İnsanlara hürriyət, millətlərə istiqlal!

Durovu Assancın taleyi gözləyirmi - həbsin gerçək səbəbləri

Fransaya cavab nə olacaq; Makron Telegram-ın təsisçisini həbs etdirməklə böhran yaradıb

Hazırda dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də Telegram-ın təsisçisi Pavel Durovun həbsidir.

Onun işinin təhvil verildiyi Paris prokurorluğu tezliklə mətbuata açıqlama verməyi planlaşdırır.

Durova qarşı verilən ittihamlar əlbəttə ki, işin görünən tərəfidir. Məsələnin görünməyən tərəfləri nədir? Onu “VikiLeaks”ın rəhbəri Julian Assancın taleyi gözləyə bilərmi? Yoxsa xilası mümkündür?

Onu da xatırladaq ki, “VikiLeaks”ın rəhbəri Julian Assanc böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdı. 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə barəsində həbs cəzası verilən Assanc 2019-cu ildə həbs edilmişdi. Pavel Durov isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur. Bu ittihamlarla o, 20 ilə qədər həbsdə qala bilər.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, kəşfiyyatçı Edvard Snouden Telegram mesencerinin təsisçisi Pavel Durovun Parisdə saxlanmasını söz azadlığı hüququna qəsd, Fransa və bütün dünya üçün təhqir adlandırıb. O, bunu X sosial şəbəkəsindəki hesabında yazıb.

“Durovun həbsi əsas insan haqları olan söz və birləşmə azadlığına hücumdur. Mən təəccüblənirəm və dərindən kədərlənirəm ki, Makron şəxsi kommunikasiyalara çıxış əldə etmək vasitəsi kimi girov götürmə səviyyəsinə enib. Bu, təkcə Fransanı deyil, bütün dünyanı aşağılayır”, - Snouden yazıb

Amerikalı sahibkar İlon Mask da Fransada saxlanılan Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovu azad etməyə çağırıb.

Vacib bir məsələ də Telegram üzərindən aparılmış gizli siyasi yazışmaların yayılması ehtimalıdır. Bu baş verə bilərmi?

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirir ki, Fransanın hava limanında həbs olunan Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun məsələsi xeyli qarışıqdır: “Birincisi, Rusiyanın siyasi və hərbi dairələri Durovun həbsindən bu qədər narahat olublarsa, vaxtında onun ölkə ərazisini tərk edərək Kremlin düşməninə çevrilən Fransa vətəndaşlığı almasına niyə seyrçi qalıblar? Bu ona bənzəyərdi ki, Facebook-un yaradıcısı ABŞ-a etiraz olaraq Rusiyaya köçərdi. Durov Rusiyada biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək 3 il əvvəl ölkə vətəndaşlığından imtina edib.

Ancaq bir məsələ də var ki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini Telegram üzərindən həyata keçirir. Ona görə də həmin strukturlar indi qorxurlar ki, Durov sosial şəbəkənin kodlarını Fransanın kəşfiyyat struktularına təhvil verə bilər. Bu isə öz növbəsində Rusiyanın siyasi və hərbi strukturlarının nümayəndələrinin Telegram üzərindən yazışmalarının ifşa olmasına şərait yaradacaq.

Digər müəmma isə bundan ibarətdir ki, Durov Fransada həbs olunacağını bilə-bilə şəxsi təyyarəsi ilə Bakıdan Parisə uçmağa qərar verib. Fransanın müvafiq strukturları Durovun Bakı səfərinin təfərrüatlarını da ondan öyrənməyə çalışacaqlar".

Elxan Şahinoğlu qeyd edib ki,  Rusiyanın mühacirətdə olan müxalifət nümayəndələri və yazarları ikiyə bölünüblər: “Bir qisim Durovun həbsinin siyasi motivli olduğuna iddia edərək onun azadlığını tələb edir, digərləri isə Telegram yaradıcısının Rusiyanı tərk etməsinə baxmayaraq, onun şəbəkəsinin işğalçı qüvvələrin dəstəkçisi rolunda çıxış etdiyini vurğulayırlar”.

Politoloq Zeynal Əmrəliyevin fikrincə isə Durovun həbsi ilə bağlı Fransaya qarşı addımlar atılmazsa, Durovu Assancın taleyi gözləyə bilər:

zeynal-2.jpg (37 KB)

“Pavel Durovun həbsi təbii ki, siyasi məqsədlərə xidmət edir. Yəni açıq-aydındır ki, Durov məhz Fransa kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etdiyi üçün həbs edilib. O da məlumdur ki, eyni təklif ona vaxtilə "VKontakte"nin rəhbəri olarkən Rusiya hakimiyyəti tərəfindən verilmişdi və Durov həmin vaxt bu təklifdən imtina etmişdi. İndi isə təklifi Fransa edir, amma anlamır ki, əgər Durov öz ölkəsi üçün bunu etmirsə, niyə Fransa rəhbərliyi üçün etsin?

Durovun Rusiya hakimiyyəti ilə münasibətləri o qədər də yaxşı olmasa da məlumatlar var idi ki, Rusiyanın hazırda siyasi hakimiyyətində təmsil olunan siyasi şəxslər yazışmalarını Telegram üzərindən həyata keçirirlər. Rusiyanı və bəzi ölkələri narahat edən məsələ məhz budur. Yəni siyasi yazışmalarının ələ keçirilməsi və ifşa olunmasından narahatdırlar. Bəli, əgər həmin yazışmalar ələ keçirilib, ifşa olunarsa, “VikiLeaks”ın timsalında dünyada yeni bir  skandal yaşana, eyni zamanda Durovu Julian Assancın aqibəti gözləyə bilər.

Makron Durovu həbs etdirməklə böhran yaradıb. Onun həbsi ilə Fransa hakimiyyətinin demokratik dəyərlərə hörmətsizliyi ifşa olundu.

Hesab edirəm ki, Fransaya qarşı analoji addımlar atılacaq və Durov həbsdən  azad ediləcək. Əks halda, “Telegram”dakı yazışmalar ələ keçərsə, onu “VikiLeaks”ın rəhbəri Julian Assancın taleyi gösləyə bilər və bu da dünya üçün heç də xoş olmayan hadisəyə çevrilər, insanların kütləvi şəkildə sosial şəbəkələrdən soyumasına gətirib çıxarar".

Bəs Pavel Durovun həbsindən sonra Telegram nə qədər təhlükəsizdir?

Osman Gündüz — Vikipediya

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzunu şərh edib: “Telegram-ın digər sosial resurslara nisbətən daha təhlükəsiz olması görüntüsü olsa da, gizlilik, şəffaflıq və hesabatlılıqla bağlı onda da yetərincə problemlər vardı. Bu sosial resursdan əvvəlki qaydada şəxsi istifadə və Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı. Sadəcə, fərqində olmaq lazımdır ki, Telegram-da təhlükəsiz deyil. Xüsusilə də bundan sonra..."

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR