İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçilikdə gəlinin imtahan cavabına baxırlar - Qeyri-adi adət

İddialara görə, hansısa mühüm əhəmiyyətli bir xəbəri vermək üçün yuxudan oyadılan I Napaleon Bonapartın ilk sözü “Elə bildim, məni imtahan üçün oyatdınız” olub. Əslində, bu iddiaya inanmaqla heç kimə haqsızlıq etmiş olmarıq. Belə ki, tarix Napaleonun çalışqan və nailiyyətləri çox olan şagird və tələbə olduğunu yazır. Təhsil həyatının bütün pillələrində imtahan verən və demək olar ki, həmişə uğur qazanan bir şəxs mütləq bu imtahanlara ciddi hazırlaşmış olmalıdır. Yəni imtahana ciddi hazırlaşan birinin həyəcanı “özünü sınamaq üçün” imtahana qatılan şəxsin həyəcanından qat-qat çox olur.

Yeri gəlmişkən, qeyd edək ki, ilk imtahanlar eramızdan əvvəl 2-ci yüzillikdə Çində keçirilib və sonradan dünyaya yayılıb. Ən çətin və uğur şansı aşağı olan imtahan yenə Çində keçirilir. Məsələ təkcə Çin əlifbasının çətinliyi deyil, əsas səbəb rəqabətdir. Belə ki, hər il orta hesabla 10 milyon şagird ali məktəblər üçün qəbul imtahanı verir. Bu qədər şagirddən yalnız 50-60 mini tələbə adını qazana bilir.

Dünyanın müxtəlif ölkələrində imtahanlar müxtəlif cür həyata keçirilir.

Musavat.com bu dəfə Cənubi Koreyanın maraqlı hesab edilən imtahan prosesindən bəhs edir.

Cənubi Koreyada orta məktəbi bitirən şagirdlər bir növ ali məktəbə qəbul imtahanına bənzəyən “Suneung” imtahanı verirlər. Bu imtahan bütün şagirdlər və ailələr üçün demək olar ki, həyati önəm daşıyır.

İmtahandan öncə ölkədə fövqəladə vəziyyət elan olunur. İmtahan vaxtı bütün aviauçuşlar təxirə salınır, tikinti işləri müvəqqəti olaraq dayandırılır. Bunlar abituriyentləri narahat edən səslərin olmaması üçündür. Dövlət şagirdlərin imtahan binalarına rahat çatmaları üçün də xüsusi tədbirlər görür. Məsələn, həmin gün marketlər, mollar, fabriklər bir saat gec açılır. İmtahana tələsən abituriyenlərin maneəsiz mənzil başına çatmaları üçün həmin günlərdə yük maşınlarının və kamazların nəqliyyat yollarına çıxması qadağan edilir.

Ölkənin polisləri də həmin gün yalnız imtahana köklənirlər. Dövlət onların gündəlik işlərini kənara qoyub, yalnız şagirdlərə kömək etməsi üçün hər cür şərait yaradır. Polis nəqliyyatları imtahana gecikmə ehtimalı olan şagirdləri götürüb, sayrışan işıqları yandırıb onları dərhal ünvana çatdırmalıdır. Bütün bunlar dövlətin imtahana verdiyi önəmdir.

Bəs vətəndaşlar bu imtahana necə yanaşır?

Cənubi Koreyada əhali Suneung imtahanını, demək olar ki, həyatlarının mərkəzinə qoyur. Bu imtahan onların gələcəkdə yüksək maaşlı iş tapmaları üçün “vəsiqə” hesab olunur. Bu imtahandan uğur qazanan şəxslərlə nikaha daha müsbət baxılır. Ailələr övladlarının bu imtahanda uğur qazanmaları üçün məbədlərə üz tutub müxtəlif dini ayinlər həyata keçirirlər.

Musavat.com Suneung imtahanı günü çəkilən fotoları təqdim edir:

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR