İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya qlobal kataklizmlərdən necə qorunacaq? – Milyardlar lazımdır

Ötən il Dubayda keçirilən COP28-in – iqlim sammitinin növbəti il Azərbaycanda keçirilməsi ilə bağlı beynılxalq konvensiya iştirakçılarının yekdilliklə qərar qəbul etməsi sıradan bir şey deyildi.

Bu, Azərbaycanın beynəlxalq arenada tanınmasının, nüfuzunun, bu kimi beynəlxalq tədbirlərin işində fəallıq göstərməsinin göstəricisiydi.

Etiraf edək ki, istənilən ölkənin ən intellektual, dünyagörüşlü kəsiminə aid olan insanlar belə dünyanın 200 ölkəsinin nəinki yarısının adını saya bilməzlər. Çünki Yer üzündə xırda dövlətlər çoxdur, okeanın dərinliklərində, materiklərin ucqarlarında yerləşən kiçik dövlətlər var. Ancaq Azərbaycan onların arasında deyil. Yəqin ki, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndə heç bir dövlətin nümayəndəsi “Azərbaycan haradadır, hansı dövlətdir” deyə sual etməyib.

Bu məsələdə ölkəmizin son 4 ildə həyata keçirdiyi özünümüdafiə kampaniyasının da rolu olmamış deyil. Cəmi 44 gün çəkən hərbi əməliyyatlar vasitəsilə dövlətimiz həm özünü, ərazisini qorumaq qabiliyyətini nümayiş etdirdi, həm də dünya ölkələrinə örnək oldu: hər kəs gördü ki, müharibəni mülki əhaliyə zərər vermədən, qısa müddətdə necə başlamaq və bitirmək mümkündür.

Dünyanın hər yerindən gələn qonaqlar

Bilindiyi kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya qaydasında dəyişir. Bu beynəlxalq konvensiyaya 198 ölkə qoşulub. Onların 196-sından 72 min iştirakçı Bakı sammitində iştirak üçün qeydiyyatdan keçib. Sammitə qatlanlar arasında 80 ölkənin prezidenti, vitse-prezidenti, baş nazirləri var. Başqa ölkələr də müvafiq sahəyə məsul olan nazirlər və digər yüksək mənsəbli şəxslərdən ibarət nümayəndə heyətləri ilə təmsil olunublar.

Ölkəmizə gələn yüksək ranqlı qonaqlar arasında Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərləri, Avropa İttifaqı Şurasının prezidenti də var. Ancaq elə ölkələr də var ki, onların rəhbərləri müxtəlif (səhhət, təhlükəsizlik, sanksiya və s.) səbəblərdən öz ölkələrindən kənara çıxmırlar.

Dünyanı iqlim fəsadlarından qorumaq üçün milyardlar xərclənəcək

Bu da bəlli bir gerçəkdir ki, COP sammitlərində həmişə maraqlı və gərgin polemikalar olur, müxtəlif ölkələrin maraq və mənafeləri toqquşur. Çünki ölkələrin sənaye gücü eyni olmadığı kimi, dünyadakı iqlim dəyişikliklərinə təsirləri də, planetin ekosistemi üçün yaratdıqları problemlər də eyni deyil. Bu məsələdə böyük dövlətlərin məsuliyyəti də böyükdür və onlar dünyada ekoloji tarazlığı qorumaq üçün daha çox maliyyə vəsaiti ayırmağa, daha çox iş görməyə borcludurlar.

Məsələn, 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır.

İqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə aparmaq üçün böyük maliyyə vəsaitinin lazım olduğu zamanın zərurətdir. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları belə açıqlamalar yayaraq bildiriblər ki, onlar bu məqsədlə iriməbləğli maliyyə vəsaiti ayıracaqlar. Məsələn, Dünya Bankı nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün ayıracağı məbləğin həcmini 170 milyarda çatdıracağını bəyan edib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır.

Son illərdə xüsusilə şiddətlənmiş qlobal kataklizmlər bütün ölkələri vadar edir ki, insan fəaliyyətinin, sənayeləşmənin nəticəsi olaraq meydana çıxan problemlərin həlli üçün A-dan Z-yə qədər bütün dövlətlər koordinasiyalı şəkildə fəaliyyət göstərsinlər. İqlim dəyişikliyi ilə bağlı baş qaldıran kataklizmlər böyük dövlət-kiçik dövlət ayrı-seçkiliyi bilmir. Fəsadlar ABŞ-də də problemlər yaradır, İspaniyada da, Çexiyada da, San Tome və Prinsipi dövlətində də.

Bu baxımdan noyabrın 22-nə qədər Azərbaycanda davam edəcək sammitdə dünyanı qlobal kataklizmlərdən qorumaq üçün effektiv qərarların qəbul ediəcəyinə, ekoloji problemlərin həlli istiqamətində yeni cığırların açılacağına ümidlər böyükdür.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR