Onlayn ictimai-siyasi qəzet
Siciliya adasında son bir neçə gündə vulkanik fəaliyyətlər artıb.
Musavat.com xarici mediaya istinadən bildirir ki, Etnadan sonra İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Stromboli də aktivləşib.
Aktiv vulkan olan Strombolidə partlayışların baş verdiyi bildirilib. Məlumata görə, Eol arxipelaqına daxil olan Stromboli adasındakı vulkandan intensiv şəkildə kül və bir qədər lava püskürtməyə başlayıb, lava və qaya parçaları dənizə düşüb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumatda Stromboli vulkanının yaydığı külün təxminən 2 kilometr yüksəkliyə çatdığı qeyd edilib. Baş nazirlik Mülki Müdafiə İdarəsi tərəfindən X platformasında edilən paylaşımda Strombolidəki sıx vulkanik aktivliyə görə həyəcan səviyyəsinin "qırmızı" ilə ən yüksək səviyyəyə qaldırıldığı açıqlanıb. Bildirilib ki, Mülki Müdafiə Baş direktoru Fabrizio Kursio adada yaşayan insanları vulkanın təsirindən qorumaq üçün atılan addımları qiymətləndirmək və vəziyyəti izləmək üçün fövqəladə əməliyyatlar komitəsini toplayıb.
Etnadan çıxan kül və tüstü buludu hava nəqliyyatına da təsir edib. Etnanın külünün Kataniya şəhərinə və Fontanarossa Hava Limanına çatdığı açıqlanıb. Bu səbəbdən bu gün səhər saatlarından etibarən hava limanında ehtiyat tədbiri olaraq uçuşlar dayandırılıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ