İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşüncə BLOKADASI…

44 km - bu, Zəngilanla Naxçıvan (Ordubad) arasındakı “qara zolağ”ın uzunluğudur;

Azərbaycan Silahlı Qüvvələri Arazboyu torpaqlarımızı düşmən tapdağından azad edənədək (27.09.2020-22.10.2020), Naxçıvanla o istiqamətdə daha 100 km uzaqlaşmışdıq: işğal altında olan ərazilərə girə bilmirdik və Naxçıvana ya Arazın o bir üzündən uzun yol qət edərək ya da hava yolçuluğu ilə səfər edirdik. Naxçıvanla Azərbaycanın digər bölgələri arasında (Allah qoymasa, “bufer bölgə” qarışıq) üst-üstə 140 km-dən artıq “keçilməz sədd” yaradan düşmən, bu aralığı əbədi etmək istəyirdi. 44 km-lik qara zolağı qorumaq - bu, düşmənin keçmişdə bəlkə minimum, hazırda isə maksimum məqsədidir.

O qara zolaq qərinələr öncə heç yoxuydu, sonra (yanılmıramsa) 26 km-lə başladı və aram-aram 44 km-ə çatdırıldı. Aha, 44-mü?! Deyəsən axı, “052” kimi, “44” də hayların kabusudur. Bilsələrdi, 1 km o yan-bu yan edərdilər… 43 onlarçün daha az təhlükəni simvolizə edərdi, çün 45 də, 44-ün üzərinə 1 günlük antiterror tədbirləri əlavə olunanca alınan rəqəmin özüdür ki var. İnşallah belə getsə, hayların tutarqalıq rəqəmi qalmayacaq: işğal günləri zəfər günləri ilə artıqlamasıyla və möhkəm şəkildə əvəzlənib. Nə, 8 may - “Dağlarda toy” qalıb, nə, “olmazsa-olmaz” Laçının işğal günü - 16 may qalıb… Şəhər günlərimiz təqvimimizi süsləməkdə, keçmiş işğalçıları kədərə boğmaqdadır.

LACİN YENİ.jpg (205 KB)

Bu gün isə Zəngilan Şəhəri Günüdür! - Uğur, qürur dolu günlər paradının Zəngilan bayramı!

ZENGİ SON.jpg (104 KB)

Ağbəndli, Mincivanlı Zəngilan - “zəngin alan”ımız nə üçün çox önəmliydi? 

Birincisi,

Həm Arazın o tayından bəriyə-anrıya qanunsuz gəliş-gediş sıfırlanmış oldu, həm də, 44 günlük müharibədə “44 km-lik “qara zolağ”adək gedib çıxmağımız tarixi uğurun özüydü! Zəngilan və onun Ağbəndi qurtulumayınca, biz, işğalçı ilə sərhədin son bəndinə çıxmış sayılmazdıq. Ağını çıxarmış işğalçının gözünə ağ damızdırmadan və keçmiş uğursuzluqları ağlamadan iş bitmiş sayılmazdı!

İkincisi,

zatən, zamanında dəmir yollarının qovşağı olmuş Zəngilan, yeni dönəmin də avtomobil, dəmir və hətta, hava yolu qovşağı olmağa iddialı bir yerdir.

Üçüncüsü,

zəngin olsun ya olmasın, səfalı olsun, dağ-dərə olsun - fərq etməz, Vətənin hər qarışı önəmlidir, əlçəkilməzdir! - Buna görə!

Önəmli məqamları daha da saymadan, onu deyək ki, “Böyük Qayıdış”ın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. Ağalı “Böyük Qayıdış”ın başladığı, böyüdüyü yerdir. Ağılsız düşmənin ən yaxşı halda poliqon kimi istifadə etdiyi, məskunlaşdırmağa gücü yetmədiyi yerlərdə ağıllı kənd salmışıq. - Bunun özü bütün haysevərlərə də, kainatın ruhuna da gözəl ismarıcdır!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev azad Zəngilana indiyədək düz 12 dəfə səfər edib.

ZENGİ PREZ.jpg (232 KB)

Gəlin, o günləri muncuq kimi bir sapa düzək:

Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdığı 23.12.2020-ci il tarixindən sonra, dövlət başçısı 14.02.2021, 26.04.2021, 20.10.2021, 26.10.2021, 27.05.2022, 19.10.2022, 04.05.2023, 28.09.2023, 29.09.2023, 18.05.2024 və nəhayət 03.10.2024-cü ildə yenə Zəngilanda olub, təməllər atıb, açılışlar edib. Bu il, bu ay gerçəkləşmiş axarıncı səfərin proqramına baxaq:

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi;

- Beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi;

- 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanışlıq;

- Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq;

- “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak… -

Budur, Zəngilanda, Gündoğar Zəngəzurda, Qarabağda həyat qaynayır!

Bəli, 20 oktyabr - Zəngilan Şəhəri Günüdür!

Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir. İnfrastruktur layihələrinin şaxələndirilməsi öz yerində, eləcə də, sakinlərin məşğulluğu qayğısına qalınır. Əlbəttə, məktəb, bağça, tibb məntəqəsi, poçt, bank, habelə “ASAN”, “DOST”, KOB-a dəstək xidmətləri artıq mövcuddur.

Zəngilandakı “DOST Aqropark” adlı layihə isə Azərbaycan ilə Türkiyə şirkətlərinin birgə müəssisəsidir.

Ayrıca, Gündoğar Zəngəzurun, Qarabağın “Yaşıl enerji” bölgəsinə çevrilməsi sürəcində yaşıl Zəngilanın özəl yeri, göyü, küləyi, suyu… bir sözlə, rolu vardır.

Yuxarıda vurğuladığımız kimi, Zəngilan, necə deyərlər, yol qovşaqları ilə, logistik layihələrlə zəngindir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisinin böyük strateji önəmi danılmazdır. Dəmir və avtomobil yolları burada yenidən gündoğardan günbatara, günbatardan gündoğara keçəcək və ən əsası, Naxçıvana, oradan da Anadoluya yol açılacaq!.. “Yol- iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” (Ümummilli lider Heydər Əliyev).

İşğaladək yalnız Xocalı hava limanı varkən, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra, Qarabağ və Gündoğar Zəngəzur Füzuli, Zəngilan, Laçın Beynəlxalq hava limanları ilə süsləndi.

ZENGİ HAVA.jpg (40 KB)

Bu hava limanları o bölgələrin inkişafı baxımından önəmli faktora çevrilib. Böyük infrastruktur layihələri üç-beş illik, qısa bir dönəm üçün deyil, uzunvadili tikilir və bilirik ki, bu günün sabahı var!

Zəngilandan danışırıqsa, Zəngəzur dəhlizinə vurğular etməsək, illa olmaz! Bu dəhlizin açılması, Naxçıvan Muxtar Respublikasını uzun illərin blokadasından çıxaracaq. - Bu, özlüyündə böyük hadisə olacaq; lakin başqa önəmli məqamlar da vardır. Düşüncə, fikir, leksion blokadasından çıxmaq iqtisadi blokadadan çıxmaqdan az önəm daşımır. Bir zamanlar leksionumuz “Minsk qrupu”, “mərhələli həll”, “5+2”, “təmas xətti”, “işğal reallığı”, “Ohonyan xətti”, “Yevlaxa qədər”, “Kürədək”, “adsız yüksəkliklər, “fortifikasiya”, “Qarabağa qanunsuz səfərlər” və s… ilə yüklənmişdisə, indi Zəngəzur, Göyçə, İrəvan daha tez-tez işlətdiyimiz sözlərin başında gəlir. Zəngəzur, Göyçə, İrəvan - qələbəmizdə, qələmimizdə, qəlbimizdədir! O torpaqlar barışa, insanlığa, mədəniyyətə, haqq-ədalətin təntənəsinə nə üçün həsrət qalmalıdır?..

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Əskişəhir, Türkiyə
20.10.2024

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR