Onlayn ictimai-siyasi qəzet
“Yaradıcılığımda xüsusi yenilik yoxdur. Mahnılarımın çoxu müharibə ilə bağlı idi, arzu edirdik ki, torpaqlarımız işğaldan azad edilsin. Durmadan qələbə ruhlu mahnılar, marşlar yazırdıq. Əlimizdən gələni edirdik ki, əsgərlərimizin ruh yüksəkliyini bir az da yüksəldək. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu.
Düşünürəm ki, bundan sonra nəsə yazmağa, ifa etməyə stimul yoxdur. Hazırda Qarabağın hər yerində abadlıq işləri gedir. Belə də, hərdənbir nəsə oxuyuram”.
Bunu Musavat.com-a açıqlamasında məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.
O, “Əsgərlərimizi ruhlandıran Şəmistan bəyin özü niyə ruhdan düşüb?” sualına belə cavab verib:
“Ruhdan düşməmişəm. Mən zamanında oxuyurdum ki, “İgid əsgər, möhkəm dayan”, daha sonra torpaqlarımızın azad olunmasını arzulayırdım. Artıq torpaqlar işğaldan azad olunub, qələbə mahnısını da yazmışıq.
Əsgərimiz isə möhkəm dayanıb, torpağı azad edib, bayrağı da Xankəndiyə sancıb.
Üzü Turana doğru gedirik. Artıq hədəfdə Zəngəzurdur. İnşallah, hər şey yaxşı olacaq. Hazırda təqaüddəyəm, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin rəhbəriyəm. Qəhrəmanlarımız haqqında bir neçə sənədli filmlər çəkmişik”.
İfaçı türk seriallarında oxuduğu mahnıların səsləndirilməsindən də danışıb:
“Türk seriallarına çəkilməyə də dəvətlər edirlər. Bəlkə gələcəkdə bu dəvətləri qəbul edərəm. Getmək məsələsi asan deyil”.
Qeyd edək ki, Türkiyənin “TRT 1” kanalında yayımlanan “Mehmed: Fetihler Sultanı” serialının sezon finalına Şəmistan Əlizamanlının “Salam, dar ağacı” mahnısı ilə yekun vurulub. O, “Diriliş Ertuğrul”un 4 bölümünə çəkilib.
Şahanə Rəhimli
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ