Onlayn ictimai-siyasi qəzet
İran-İsrail gərginliyi artanda, həmişəki kimi, bizim mediada bu temada narahatlıq da yüksəlir. Əslində tək media, jurnalistlər də deyil, xalqımız da guya nigaran qalır. Deyirlər ki, İranda problem yaransa, ordan böyük qaçqın-köçkün axını gələr, bizə çətin olar və sairə. Guya biz Güney Azərbaycandan olan soydaşlarımıza həmişə isti qucaq açmışıq. Təəssüf ki, bu belə deyil. Məsələn, 1947-ci ildə Pişəvərini bura gətirdik, sonra sovet hökuməti onu Gəncə-Yevlax yolunda müəmmalı avtomobil qəzasında öldürdü.
Heç çox uzağa getməyək, mən öz şahidi olduğum faktı yazıram. 1990-cı illərdə aşıq, müğənni Araz Elsəs sərhədi birtəhər keçib Bakıya sığınmışdı. Ancaq bizim hökumət Araz bəyə pasport, vətəndaşlıq verməkdən imtina elədi. O da gedib Norveçdən pasport aldı.
Bu gün araşdırın, məlum olacaq Güney Azərbaycandan, İran rejimindən qaçıb Finlandiyada, İsveçdə, Almaniyada sığınacaq alan soydaşlarımızın sayı müstəqil Azərbaycan Respublikasına pənah gətirənlərdən daha çoxdur. Ona görə də qəti narahat olmayın, İrana problem yaransa, soydaşlarımız yenə Avropanı seçəcək. İstəsəniz asudə vaxtınızda bu temada düşünərsiniz.
Ancaq təbii ki, bütün qonum-qonşularımızda vəziyyətin sabit olmasını arzu edirik. İşğal problemi həll edildiyi üçün, mənim fikrim belədir: biz Ermənistanın da sabitliyini arzulamalıyıq. Dostluq münasibətləri yaratmalıyıq. “Çomağı əldən yerə qoymamaq” şərtilə. Bu mənada, Ermənistan baş naziri Nikol Paşinyanın son dövrlərdəki fəaliyyəti, açıqlamaları, mesajları bizə sərfəlidir. Yəqin Azərbaycan hökuməti də qarşılıqlı, xöşgörülü mesajlar verməlidir və bəlkə xəbərimiz yoxdur, bu mesajlar verilir.
Paşinyanın qondarma erməni soyqırımı mövzusunda “gəlin qurbanların adbaad siyahısını hazırlayaq” açıqlaması isə bəlkə də bu temaya nöqtə qoyacaq. Doğrudan da, yüz ilə yaxındır davam edən “türklər milyon yarım ermənini qırıb” yalanı erməni xalqının özünə ziyan vurur, Ermənistanı inkişafdan saxlayır, bütün bölgədə düşmənçilik, mənasız nifaq toxumu səpir.
Qurbanların adlı siyahısını hazırlamaq mümkündürmü? Əlbəttə, təxminən də olsa mümkündür, örnək üçün, yəhudilər bunu ediblər. Nasizm qurbanı olan yəhudilərin ümumi sayı 6 milyon hesab edilir, hazırda Yerusəlimdə xatirə muzeyində onların 4 milyon nəfərinin adbaad siyahısı saxlanılır. Qoy ermənilər də iddia etdikləri “milyon yarım” qurbanın heç olmasa üçdə birinin, 500 min nəfərin adını çəksinlər, sənəd çıxarsınlar. Yoxsa hərə özündən faciə uydursa dünya soyqırım muzeyinə çevrilər. Bu mənada, Paşinyan yüzdəyüz haqlıdır.
Belə uydurma “soyqırımlardan” biri haqda təzə xəbər tutmuşam. Aprelin 10-da, təsadüfən erməni informasiya kanallarında rastlaşdım. Yazırdılar ki, bu gün Marağa soyqırımının ildönümüdür. Guya 1992-ci ilin 10 aprelində Azərbaycan ordusu Qarabağdakı bu kənddə erməniləri qırıb-töküb.
Məsələnin tragikomik cəhəti o idi ki, xəbər lentində bunu oxuyan ermənilərin özləri də təəccüblənir və altdan belə şərhlər yazırdılar: “Ax, vax, biz niyə bunu bilmirik, tariximizdən xəbərsizik” və sairə. Məhz buna görə əhvalat mənə maraqlı gəldi, internetdə araşdırdım. Məlum oldu ki, Tərtərə yaxın bu Qarabağ kəndində 1992-ci ildə müəyyən döyüşlər olub, lakin dinc sakinlərin soyqırımı haqda hər hansı fakt yoxdur, sənədləşdirilməyib, foto-videoya alınmayıb. Bəs bu yalan haradan ortaya çıxıb? Həmişəki ilan-çayan yuvasından: xəbəri orada-burada yayan ilk mənbə baronessa Koks-dur! 1990-larda ərazidə sülənən, pis çıxmasın, adamdan çox ifritəyə oxşayan, lordlar palatasının üzvü məşhur Kerolayn Koks. Həmin illərdə Koks bu haqda hətta ingilis mətbuatına (konkret “Deyli teleqraf” qəzetinə) yalan ötürmək istəyib, lakin onlar mənbə tələb ediblər və bu olmayanda “xəbəri” yaymaqdan imtina ediblər.
Koksun bu temada bir açıqlaması isə lap anekdotdur. Deyir ki, mən Marağa faciəsini işıqlandırmaq üçün kəndə müxbir, fotoqraf-zad göndərilməsini Qarabağ ermənilərinin rəhbərlərindən istədim, onlar imtina etdilər. Guya separatçıların o vaxtkı lideri Artur Mkrtıçyan Kerolayn xalaya belə cavab veribmiş. Hazır olun, əziz oxucular, lətifə gəlir, Mkrtıçyanın cavabı olduğu kimi: “Biz ermənilərə öz dərdimiz haqda danışmaq çox çətindir”. (Lap o dərddən başımı itirmişəm lətifəsi fason).
Etiraf edirəm, son aylar bu qədər güldüyüm yumor olmamışdı.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ