sakitləşdilər. Ümid edək, məsələ bu dəfə də qəlizləşməyəcək...
Sonda bir daha deyək ki, ərəb dövlətlərinin Fələstin məsələsində nisbətən loyallaşması, xüsusən də prezident D.Trampın dövründə onların bir neçəsinin İsraillə münasibətləri normallaşdırmağa çalışması İran, hətta qardaş Türkiyə üçün də bir növ siqnal olmalıdır - necə deyər, Roma Papasından artıq xristian olmağa dəyməz.
Bəzən belə fikir səslənir ki, ərəb monarxiyaları daha demokratik fələstinlilərin problemlərinə biganədir.Yox, məsələ bunda deyil, ən azı ona görə ki, fələstinlilər tərəfindən də hər hansı bir xüsusi demokratiya nümayişi görməmişik. Belə deyilir ki, HƏMAS Qəzzada “seçki” yolu ilə hakimiyyətə gəlib. Ola bilər. Amma Qəzza bir tərəfə, hətta daha mötədil siyasət yürüdən Fələstin Muxtariyyətində elə bir demokratiya-filan yoxdur, neçə illərdir, eyni bir adamı - Mahmud Abbası görürük.
Üstəlik, burada bir məqam da vardır: radikal HƏMAS bəlkə də fələstinlilər üçün daha çox “çalışır”, amma ssenari dəyişmir: radikallar Fələstin məsələsində normallaşmanı bloklayır və müharibəyə, qarşıdurmaya səbəb olurlar. Sonu da bu olur ki, axırda hamı müharibəni və qarşıdurmanı kimin başlatdığını unudur və o haya qalırlar ki, heç olmasa, dinc fələstinliləri müharibənin əlindən qurtarsınlar. Radikallar özləri də qəhrəmanlardan “dinc məzlum”lara, “fədailə”rə çevrilirlər.
Rəhmətlik Ərəfat da deyirdi ki, İsrail tanklarının qarşısına fələstinli uşaqları çıxaracam, amma axırda İsraillə oturub danışmağa qərar verdi. Bəlkə HƏMAS kimi radikallar üçün də dərs olmalıdır bu? Bəlkə həqiqətən də danışmağın, danışa bilənləri irəli verməyin vaxtıdır? Axı sirr deyil ki, HƏMAS-la Fələstin Muxtariyyəti arasında da böyük ziddiyyətlər var...
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ