İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaya demokratiya adı ilə fəlakət gətirən ABŞ- Cənubi Qafqaz üçün maşa Ermənistandır?  

 

ABŞ-nin dünyanın istənilən nöqtəsində münaqişə ocağı yaratmağa meyilli olması, demokratiya adı altında bölgələrə fəlakət gətirməsi hər kəsə məlumdur. Birləşmiş Ştatlar ayrı-ayrı yerlərdə öz hegemonluğunu qorumaq üçün “parçala və hökmranlıq et” siyasətini yürüdür. Rəsmi Vaşinqton bunu həyata keçirmək üçün digər ölkələrin ərazisində ictimai narazılığı təşkil edir,  iğtişaşların maliyyəçisinə çevrilir və  yaxud da “rəngli inqilablar”la bəyənmədiyi prezidentləri, hakimiyyətləri devirir.

Belə siyasətin ən son nümunəsi kimi Banqladeşdə baş verən hadisələri göstərmək olar.

ABŞ-nin burnu indi də Cənubi Qafqazda, daha dəqiq desək, Ermənistan-Azərbaycan sərhəddində görünür. Sülh müqaviləsi ilə bağlı danışıqların getdiyi bir məqamda Amerika gizli şəkildə Ermənistana bir ucdan silah daşıyır və bunu şərh etməkdən yayınır.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ kimi güc mərkəzləri böyük həvəs və istəklə münaqişə ocaqları yaradırlar. Bu, onlara müdaxilə imkanları yaradır. Digər tərəfdən də öz siyasi hədəflərini uzaqlarda həyata keçirmək şansını verir. 

“Münaqişə ocaqları hegemon qüvvələrə birinciliyin kimdə olduğunu göstərmək imkanını verir. ABŞ-nin əsas qayəsi ondan ibarətdir ki, dünya nizamını sona qədər çökdürsün. 

Hazırda Ermənistanı yenidən silahlandırmaqla revanşizm ruhunu qidalandırır və ATƏT-in Minsk qrupunu yenidən oyatmaq istəyir.

Bu, ondan xəbər verir ki, ABŞ və Qərbin bəzi dairələri üçün qondarma Qarabağ  və ya Azərbaycan-Ermənistan münaqişəsi bitmiş sayılmır. Onlar hələ son şansdan istifadə etmək istəyirlər. Hesab edirlər ki, mübahisəli məqam sona çatmayıb və bundan istifadə edərək Azərbaycana təzyiqlərini göstərsinlər.

 ABŞ dünya birliyini qlobal müharibə ilə hədələyir. Bəs bu qlobal müharibəyə yol açanlar kimlərdir? Burada Rusiyanın böyük günahı var. 2022-ci ildə Ukraynaya xüsusi əməliyyat adı altında müdaxilə etdi. Və əsas gücü ora yönəltdi. İsrailin də çox böyük günahı var. Fələstinlə münaqişələr fonunda Amerikaya çox böyük şanslar yaradır.

Sizə bir məqamı da qeyd edim. Hazırda Kursk vilayətinə daxil olan Ukrayna ordusunun tərkibində ABŞ və Böyük Britaniyada təlimlər keçmiş xüsusi dəstələr var. Onlar Rusiya ordusuna qarşı mübarizəni böyük məharətlə davam etdirdilər. 

Kurska ona görə daxil oldular ki, Sunca məntəqəsinin ətrafında qaz paylaşdırıcı stansiya var.  O stansiyadan Avropaya qaz ixracatı davam edir. Onu alanlar içərisində Slovakiya, Sloveniya, Avstriya kimi ölkələr var.

Məhz ora müdaxilə etməklə qazpaylayıcı stansiyanın fəaliyyəti dayandırıla bilər.  Bu, artıq  fors-majordur. Ancaq fors-major ətrafında baş verən hadisənin günahı kimin üzərinə düşəcək?  Əlbəttə, Rusiyanın. Çünki hadisələr Rusiyanın ərazisində baş verir. Çalışırlar ki, Rusiyanın borc yükünü, iqtisadi çətinliklərini artırsınlar.  Burada biz geosiyasi və geoiqtisadi oyunun elementlərini görürük. Bütün bu proseslərdə pozucu dəsti-xətti görürük. Məqsəd isə xaos yaratmaqdır”.

ABŞ səfirliyi Ermənistana silah daşınması ilə bağlı sualı şərh etmədi

Politoloqun sözlərinə görə, Qərb birlikləri Ermənistanı silahlandırmaqla Azərbaycana basqı edir:  

“Hamısı düşünülmüş şəkildə baş verən proseslərdir. Əksər oyunçuların məqsədi odur ki, dövlətlər görünməmiş çətinliklərlə üzləşsinlər və güc mərkəzlərindən imdad diləsinlər. Ancaq hər şey onların yazdığı ssenari ilə olmur.

Ermənistan onsuz da maşa dövlətdir.  Onun 90 faiz ərazisi Azərbaycana məxsus torpaqlardır. Bu dövləti zorla yaratdılar. Dövlətin özünün müstəqil, suveren siyasəti yoxdur. Digər tərəfdən ona aydın qərar verməyə imkan vermirlər.

Nikol Paşinyan özünü rahat, sabit apara bilər. Amma bu o demək deyil ki, ölkəsi üçün böyük bir təminat yaradacaq.

Hazırda Ermənistanda Rusiyaya qadağan olunmuş texnologiyaları, qurğuları ötürməklə qara bazardan böyük pullar qazanırlar.  Ancaq bu, müvəqqəti bir canlanmadır. Ermənistanın çox ciddi problemləri var. Onların öhdəsindən gəlmək üçün antiböhran proqramı həyata keçirməlidirlər.

Təəəssüf ki, qonşumuz hələ də maşa rolunda qalır. Azərbaycan isə özü- öz siyasətini müəyyən edir, heç kimə imkan vermir ki, yuxarıdan aşağı baxsın, ultimatum dili ilə danışsın. Qərarları Bakı verir.  İrəvanın isə bu səlahiyyəti yoxdur.  Kilsə, diaspora və güc mərkəzləri əlini bağlayıb”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR