Onlayn ictimai-siyasi qəzet
Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.
“BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
***
20:46
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Qeyd olunub ki, İlham Əliyevin göstərişi ilə meşə yanğınlarının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 1 ədəd yanğınsöndürən təyyarəsi Türkiyəyə göndərilib.
"Azərbaycandan göndərilən yardım bu gecə saat 23:00-da (Türkiyə vaxtı) İzmir, Adnan Menderes hava limanına enəcək", - nazir deyib.
Xatırladırıq ki, hazırda Türkiyənin İzmir, Bolu, Karabük, Aydın bölgələrində şiddətli meşə yanğınları davam edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ