Onlayn ictimai-siyasi qəzet
Prezident Trampın sözlərinə görə, Boeing şirkəti ABŞ-nin aparıcı aerokosmik istehsalçıları arasındakı uzunmüddətli rəqabətdə qalib gələrək yeni nəsil hava üstünlüyü platforması üçün əsas podratçı seçilib. O bildirib ki, bu müqavilə ABŞ müdafiə sənayesinə tarixi sərmayədir və ölkənin aerokosmik sahədə liderliyini gücləndirəcək.
Tramp çıxışı zamanı F-47-nin bir neçə unikal xüsusiyyətini vurğulayıb:
"Dronlarla əməkdaşlıq: Təyyarə istənilən sayda dronu idarə edə bilir və onlarla unikal əməliyyatlar həyata keçirir.
Görünməzlik və gizli texnologiyalar: F-47 praktiki olaraq radarlar üçün görünməzdir və düşmənlər onun gəldiyini bilməyəcək.
Manevr və sürət üstünlüyü: Digər döyüş təyyarələri ilə müqayisədə həm manevr qabiliyyətində, həm də sürət baxımından misilsizdir.
Döyüş qabiliyyəti: F-47 hər cəhətdən ən ölümcül və ən qabaqcıl döyüş təyyarəsi olacaq".
Prezident Tramp vurğulayıb ki, təyyarənin eksperimental versiyası demək olar ki, beş ildir gizli şəkildə sınaqdan keçirilir və artıq özünü tam sübut edib.
Tramp qeyd edib ki, ABŞ-nin bir çox müttəfiqi artıq F-47-nin alınmasına maraq göstərir. Bununla belə, o, bəzi ölkələrə satılacaq versiyaların 10% zəiflədilmiş modifikasiyada olacağını bildirib.
ABŞ prezidenti əlavə edib ki, növbəti illərdə F-47-lərin genişmiqyaslı istehsalı üçün yeni hərbi hava bazaları və anqarlar inşa ediləcək. O, artıq istehsal prosesinin qismən başladığını və ilkin sifarişlərin verildiyini bildirib.
Tramp çıxışı zamanı Kanada və Çinlə bağlı da sərt fikirlər səsləndirib. O, ABŞ-nin Kanadaya hər il 200 milyard dollar dəstək verdiyini və bunun ciddi şəkildə nəzərdən keçirilməli olduğunu qeyd edib. Çinlə mümkün iqtisadi müharibəyə toxunan Tramp, Birləşmiş Ştatların buna qarşı güclü şəkildə hazırlaşdığını, lakin strategiyanı reklam etməyəcəyini bildirib.
Prezident həmçinin Elon Mask kimi iş adamları ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, onun israfçılıqla mübarizə aparmaqla ABŞ-nin müdafiə xərclərini azaltmağa kömək etdiyini bildirib.
Tramp çıxışını optimist notlarla tamamlayaraq, hazırda bir çox bölgələrdə atəşkəsin davam etdiyini və yaxın gələcəkdə tam sülhün əldə ediləcəyinə inandığını bildirib. O, müzakirə edilən ərazilərin bölünməsi ilə bağlı bir müqavilənin bağlanacağını və bunun ABŞ-nin yeni müdafiə strategiyasına uyğun olduğunu vurğulayıb.
“Ümid edirik ki, F-47-dən istifadə etməyə məcbur qalmayacağıq. Amma əgər istifadə etsək, düşmənlərimizin başına nə gəldiyini belə anlamayacaqlar” – deyə Tramp əlavə edib.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ