İnsanlara hürriyət, millətlərə istiqlal!

Davos Forumu Azərbaycana nə qazandırır - Prezidentin mühüm görüşləri

DİF-in Azərbaycana yüksək önəm verdiyi bir daha aydın oldu; deputat: “Forumun iqtisadi və siyasi əhəmiyyəti bu gün daha da artıb”

Bu günlərdə Dünya İqtisadi Forumunun Davosda növbəti illik sammiti keçirildi. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də Dünya İqtisadi Forumunda iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrədə-Davosda  keçirilən ənənəvi Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı və bu səfər çərçivəsində keçirdiyi mühüm görüşlər diqqət mərkəzindədir. 

Prezident İlham Əliyev dünyanın nüfuzlu dövlətlərinin və nəhəng şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. 

Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla görüşüb. AZƏRTAC xəbər verir ki, Almaniya kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb. Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla da görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb. Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə də görüşüb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. İraq prezidenti eyni zamanda təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib. Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı İraq prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edilib, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Prezident Davosda qarşı tərəfin müraciətləri əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani və Ukrayna prezidenti Volodimir Zelenski, “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersenlə də görüşüb. Henrik Poulsen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. “Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verilib. Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Azərbaycan Prezidenti Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimlə də görüş keçirib. Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.

Prezident İlham Əliyevin Davosda digər bir sıra dövlət başçıları, nəhəng şirkətlərinin rəhbərləri ilə də görüşləri olub.

Prezident İlham Əliyev Davosdan özünün sosial şəbəkə hesabında paylaşım edib. Prezident qeyd edib: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”.

Qeyd edək ki, Dünya İqtisadi Forumu 1971-ci ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilir. Forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Azərbaycan da bu platformadan maksimum faydalanır. Beynəlxalq əməkdaşlığın, investisiya cəlbinin artmasında, əlaqələrin möhkəmləndirilməsində ölkə rəhbərliyinin Davos Forumunda davamlı iştirakının mühüm rolu var.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, forumun Azərbaycan üçün ən mühüm nəticələri ölkəmizin beynəlxalq iqtisadi nüfuzunun daha da artması və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının meydana çıxması olacaq: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı olduqca önəmli hadisədir. Məlumdur ki, Davos İqtisadi Forumunda dünyanın əksər ölkələrinin siyasətciləri, diplomatları, rəhbərləri, iqtisadçıları, böyük şirkətlərin, maliyyə qurumlarının rəhbərləri, böyük təşkilatların nümayəndələri iştirak edir. Cənab Prezidentin Davos İqtisadi Forumunda iştirakı da bütün bu istiqamətlərdə fədakar fəaliyyətinin davamıdır. Prezidentin Çinin CGTN telekanalına müsahibəsi, müxtəlif böyük şirkətlərin, müxtəlif dövlət rəhbərləri ilə görüşləri, fikir mübadiləsində olması Azərbaycanın xoş amallı məramını ən yüksək səviyyədə birbaşa şəxsən özünün çatdırması dünyada Azərbaycanın mövqelərini daha çox möhkəmləndirir. Azərbaycana, onun liderinə xüsusi diqqət və önəmin verilməsini dünyanın bir sıra dövlət başçılarının Davosda Prezident İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etmələri də bir daha göstərmiş oldu. Prezident İlham Əliyev dünya siyasətində xüsusi yeri, çəkisi olan böyük siyasətçi, dövlət adamı kimi qəbul edilir. Dünyanın ən güclü dövlətləri sırasında yer alan ölkələrin liderləri İlham Əliyevlə görüşüb müzakirə aparmaq üçün Davos Forumunu fürsət bilirlər.   

Əvvəlki illərdə olduğu kimi, bu dəfə də forum iştirakçılarının Azərbaycana olan marağı özünü aydın göstərib. Görüşlərdə Azərbaycanla iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub, yeni əməkdaşlıq təklifləri irəli sürülüb".

A.Hüseynov vurğuladı ki, Dünya İqtisadi Forumunun iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi həm də ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır: “Azərbaycan  dünyanın sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrdən biridir. Həmçinin Azərbaycan özünün iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadiyyatı region iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Eyni zamanda Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirib. Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qazanıb. Ölkəmizin tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurması, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik və digər amillərin sayəsində Azərbaycanla əməkdaşlığa can atan dövlətlərin sayı da artır. Bu sahədə əldə olunan nailiyyətlər həm ölkə daxilində sosial-iqtisadi siyasətin yüksək səviyyədə həyata keçirilməsi, həm də xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində mümkün olub. Bu baxımdan, təsadüfi deyil ki, Azərbaycan Davos Forumunun daimi iştirakçılarından birinə çevrilib”.

Deputat qeyd etdi ki, Davos Forumu dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır: “İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. Forumun iqtisadi və siyasi əhəmiyyəti bu gün daha da artıb. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi, hərbi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Azərbaycan Davos Forumunun illik yığıncaqlarında ardıcıl olaraq iştirak edir. Bu ondan xəbər verir ki, Azərbaycan dünyada önəmli iqtisadi aktor kimi qəbul olunur. Dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya İqtisadi Forumunda iştirak Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılması, ölkəmizin tutduğu inkişaf xəttinin və nailiyyətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Davos iqtisadi forumlarında mütəmadi olaraq iştirak etməklə Azərbaycanı ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın bu forumda ən yüksək səviyyədə iştirak etməsi ölkəmizin dünyada mövqelərinin güclənməsi üçün əlavə imkanlar açır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR