İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat təqaüdçülərin durumundan danışdı: “Deyiblər ki, sizə çox ödəmişik, geri qaytarın!”

“Bu il bizdə pensiya orta hesabla 363 manat, 2023-cü ildə isə 423 manat olacaq. Qeyd edim ki, burada müəyyən gerialmalar da nəzərdə tutulur. Hesab edirəm ki, pensiyaçının cinayəti və günahı olmadan ona artıq pensiya təyin edilibsə, burada onun günahı olmadığından verilən pul geri alınmamalıdır. Yox, əgər məmurla cinayət əlaqəsinə girilibsə, bu ayrı məsələdir”.

Musavat.com-un məlumatına görə, bu fikirləri deputat Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində söyləyib. Onun sözlərinə görə, hər il inflyasiya olur, cari ildə isə inflyasiya ikirəqəmli olub.

Deputat digər pronlemləri də sadalayıb: “Yaşlı adamların müalicəyə ehtiyacı var. Musa (Quliyev-red.) müəllimə müraciət edirəm, qanunvericilik subyekti ilə danışsın! Əgər pensiya məbləği orta aylıq əmək haqqından çoxdursa, ondan tutulsun, yox, əgər məbləğ orta aylıq əmək haqqından azdırsa, tutulmasın. Amma pensiyaçıdan bunu tutmaq onlar üçün ciddi problem yaradacaq”.

Q.Həsənquliyev gənc ailələrin də problemlərinə diqqət çəkib: “Bu yaxınlarda gənc ailə mənə müraciət edib, hər ikisi işləyir və kirayədə qalırlar, ancaq güclə dolanırlar. Xanım analıq məzuniyyətinə çıxıb və məzuniyyət pulunu alıb. Sonra da gedib uşaq üçün çarpayı alıb və sair. Amma sonra deyiblər ki, sizə çox ödəmişik, geri qaytarın! Əslində belə hallarda məsuliyyət səhvə yol verən məmurun üzərinə düşür”.

Deputat xatırladıb ki, vaxtı çatanda deputatlar da pensiyaya çıxacaqlar: “Biz ağsaqqalların, pensiyaçıların qeydinə nə qədər qalsaq, bizim də qeydimizə o qədər qalacaqlar. Pensiyaçılarla bağlı məsələ önəmlidir. Onların çoxunu övladları saxlayır”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR