Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub.
İlk öncə, mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarına 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib.
Səfir qeyd edib ki, "Qara Yanvar" hadisələri SSRİ-nin dağılması prosesində dönüş nöqtəsi və Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olub. 19-20 yanvar 1990-cı il tarixində Sovet qoşunları tərəfindən Azərbaycanda 147 mülki şəxs qətlə yetirildiyini, 744 günahsız mülki şəxs yaralandığını, onların bir çoxunun əlil qaldığını vurğulayan diplomat qeyd edib ki, Ermənistanın təcavüzkar hərəkətlərinə, eləcə də SSRİ rəhbərliyinin Cənubi Qafqazdakı hadisələrə qarşı qərəzli münasibətlərinə etiraz edən kütlələrin genişmiqyaslı çıxışlarının yatırılması üçün sovet ordusunun hissələrinin Azərbaycan şəhərlərinə daxil edilməsi faciəyə səbəb olub. O, həmçinin qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. 20 yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğununu xatırladan diplomat, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb.
Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov öz çıxışında, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını qeyd etmişdir. O bildirmişdir ki, bu faciə Azərbaycan xalqının müstəqillik yolunda ödədiyi böyük bədəli simvollaşdırır və Azərbaycan xalqının milli özünüdərkinə təkan verdi və bunun əsl qəhrəmanlıq simvolu olduğunu xüsusi vurğulayıb.
Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışaraq, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söylədilər və keçmiş SSRİ rəhbərlərini ittiham etdilər.
Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ