Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Vaşinqton yaxınlığında American Airlines-a məxsus sərnişin təyyarəsi ABŞ ordusuna aid bir helikopterlə havada toqquşaraq Potomak çayına çırpılıb.
Musavat.com xəbər verir ki, hadisənin baş vermə səbəbi hələ də dəqiqləşdirilməsə də, xilasetmə qrupları gecə saatlarında buz kimi soyuq suyun içində axtarışları davam etdirir.
Trampdan qalmaqallı açıqlama: “Qəzanın qarşısı alına bilərdi”
Hadisə ilə bağlı yazılı açıqlama verən ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı prosesləri yaxından izlədiyini və insanların xilas olması üçün dua etdiyini bildirib.
O idarəetmə qülləsinin xətalı olduğunu vurğulayıb.
"Helikopter birbaşa təyyarəyə doğru gedirdi. Nə üçün dispetçerlər helikopterə nə edəcəyini deməyiblər? Bu, qarşısı alına biləcək bir qəza idi. Bu qəzanın baş verməsi yaxşı hal deyil. Təyyarə hava limanına mükəmməl və rutin yanaşma xətti ilə irəliləyirdi. Helikopter uzun müddət təyyarəyə doğru hərəkət etdi. Hava aydın idi, təyyarənin işıqları parıldayırdı. Bəs nə üçün idarəetmə qülləsi helikopterə təyyarəni görüb-görməmələrini soruşmaq əvəzinə nə edəcəyini söyləmədi?" - ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, helikopterin pilotu ya manevr etməli, ya da hava qülləsi ona müvafiq göstəriş verməli idi: "Hava qülləsi nəzarət edirdi, yoxsa yox? Bu, sadəcə dəhşətlidir!"
Trampın açıqlamaları təxribat müzakirələrini alovlandırıb.
American Airlines və hərbi rəsmilərdən açıqlamalar
Hadisə ilə bağlı American Airlines şirkətinin baş direktoru Robert Ayzom (Robert Isom) da reaksiya verib. O, təyyarələrindən birinin düşməsindən “dərin kədər” duyduğunu bildirib və ailələrə başsağlığı verib.
ABŞ ordusunun rəsmi nümayəndəsi isə bildirib ki, qəzaya səbəb olan helikopter təlim uçuşunda olub. Hadisə yerində xilasetmə işləri davam etdiyi üçün hərbi qüvvələr hazırda təhqiqatın detalları barədə açıqlama verməkdən çəkinirlər.
Sosial mediada yayılan görüntülər və xilasetmə əməliyyatı
Hava limanındakı bütün uçuşlar qəza səbəbindən dərhal dayandırılıb. Sosial şəbəkələrdə təyyarə ilə helikopterin toqquşma anını əks etdirən videolar yayılmağa başlayıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib.
Vaşinqton DC-nin yanğın və fövqəladə hallar xidmətinin rəhbəri Con Donnelli Sr. bildirib ki, təyyarənin bir neçə yerə parçalandığı təsdiqlənib və Potomak çayında aparılan axtarışlarda təxminən 300 xilasetmə işçisi iştirak edir. O qeyd edib ki, hava şəraiti olduqca sərtdir, güclü külək və dondurucu su axtarışları çətinləşdirir.
Qəzanın dəqiq səbəbləri hazırda araşdırılır, rəsmi qurumlar isə hadisə ilə bağlı növbəti saatlarda yeni açıqlamalar verəcəklər.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ