İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğma gedər, doğmalıq qalar…

(Qənirə Paşayeva – 50)

Azərbaycanın Millət vəkili, Türk dünyasının sevilən qızı Qənirə Paşayevanın 50 illik yubileyini onsuz qarşılayırıq… “Bəlkə mən heç 50 yaşa çatmadım” - ürəyinə dammış kimi bir müsahibəsində belə demişdi. Dini, fəlsəfi, milli, elmi, dünyəvi, təcrübi… - hansı bucaqdan baxsaq, bir təsəlli bulunur, əlbəttə; əlbəttə, torpağın üzü soyuqdur; lakin elə də asan olmur axı… Dost, bacı, yoldaş, sirdaş, gözəl qonşu, xeyirxah elqızı, Millət vəkili, Komitə sədri, təşkilat başqanı, Türk dünyası aydını, telejurnalist, siyasi elmlər doktoru, ictimai xadim… - onu tanıyan, bilən hər kəs üçün bir doğma yönü vardı Qənirə xanımın. Doğmalıq Günəşin şəfəqləri kimidi, paslanmayan altun kimidir və bunlardan da üstün bir məziyyət vardır: doğma gedərsə də, doğmalıq qalar…

Bəli, doğrudan da, elə insanlar olur, onlar üçün “yaşadı” demək yetmir. Çünki onların ömrü təqvim illəri ilə deyil, doğmalıqları və gördükləri doğru işlərin dəyəri ilə ölçülür. Qənirə Paşayeva da belə insanlardan idi – ömrə ömür sığdıran, ulusu üçün yaşayan, yazıb-yaradan, Türk dünyası sevdalılarının könlündə taxt quran bir xanıməfəndi… 

55a2c992-286f-4aae-8ce5-55d67d9e8249.jpg (138 KB)

O, həyata gözlərini yazda açdı, payızda əbədiyyətə qovuşdu… Amma bu sadəcə təqvimlərdəki dəyişikliyi ifadə etmir. Hələ də yüyrək amma nizamlı addımlarının səsi gəlir elə bil…

Qənirə Paşayeva söz adamı və öz sözünün yiyəsi idi. Amma təkcə danışan, yazan deyil, sözün ciddiyyətini dərk edən, onu əmələ çevirən, ürəklərə köçürən bir söz adamı!.. Jurnalistikadan siyasətə, poeziyadan xeyriyyəçiliyə qədər hər sahədə eyni yanğı ilə çalışırdı o.

Türk dünyasının qayğısını da, uğurunu da öz könlündə, öz canında hiss edən Qənirə xanım, bəzən əlində bayraq dalğalandıran bir uşağın baxışlarında, bəzən də tariximizin qaranlıq səhifələrində yanan ağ şam işığında duyğularına tərcüman bulurdu… 

a95bdc33-7d2c-402a-87dd-75b4935163b5.jpg (83 KB)

Onun son günləri ilə bağlı anılar da insanın içini titrədir. Özüm şahidəm: komaya düşməzdən az əvvələ qədər növbəti həftələrin, ayların iş planlarını tutur, dəqiqləşmələr aparırdı. Bir yandan sanki heç yana, heç yerə tələsmirdi, digər yandan tələsirdi, tələsirdi…
Fələk onun qədər səxavətli olmadı…

Budur, Qənirə xanımın 50 yaşı tamam olur… 50 yaş nədir ki?!.

Ruhun şad olsun, qənirsiz Qənirə xanım!

Xocalıda çatılan bayram tonqalları ruhuna agahdır, umarım.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR