Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, martın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə Xankəndi, Əsgəran və Xocalıya səfər ediblər. Səfər çərçivəsində Xankəndinin görməli yerləri, Əsgəran qalası və Xocalı ziyarət olunub.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev səfərin sonunda Xankəndi şəhərinin mərkəzi inzibati binasının qarşısında keçirilən birgə görüşdə çıxış edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasi dialoq və milli birliyin önəmini vurğulayıb:
“Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə başlamış yeni dialoq prosesi və siyasi konfransa keçid ilə bağlı əldə olunmuş dialoq mühiti yaradıldı. Bu, artıq işğaldan azad olunmuş ərazilərə beşinci səfərimizdir. Buna qədər Ağdam, iki dəfə Şuşa və Zəngilan səfərləri olmuşdur. Nə gözəl ki, bu gün Əsgəran, Xocalı və Xankəndini ziyarət edirik. Bəlkə də neçə il əvvəl insanlar belə yerləri xəyallarında belə görə bilməzdi. Burada siyasi partiyalardan başqa, politoloqlar, siyasi şərhçilər, siyasi mənsubiyyəti olan partiyalar, qəzet redaktorları və ümumiyyətlə, siyasi camiədə fəal iştirak edənlər bu gün ölkə başçısının rəhbərliyi altında aparılan Böyük Qayıdışa bağlı görülən yenidənqurma işləri və möhtəşəm şəkildə salınan yeni yolları müşahidə edərək Xankəndinə gəliblər. Biz indi elə bir yerdə dayanmışıq ki, burada Zəfər paradı keçirilib. Bu, qürur dolu anlar idi. Həmçinin, 2024-cü ildə bu binada ilk dəfə olaraq bütövləşmiş, suverenliyini bərpa etmiş Azərbaycanda keçirilən prezident seçkilərində seçki məntəqələrindən biri də burada idi. Ermənilərin yıxıb-dağıtdığı, Azərbaycana barmaq silkələdiyi binanın önündəyik. İndi hər şey yenilənir.”
Siyasi birlik və milli həmrəyliyin vacibliyinə diqqət çəkən Ədalət Vəliyev, qarşıdan gələn Novruz bayramı münasibətilə səfər iştirakçılarını təbrik edib. O, fevralın 25-də siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşü xatırladaraq, bu səfəri həmin dialoqun davamı və Azərbaycanın uğur tarixçəsinin növbəti səhifəsi kimi dəyərləndirib:
“Ali Baş Komandanımız, ordumuz, əsgərimiz və bütövlükdə Azərbaycan xalqı birləşib. Siyasi birliyimizin nəticəsi olaraq birgə yol getmək imkanı yaranır. Mən də qürur duyuram ki, baharın bu ilk günlərini sizlərlə birgə burada qarşılayırıq. Qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizi təbrik etmək istəyirəm.
Fevralın 25-də bizim siyasi camiə ilə, 24 partiya nümayəndələri və sizin iştirakınızla çox samballı, səmərəli görüş keçirdik. Bu da onun bir davamıdır, yeni uğur tarixçəsidir. Bu uğur tarixçəsinin xalqımız üçün davamlı və əbədi olmasını arzulayıram.”
Xalidə Gəray
Video müəllifindir
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ