İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər Tehran Qərbi Zəngəzurun Azərbaycana birləşməsini istəmirsə...” - Politoloq

“Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İranda bundan xoşlanmayanlar var və hesab edirlər ki, bölgədə güclü Azərbaycanın varlığı İranda yaşayan azərbaycanlıların maraq və diqqətinə səbəbdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, biz İranın xarici və təhlükəsizlik siyasətinə qarışmırıq: “İranın da eyni ilə Azərbaycanın seçdiyi yola qarışmamasını istəyirik. Azərbaycanın hansı ölkə ilə necə əlaqə qurması daxili işidir. Bunu İranda qəbul etməyənlər varsa, sonunda mövcud vəziyyətlə barışmalı olacaqlar. Biz dünyəvi dövlət seçimimizdən və tərəfdaş saydığımız dövlətlərlə əməkdaşlıqdan imtina etməyəcəyik. Bunu nəhayət ki, anlamaları lazımdır. Azərbaycan islam respublikası olmayacaq. Dinimiz siyasətdən ayrıdır, bu, tarixən də belə olub, indi də belədir. Ona qalsa, İranda islam inqilabından sonra bu dövlətin bir sıra din xadimi ölkələrində dinin dövlət siyasətinə qarışmasının əleyhinə idi. Onları eşidən olmadı, İran fərqli yol seçdi, qonşumuzun seçdiyi yola da biz qarışmırıq”.

Politoloq digər məqamdan da danışıb: “Bizə aydın olmayan həm də odur ki, müsəlman həmrəyliyindən danışan ölkə necə olub ki, 30 il müsəlman Azərbaycanın torpaqlarının işğalına dözümlü yanaşıb, məscidləri dağıdan işğalçıya sərt üzünü göstərməyib? Doğrudur, İran rəsmiləri hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini, bunu 44 günlük müharibədə də təsdiqləyiblər. Ancaq müharibədən sonra Tehran az qala hər gün Azərbaycana mesaj yollayır ki, “sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir”, yəni demək istəyirlər ki, Qərbi Zəngəzurun indiki statusu dəyişməməlidir. Ona görə narahatdırlar ki, Qərbi Zəngəzur Azərbaycanla birləşsə, birincisi, İranın Ermənistanla sərhədi olmayacaq, ikincisi, böyük türk dünyası dəhliz vasitəsilə birləşəcək. Qərbi Zəngəzur tarixi Azərbaycan torpağıdır”.

Elxan Şahinoğlu bildirib ki, əgər Tehran Qərbi Zəngəzurun Azərbaycana birləşməsini istəmirsə, bunun sadə yolu var: “Tehran “sərhədlər dəyişdirilə bilməz” tezisini hər dəfə təkrarlamaqdansa, İrəvanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırmalıdır. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyarsa, Azərbaycan da qarşılıqlı olaraq Ermənistanın ərazi bütövlüyünü tanıyacaq və Tehranın sərhədlərlə bağlı narahatlığı ortadan qalxacaq. Ancaq Tehran İrəvana çağırış etmək əvəzinə, Bakıya dolayı mesajlar göndərməyə üstünlük verir. Bu isə İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. Azərbaycan qonşu ölkə olaraq İranla dost və tərəfdaş münasibətlərin tərəfdarıdır, ortaq layihələrimiz var, “Şimal-Cənub” nəqliyyat dəhlizi gündəmdədir. Bütün bunlar varkən, Tehranın daima “sərhəd” məsələsini ortaya atması yersizdir. Lap tutaq ki, biz Qərbi Zəngəzuru Azərbaycana birləşdirdik, İran nə edəcək, Azərbaycana qarşı müharibə elan edəcək? Tehranda zənn edirlər ki, İranda yaşayan azərbaycanlılar şimaldakı qardaşlarına atəşmi açacaqlar? Tehranın ən azı Təbrizin “Traxtor” futbol klubunun oyunlarında izdihamı və səslənən şüarları doğru oxuması lazımdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR