Onlayn ictimai-siyasi qəzet
“Frank Şvabe kimi prinsipial demokrata salam olsun”. Yox, bu mənim fikrim deyil. AXCP-nin parlaq simalarından olan Asif Yusifli belə deyir. Azərbaycan müxalifəti bütövlükdə Frank Şvabenin tərəfindədir, onu müdafiə edir. Dünənə qədər elə həmin bu insanlar Ermənistana görə Azərbaycanın üzərinə yeriyən Fransanı birbaşa və dolayısı ilə müdafiə edirdilər. Ümumiyyətlə, Azərbaycan müxalifəti milli və dövlətçilik məsələlərində son dərəcə sürüşkən mövqedədir".
Musavat.com xəbər verir ki, bu fikirlər İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin sosial mediada yaydığı geniş açıqlamasından götürülüb.
Jurnalist daha sonra belə yazır:
"Məsələn, Əli Kərimli dəfələrlə iddia edib ki, İlham Əliyev Rusiya qoşunlarını Azərbaycana "Tayyib Ərdoğandan xəbərsiz dəvət edib. Bununla da Türkiyə-Azərbaycan münasibətlərinə ciddi zərbə vurub". Yəni bu iddiaya görə AXCP Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm verir. Əgər belədirsə, onda alma ağacının altına nar necə düşüb? Xatırladıram, AXCP-nin sədr müavini Seymur Həzi Türkiyədə keçirilən prezident seçkisi ərəfəsində Öcalanın heykəlini uçaltmağı təklif edən Dəmirtaşı “Türkiyə üçün kilid siyasətçi”, “bu coğrafiya üçün cəsur nümunə” adlandırdı. Öncə düşündüm ki, bu, qurama söhbətdir. Az sonra bəli oldu ki, bu, həqiqətdir. Mən buna öncə nədən inanmadım? Çünki mən Seymur Həzini milli dəyərlərə və dövlət maraqlarına sadiq olan gənc və perspektivli siyasətçi hesab edirdim. Onun bur zamanlar həbs olunmasına da dəfələrlə etirazımı bildirmişdim. Nədən Seymur Həzi belə bir bəyanat vermişdi? Əminəm ki, o, Əli Kərimlinin tələbini icra edib. Bəs Əli Kərimli bu sifarişi haradan almışdı? Amerikadan. Düşünə bilirsizmi, Elçibəy kimi əfsanə bir türk millətçisinin bir vaxtlar rəhbəri olduğu partiya PKK-ya açıq şəkildə dəstək verir. Səbəb o idi ki, Amerika, bütövlükdə Qərb Ərdoğanın yox, məhz ermənilərə qarşı daha xoş münasibətdə olan, müvafiq olaraq Azərbaycana dodaq büzən Kılıclaroğunu iqtidarda görmək istəyirdi. Deməli, AXCP hakimiyyətə gəlmək sevdası ilə faktiki olaraq ermənilərin maraqlarından çıxış edib".
E. Həsənli məntiqi və ritorik bir sual verir, həm də özü onu cavablandırır:
"Bəs, İlham Əliyev nə etdi? Əlindən gələn hər şeyi etdi ki, cənab Ərdoğan yenidən Türkiyənin prezidenti seçilsin".
Jurnalist hesab edir ki, zəlzələ bölgəsinə milyardlarla manatlıq dəstəklərdən tutmuş, Kahraman Maraşda Azərbaycan adına qəsəbə inşa edilməsinə, siyasi, informativ, mənəvi planda dəstək verilməsi qədər, bütün addımlar həm də Ərdoğanın prezident seçilməsinə yardım olaraq istiqamətlənmişdi.
"Bəs, İlham Əliyev nədən cənab Ərdoğanın prezident seçilməsinə bu qədər açıq dəstək verdi", deyə jurnalist qiyabən Əli Kərimli ilə debata girir və ona bu cavabı verir: "Çünki o, hamıdan yaxşı bilirdi ki, Kılıçdaroğlu iqtidara gəlsə, erməni separatçıları Qarabağda güclənəcək. Türkiyənin dəstəyini itirən Azərbaycan dünya erməniləri ilə mübarizədə tək qalacaq. Yəni İlham Əliyevin başqa variantı yox idi".
Jurnalist Elbəyi Həsənlinin indi oxuyacağınız fikirləri isə Əli Kərimliniyə qarşı ən ağır sözlər sayıla bilər. Sitat:
"Rəhmətlik Elçibəy sağ olsaydı AXCP-nin yox, məhz İlham Əliyevin yanında yer alardı. Çünki İlham Əliyev faktiki olaraq Əbülfəz bəyin arzularını həyata keçirir. Azərbaycanın erməni işğalı altında olan torpaqlarını İlham Əliyev azad edib, erməni separatçılarını məhz o Azərbaycandan qovub, özü də iti qovan kimi. Türk Dünyasının birləşməsi üçün də İlham Əliyev böyük işlər görür. Hə, Elçibəy istərdi ki, o taylı-bu taylı Azərbaycan vahid dövlətdə birləşsin. İlham Əliyev hələ ki, dünya azərbaycanlılarının bu arzusunu yerinə yetirə bilməyib. Ümid edək ki, o, buna da nail olacaq..."
E. Həsənli alman deputat Şvabe məsələsinə qayıdaraq, bu mövzunu belə davam etdirir:
"Qayıdıram Frank Şvabenin prinsipial demokrat olmasına. Mən onun ingilis və alman dilində olan çıxışlarına nəzər salmışam. Ermənistan-Azərbaycan qarşıdurmasında o, hansı mövqedədir? Bu adamın Ermənistan və ermənilərə xüsusi simpatiyası var. Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma "erməni soyqırımı"nı rəsmən tanıdı. Bu işdə Frank Şvabenin danılmaz xidmətləri var. AXCP rəhbərliyi bunu bilmirmi? Bilir. Frank Şvabe dəfələrlə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağda olan erməni abidələrini məhv edir. Azərbaycan Naxçıvanda olan erməni abidələrni isə çoxdan yer üzündən silib. Xub, “prinsipial demokrat” bilmirmi ki, ermənilər işğal altında saxladıqları Azərbaycan torpağında olan abidələrin, xüsusən məscidlərin demək olar ki, hamısını darmadağın edib. Azərbaycan əsgəri o boyda Qarabağda bayraq sancmağa bir bina tapmırdı. Ağdamın Qafqazın Hiroşiması adlandırılmasından da alman deputatın xəbəri olmayıb? Biri çıxıb mənə Frank Şvabenin bir çıxışını göstərsin ki, orada alman deputat erməniləri Azərbaycanın tarixi abidələriniə qarşı vandal münasibətə görə ittiham edib. Belə bir şey yoxdur. Frank Şvabe sizin dediyiniz kimi “prinsipial demokrat” olsaydı heç olmasa ayda-ildə bir dəfə erməniləri də tənqid edərdi. Etməyib, əksinə, həmişə Azərbaycana qarşı iftiralar yağdırıb. Məsələn, o tələb edir ki, Azərbaycan Qarabağı tərk etmiş separatçı ermənilərin geri qayıtmasını təmin etsin. O, ermənilərin Qarabağdan gedişini də “etnik təmizləmə” adlandırıb. Tutaq ki, bu, həqəqətən də etnik təmizləmədir. Bəs axı 30 illik işğal zamanı 1 milyona yaxın soydaşımız ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdı. “Prinsipial demokrat” nədən bu boyda məsələnin üstündən həmişə sükutla keçib. Nədən bir dəfə Xocalı qırğınından danışmayıb? Təbii ki, bu kimi sualların cavabı AXCP və digər müxalifətçilərə gün kimi bəllidir..."
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ