İnsanlara hürriyət, millətlərə istiqlal!

“Enerji atəşkəsi” Rusiya və Ukraynaya nə verəcək?

“Enerji atəşkəsi” işə yarayarsa, Rusiya yaxın müddətdə neft emalı zavodlarının fəaliyyətinin dayanması riskindən azad olacaq.

Musavat.com xəbər verir ki, Bloomberg ekspertləri bu qənaətdədirlər. Bildirilir ki, qarşıdan yanacağa tələbatın artdığı əkin-səpin mövsümü, eyni zamanda emal zavodlarının texniki xidmət dövrü gəlir. Belə bir vaxtda neft emalı zavodlarına, yanacaq anbarlarına zərbələrin dayanması Rusiya üçün ciddi əhəmiyyət kəsb edir.

Rusiyanın Ukraynanın elektrik stansiyalarına hücumlarına son qoyulması Ukraynada elektrik enerjisinin kəsilmələrinin aradan qaldırılmasına imkan verə bilər. Bununla belə, Moskva müəyyən şəhərlərdə və ya bölgələrdə infrastruktura hücum edərkən, yerli səviyyədə kəsilmələr hələ də baş verə bilər.
Enerji zərbələrinin dayandırılması həm də Ukraynaya ən azı qismən zədələnmiş obyektləri bərpa etməyə kömək edə bilər. Bundan əlavə, Kiyev atom elektrik stansiyalarına illik texniki xidmət göstərmək üçün vaxt qazanacaq: “Hava hücumlarının dayandırılması Ukraynaya yerli qaz hasilatını artırmağa və yayda anbarlara lazımi həcmdə qaz vurulmasına imkan verə bilər ki, bu da gələn qışa mühüm hazırlıqdır”.
Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı zamanı enerji obyektlərinə zərbələrin dayandırılmasına dair razılıq əldə olunub. Ukrayna prezidenti Vladimir Zelenski Trampla danışdıqdan sonra bildirib ki, “enerji atəşkəsi”nə əməl olunmasına nəzarət etmək üçün vurulmayacaq obyektlərin siyahısı yaradıla bilər: "Prezident Trampla müzakirə etdiyimiz mövzuda enerji təhlükəsizliyi, enerji şəbəkəsi və digər mülki infrastruktur haqqında danışdıq. Buna görə də mən prezident Trampa dedim ki, Rusiyanın bəzi uzaqmənzilli silahlarının istifadə oluna bilməyəcəyi obyektlərin siyahısını hazırlamağımız məqsədəuyğun olardı".

Zelenskinin sözlərinə görə, belə bir siyahını hazırlamaq o qədər də çətin olmayacaq. Ukrayna Rusiyanın hücum etdiyi bütün obyektləri bilir və bu söhbətə hazırdır. Prezident əlavə edib ki, müzakirələrdə təkcə diplomatlar deyil, texniki mütəxəssislər də iştirak etməlidir: "Düşünürəm ki, burada daha çox texniki müzakirə aparılacaq: bu obyektlər nədir, onları necə ümumiləşdirmək olar. Həm də - bütün bunlara necə nəzarət etmək olar. Prinsipcə, biz bunu prezident Trampla qismən müzakirə etmişik”.

Onun sözlərinə görə, bu, ruslar, Türkiyə və BMT-də dənizdə təhlükəsiz dəhlizin təşkili ilə bağlı müzakirələr gedən zaman artıq baş verib: "Biz, əsasən, başa düşürük ki, hansı texniki çətinliklər ola bilər və onlara necə nəzarət edə bilərik. Ola bilər ki, texniki qruplar buna nail olarsa, Səudiyyə Ərəbistanında da bu məsələyə baxılacaq. Gəlin ən yaxşısına ümid edək. Baxmayaraq ki, həmişə olduğu kimi, sürprizlər də mümkündür".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR