İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Əsədlə görüşəcəyi iddiası

İran tərəfindən yayılan xəbərə Türkiyə XİN rəhbəri aydınlıq gətirdi

İran İslam Respublikasının rəsmi xəbər agentliyi “Tasnim” Rusiya prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsədin Özbəkistanda üçtərəfli görüş keçirə biləcəyi barədə məlumat yayıb. Məlumatda Rusiya lideri Vladimir Putinin digər iki lideri Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının Zirvə toplantısına dəvət etdiyi və bu dəvətin müsbət qarşılandığı iddia edilib. Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsi gündəmdə olan bir vaxtda, İran mətbuatının üçlü zirvə görüşünün keçiriləcəyini iddia etməsi də maraq doğurub.

Avqustun 15-də Türkiyənin iqtidar partiyası olan AKP-nin sədr müavini Hayati Yazıcı hökumətin dəyişiklik işarələri verdiyi Suriya siyasətindən danışarkən “Liderlər arasında görüş ola bilərmi?” sualına belə cavab verib: “Heç vaxt olmayacaq deyəcək vəziyyətdə deyiləm. Bütün məsələlər hardansa başlayır, bunun səviyyəsi yüksələ bilər, inşallah ki, belə də olar”.

19 avqustda Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ərdoğan xarici siyasətdə atılan “normallaşma” addımları ilə bağlı bunları demişdi: “Siyasətdə heç bir küskünlük olmamalıdır. Biz həmişə sülh içində və hər an görüşlərə hazır olmalıyıq. Bəşər Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”.

Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşməsinə Türkiyə müxalifəti də qarşı çıxmır.

Bəs belə bir görüş reallaşarsa, Türkiyə ölkəyə olan terror təhdidlərini xeyli loyallaşdıra bilərmi? İddianın Əsəd rejimini dəstəkləyən İran mediasında yayılması nədən xəbər verir? Tehran belə bir görüşün baş tutmasında maraqlıdır, yoxsa əksinə?

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Suriya Prezidenti Bəşər Əsədin üçtərəfli görüş keçirməsi ilə bağlı İran tərəfinin məlumat tirajlaması kifayət qədər maraq doğurur. Eyni zamanda biz qeyd etməliyik ki, Suriya böhranının nizamlanmasında İran, Rusiya və Türkiyə birgə fəaliyyət göstərib: “Astana prosesi bunun bir ciddi göstəricisidir. Həmçinin Tehranda Türkiyə, Rusiya və İran liderlərinin bu yaxınlarda baş tutan görüşü Suriya probleminin həllinə yönəlmişdi. İran tərəfi Suriya ilə bağlı onsuz görüş keçirilməsini təbii ki, arzulamır. Ona görə də Tehran narahatdır ki, İranın iştirakı olmadan Türkiyə-Rusiya-Suriya liderlərinin görüşü keçirilə bilər. Tehran hesab edir ki, bu, İranın geosiyasi proseslərdən uzaqlaşdırılması deməkdir. Bu isə İran tərəfi üçün qəbul edilən deyil. Türkiyə tərəfi də çalışır ki, hərbi güc tətbiq etmədən hansısa əməliyyatlar icra olunmadan öz ərazisinin təhlükəsizliyini təmin etməklə yanaşı geosiyasi ambisiyaları da təmin olunsun. Bu Türkiyənin təbii haqqıdır. Türkiyənin müdrik lideri Rəcəb Tayyib Ərdoğan hər zaman sülhün tərəfdarı olduğunu öz əməli, praktiki addımları ilə nümayiş etdirib. Həmçinin Türkiyə tərəfi böyük siyasi arealda öz maraqlarını qoruyur və bu maraqların da təmin olunmasının keşiyindədir. Son dövrlər Türkiyə PKK terror təşkilatının uzantıları olan PYD və YPG qruplarına qarşı da öz aktiv fəaliyyəti ilə seçilir. Bu, Türkiyənin milli təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda biz Rusiya-Ukrayna müharibəsi fonunda həm də Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında bir yaxınlaşmanı sezirik. Qara dəniz bölgəsində təhlükəsizliyin təminatçısı qismində çıxış edən Türkiyə öz vasitəçilik imkanlarını maksimum dərəcədə masaya yatırır və bu xüsuda taxıl dəhlizinin fəaliyyətə başlaması, bütün dünyada ərazaq təhlükəsizliyi ilə bağlı mühüm təşəbbüslər dünya dövlətləri tərəfindən də qiymətləndirilməklə Türkiyənin geosiyasi aktor kimi əhəmiyyətini artırır”.

Ekspert hesab edir ki, bütün sadalananlar nəzərə aldıqda Rusiya-Türkiyə arasında olan yaxınlıq həm də Suriya müstəvisinə daşına bilər. Ona görə də haqqında söhbət gedən üçtərəfli görüşün keçiriləcəyi barədə yayılan xəbərin doğrulacağı mümkündür: “Belə bir görüş keçirilsə, Ərdoğan öz konkret istək və tələblərini, problemə baxış bucağını ortaya qoyacaq. Bəşər Əsədin belə bir görüşdə iştirak edib-etməyəcəyinə gəlincə, Putin istədiyi halda onun imtinası mümkün deyil. Bu görüş baş tutsa, Suriya böhranının çözülməsi istiqamətində ciddi irəliləyiş əldə oluna bilər”.

Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrda keçiriləcək sammitində Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya rəhbəri Bəşər Əsədin görüşü barədə xəbərləri təkzib edib.

“Haber Global” xəbər kanalına danışan Çavuşoğlu 15-16 sentyabrda Səmərqənddə keçirilməsi planlaşdırılan sammitdə Ərdoğanla Əsədin görüşünü istisna edib və Əsədin tədbirə dəvət olunmadığını bildirib.

Çavuşoğlu həmçinin Suriyada davamlı sülh üçün addımların atılmasının vacibliyini vurğulayaraq, “Suriya rejimi müxalifəti terrorçu hesab etməməlidir” deyib. Türkiyənin Suriyada nəticəyönümlü siyasət yürütdüyünü deyən Çavuşoğlu, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasının və onu terror təşkilatlarından təmizləməyin vacibliyini vurğulayıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR