İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomla işsizlik: ali təhsil sistemi iflas edir?

Kamran Əsədov: “150 ixtisas var, amma bazarın istədiyi yalnız 10-dur”

“Əmək bazarında ən çox iş tapan məzunların siyahısı bir daha sübut edir ki, Azərbaycan universitetlərində yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq, real sektor yalnız konkret və məhdud sayda sahəyə tələbat göstərir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Təhsil ekspertinin bu açıqlaması bir daha hazırkı ali təhsil sistemimizlə əmək bazarının ziddiyyətlərini açıq şəkildə ortaya qoyur.

Kamran Əsədovun açıqladığı statistikaya əsasən, ölkədə iş tapmaq şansı yüksək olan ixtisaslar siyahısında iqtisadi və idarəetmə yönümlü sahələr üstünlük təşkil edir.

Ən çox iş tapan məzunların siyahısı budur: İqtisadiyyat - 2,554 nəfər, maliyyə - 1,806 nəfər, mühasibat uçotu - 1,746 nəfər, menecment - 1,574 nəfər, sənayenin təşkili - 1,515 nəfər, biznesin idarə olunması - 1,331 nəfər, dünya iqtisadiyyatı - 1,315 nəfər, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 1,096 nəfər, bədən tərbiyəsi - 1,044 nəfər, hüquqşünaslıq - 868 nəfər.

Bu siyahı göstərir ki, tələb olunan kadrların əksəriyyəti ya iqtisadiyyata, ya da konkret sahə üzrə idarəetməyə istiqamətlənib. Amma bu rəqəmlər fonunda universitetlərdə 150-dən çox ixtisasın mövcudluğu ciddi suallar doğurur: bu qədər müxtəlif ixtisaslar kimə lazımdır? Onları bitirən gənclərin aqibəti necə olur?

Ekspertlər qeyd edir ki, hazırda əmək bazarı ilə təhsil arasında uçurum mövcuddur. Belə ki, universitetlərdə tədris olunan ixtisasların çoxu əmək bazarının real tələblərinə cavab vermir.

Bir çox ixtisaslar sadəcə formal olaraq saxlanılır, lakin onların məzunları ya iş tapmaqda çətinlik çəkir, ya da tamam fərqli sahədə fəaliyyət göstərməyə məcbur qalırlar.

Sürətlə dəyişən texnoloji tələblərin də öz təsiri var. İKT, süni intellekt, kibertəhlükəsizlik, data analitikası kimi sahələr qlobal miqyasda sürətlə inkişaf edir. Amma Azərbaycanda bu sahələr üzrə proqramlar ya çox azdır, ya da məzmun baxımından müasir tələblərə uyğun deyil.

Bundan başqa, peşəkar texniki kadr çatışmazlığı var.

Bəs nə etməli?

Ekspertlər qeyd edir ki, ilk növbədə əmək bazarı ilə inteqrasiya olunmuş proqramlara ehtiyac var. Hər ixtisasın əmək bazarındakı qarşılığı təhlil olunmalı və bu əsasda kvotalar müəyyənləşdirilməlidir. Dövlət və özəl sektor nümayəndələri ilə tədris proqramlarının ortaq şəkildə hazırlanması vacibdir.

Həmçinin peşə və texniki təhsili genişləndirilməlidir. Ali təhsildən fərqli olaraq, praktik bacarıqlar öyrədən qısamüddətli sertifikat proqramları və peşə kursları təşviq edilməlidir. Sənaye və istehsal müəssisələri ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramları təşkil olunmalıdır.

Rəqəmsal bacarıqların bütün sahələrə inteqrasiyası vacibdir. Hər ixtisasda rəqəmsal savadlılıq, informasiya texnologiyalarından istifadə və analitik düşüncə bacarıqları tədris olunmalıdır.

“Klassik” ixtisaslar belə rəqəmsallaşmağa məcburdur: məsələn, hüquq sahəsində hüquqi texnologiyalar, tərcüməçilikdə süni intellekt alətləri, kənd təsərrüfatında aqrotexnologiyalar.

Kamran Əsədov

Kamran Əsədov 

Kamran Əsədov qeyd edir ki, hazırda universitetlər kütləvi şəkildə yeni ixtisas açsa da, heç biri bu ixtisaslar üzrə bazarın tələbinin olub-olmadığını yoxlamır. Bu isə ciddi dövlət nəzarəti və sistemli islahat tələb edir. Ali təhsil haqqında qanunda ixtisas siyahısı və qəbul planları hər il əmək bazarı ilə uyğunlaşdırılmalı, reallığı əks etdirməyən ixtisaslar ya bağlanmalı, ya da restrukturizasiya olunmalıdır: “Universitetlərin akkreditasiyasında yalnız akademik göstəricilər deyil, məzunların məşğulluq səviyyəsi əsas meyar olmalıdır.

Elm və Təhsil Nazirliyi və Dövlət Məşğulluq Agentliyi bu reytinqi təqdim etməklə çox vacib bir addım atıb. Amma bu, başlanğıcdır. Növbəti addım - nəticəsiz ixtisasların siyahısının hazırlanması, ali təhsil sistemində məzmun islahatlarının aparılması və universitetlərin real bazara yönəldilməsi olmalıdır. Əks halda, hər il minlərlə gənc universitetə daxil olur və dörd il sonra “işsizlər sırasına” çıxış diplomu ilə daxil olur. Bu isə artıq sadəcə təhsil problemi deyil, bu, sosial ədalətsizlikdir".

Beləliklə, bütün bunlar onu göstərir ki, təhsil sistemində köklü struktur islahatlarına, yeni təhsil proqramlarına ehtiyac var. Sadəcə, yeni fakültələr açmaq və ya diplomlar təqdim etməklə problem həll olunmur. Həll yalnız bazarla sinxron, adaptiv və çevik bir ali təhsil siyasəti ilə mümkündür.

Əks halda, hər yeni tədris ili həm universitetlər, həm valideynlər, həm də gənclər üçün yeni illüziyaların başlanğıcı ola bilər.

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR