Onlayn ictimai-siyasi qəzet
İyulun 1-dən Azərbaycanda yeni taksi fəaliyyəti ilə bağlı qaydalar qüvvəyə minib. Bugünlərdə isə Bakıda “manatlıq” taksilərin əsas toplanma yeri olan metronun “20 Yanvar” stansiyasının ətrafı onlardan təmizlənib. Lakin həmin taksilərin yığışdırılması bir sıra problemlər yaradıb. Ərazidən daha çox Sumqayıt istiqamətinə gedən taksiləri indi sərnişinlər əl-əl axtarırlar. Gecikən avtobuslar sərnişinləri yolda qoyur, taksi sürücüləri isə avtomobillərini harada gəldi saxlayırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb.
“Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb. İnzibati Xətalar Məcəlləsində olan son dəyişikliklərə əsasən yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan xüsusi zolaq və həmin zolağı bildirən yol nişanı və nişanlanma xətti mövcuddur və bu kimi qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq digər nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına riayət olunması xahiş olunur”, - deyə BŞDYPİ rəsmisi qeyd edib.
Mövzunu ekspertlərlə müzakirə etdik.
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşımanın əsas hissəsini qeyri-qanuni fəaliyyət göstərən taksilər təşkil edir. Ekspertin fikrincə, bunun əsas səbəbi odur ki, dövlət sərnişinlərin əksəriyyətini ictimai nəqliyyatla təmin edə bilmir: “İctimai nəqliyyatın hər yerdə əlçatan olmaması səbəbindən sərnişinlər şəxsi avtomobillərlə, mikroavtobuslarla daşınır. "Manatlıq" taksilər təkcə Sumqayıt deyil, Ceyranbatan, Masazır, Sulutəpə, Xırdalan istiqamətində də sərnişindaşıma həyata keçirirlər. Marşrutların sayına, intervalına baxsaq, Xırdalana qədər problem yoxdur. Masazır istiqamətində işləyən 525 saylı marşrut isə əhalinin tələbatını ödəmir. Nəticədə narazılıq yaranır. Bu xətt üzrə işləyən avtobusların Cavid Qurbanova məxsus olduğu deyilir. Təəssüf ki, bəzi marşrutların məmurların monopoliyasında olması problemlər yaradır, nə inkişaf etdirirlər, nə də başqa marşrutların ərazidə işləməsinə imkan verirlər. Masazır sakinləri isə “manatlıq” taksilərin ümidinə qalıb... Sulutəpədə də eyni vəziyyətdir. Əsas problem isə Sumqayıtdadır. Normal marşrut yoxdur. 20 Yanvar ərazisini təmizlədilər. Həmin ərazidə fəaliyyət göstərən taksilər isə həyətlərdə dayanmağa başlayıblar, həyətləri zəbt ediblər. Bu isə düzgün deyil. Əgər tələbat ödənmirsə, nəyə görə aidiyyəti qurumlar lazımi şəraiti yaratmır? Fikrimcə, normal şəraiti olan taksi parkı yaratmaq olar. İnsanlar avtovağzala tərəf getmək istəmirlər. Mən təklif edirəm ki, "Avtovağzal" stansiyasını inkişaf etdirmək lazımdır. Əhali arasında təbliğat aparmaq lazımdır. Bununla yanaşı, 20 Yanvar dairəsini tam təmizləmək mümkün deyil. Ora böyük şəbəkədir. Ən azı 10-15 avtomobilin dayanması üçün normal park yeri yaradılmalıdır. Say məhdudiyyəti tətbiq etməklə bunu həyata keçirmək olar. Bağlamaq, təmizləmək çıxış deyil. Vəziyyəti tənzimləmək, çıxış yolu tapmaq lazımdır".
Son iki aydakı vəziyyətlə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin də fikirlərini öyrəndik. Ekspert vurğuladı ki, taksi fəaliyyəti ilə bağlı tənzimləmələrə başlayanda keyfiyyətin artırılmasını əsas gətirdilər, lakin keyfiyyətin nədən ibarət olduğu izah edilmədi: “Taksi fəaliyyətində keyfiyyət dedikdə həm də operativlik nəzərdə tutulur. Taksilərin sayının inzibati qaydada azaldılması nəticəsində vətəndaşların keyfiyyətlə bağlı narazılığı yarandı. Taksidən bir nöqtədən digərinə sürətlə çatmaq üçün istifadə olunur. Lakin öncədən də gözlənildiyi kimi, keyfiyyətin azaldığını müşahidə etdik. Adaptasiya bir qədər zaman tələb edir. Eyni zamanda qiymətin artmasının şahidi olduq. Görünən odur ki, aidiyyəti qurumların fəaliyyəti fraqmentar xarakter daşıyır. Məsələn, bir çox ərazidə velosiped zolaqları çəkilir. Vətəndaş velosipeddən istifadə edirsə, bir nöqtədən digərinə fasiləsiz, rahat getməlidir. Bəzi küçələrdə zolaq var, bəzilərində isə yoxdur. Prosesi kompleks həyata keçirmək lazımdır. Velosiped zolaqları ancaq əsas yollarda görüntü üçün çəkilir. 3-5 küçəni sistemsiz şəkildə daraltmağın nəticəsi isə ziyanlı olur”.
Xalid Kərimli
X.Kərimli həmçinin bildirdi ki, şəxsi avtomobillərin sərnişindaşımada istifadə olunması tamamilə qeyri-qanuni hesab olunmur: “Xarici ölkələrdə də bu təcrübə var. Hətta xüsusi mobil tətbiqlərdən istifadə olunur. Azərbaycanda taksilərin avtobus zolaqlarına girişinə icazə verilmir. ABŞ-da isə hər yolda "carpool" var. Maşında 2 və daha çox sərnişin olduqda xüsusi zolaqdan rahatlıqla istifadə etmək olar. Əgər avtomobildə bir nəfər varsa, bu halda avtobus zolağından istifadə qadağandır. Fikrimcə, avtobus zolağına heç olmasa taksilərin girişinə icazə verilməlidir. Yolun daralması yol iştirakçılarının daha çox narazılığına səbəb olur. Hesab edirəm ki, tədbirlər kompleks həyata keçirilməlidir. Məhdudlaşdırma son tədbir olmalıdır. “O olmaz”, “bu mümkün deyil” demək çıxış yolu deyil. Əksinə, xidmətin keyfiyyəti pisləşir. İctimai nəqliyyatın keyfiyyəti, avtobusların sayı artırılmadan digər nəqliyyat vasitələrinə çıxış azaldılır - taksilərin sayı azaldılır, şəxsi avtomobillərin hərəkəti məhdudlaşdırılır və s. İctimai nəqliyyat keyfiyyətli olmalıdır ki, məhdudiyyət olduqda sərnişinləri yönəltmək mümkün olsun. O ki qaldı taksi fəaliyyətinə, qiymət artımı davam edəcək. Cavabı olmayan suallar çoxdur. Problemlər operativ şəkildə aradan qaldırılmalıdır. Taksi xidmətində keyfiyyət artımı olmayıb, əksinə, keyfiyyət düşüb".
Qeyd edək ki, taksi xidmətində qiymət artımından sonra bu sahədə fəaliyyət göstərən şirkətlərin sürücülərdən aldıqları faizlərin miqdarını qaldırdıqları bildirilir. Belə ki, əvvəllər sürücülər qazanclarının 17 faizini şirkətə ödəyirdisə, artıq 25 faizini ödəməli olurlar. Bu isə qazancın azalması deməkdir. Ekspertlər hesab edirlər ki, əvvəllər şirkətlərin əlavə xərcləri olmadığı üçün çox faiz tələb etmirdilər. Amma hazırda müəyyən rüsumlar ödənilir. Şirkətlər öz xərclərini gəlir üzərində qurduqları üçün sürücülərdən tutulan faizlər qaldırılıb.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ