Onlayn ictimai-siyasi qəzet
“Unun qiyməti ucuzlaşmaqda davam edəcək, bu, çörəyin qiymətinə də təsir göstərə bilər”
Azərbaycanda əhalinin istehlak səbətində əsas yeri tutan un və çörək məhsullarının həcmi bir qədər də azalıb. 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da illik müqayisədə 8.2 faiz azalmadır. Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalmadır. (Banker.az)
Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min ton olub.
Əhalinin artımına rəğmən, ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 mln. 328.75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 mln. 207.15 min tona düşmüşdü.
Buğdanın istehsal və istehlakının zəifləməsi idxala da təsirini göstərməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk üç rübündə ölkəyə xaricdən (90% üzərində Rusiya) 356.15 min ton (108.76 mln. $) buğda idxal edilirdisə, cari ildə bu rəqəm 212 min tona (48.07 mln. $) düşüb.
2023-cü ildə bir ton buğda Azərbaycana 305.3 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 226.8 dollara düşüb.
Azərbaycanda çörək və un məmulatlarına tələb düşməkdədir, bunun başlıca səbəbi nədir? Bəs bu amil qiymətlərə təsir edəcəkmi?
Eyyub Kərimli
İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, iqtisadi qanunauyğunluğa əsasən əgər əhali artırsa, tələb də artmalıdır: “Əhalinin artması fonunda tələbin aşağı düşməsini müşahidə ediriksə, bu onu deməyə əsas verir ki, ölkədə çörək istehlakı optimallaşıb. İnsanlar daha rasional şəkildə un və çörək məmulatlarından istifadə edirlər. Bu sahədə əvvəllər biz israfçılıq müşahidə edirdik. Bu həm də onu deməyə əsas verir ki, israfçılıq daha da azalır. Yəqin ki, insanlar öz rasionlarında çörək məmulatlarını daha da azaldıblar, sağlam həyata, dietaya üstünlük verirlər. Bu sözsüz ki, daha geniş miqyas alır. Bu amil də çörək və un məmulatlarının istehlakına öz təsirini göstərir. Əlbəttə, çörəyin istehlakı çörəyin qiymətinə təsir göstərməz. Çörəyin qiymətinin formalaşmasında taxılın və buğdanın qiyməti öz təsirini göstərir. Bu baxımdan düşünmürəm ki, çörəyin istehlakı hansısa formada çörəyin qiymətinə təsiri olar. Çünki biz əsasən taxılı digər ölkələrdən idxal edirik və bu da öz təsirlərini göstərir”.
Məlumat üçün deyək ki, 2023-cü ildə Rusiyadan Azərbaycana gətirilən buğdanın idxalı artıb, dəyəri isə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 132,6 milyon dollar dəyərində 516,5 min ton buğda idxal edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 35,8 faiz çox, dəyər baxımından isə 4,7 faiz az deməkdir. Başqa sözlə, Rusiyadan gətirilən buğdanın miqdarı artıb, dəyəri isə azalıb. Bu da buğdanın idxal qiymətinin ucuzlaşdığını göstərir.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Mart ayının katirovkalarına baxdım, Rusiyadan buğdanın tonunun ixracı aşağı düşüb, mart ayında bu,9 faizə kimi düşüb, halbuki 8.9 faiz idi, FOB qiyməti 202 dollara düşüb. Yəni bir ildə 30 faizədək ucuzlaşma olub. Son üç ayda isə 16 faiz ucuzlaşma olub. Unun qiyməti ucuzlaşmaqda davam edəcək. Ola bilsin ki, bu, çörəyin qiymətinə də təsir göstərsin. Çörək elə məhsuldur ki, qiymət çox olsa da, az olsa da istehlakçı çox dəyişmir. Burada bir neçə amilin təsiri özünü göstərə bilər. Son zamanların dəbi, insanların getdikcə maariflənməsi, əhalinin maddi vəziyyətinin yaxşılaşması, bu amillərin təsiri ola bilər. Əhali maarifləndikcə öz rasionunu dəyişir, qida rasionunda çörək məmulatlarının payını aşağı salır. Televiziyalar, mətbuat, həkimlər - kardioloq, mədə-bağırsaq həkimləri çörəyi azaldın deyirlər. Təbliğatın təsiri var. İstehlakımızın 40-50 faizini çörək təşkil edirdi. Hazırda bu proporsiya təsirlər altında dəyişir. Eyni zamanda çörək həmişə kasıbın məhsulu olub. Əhalinin maddi vəziyyəti yaxşılaşdıqca tədricən daha bahalı məhsulları alma imkanı formalaşır. Çörək məhsullarının qiymətə həssaslığı çox aşağıdır. Qiymət azalsa da, bunların istehlakı dəyişmir”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkənin buğdaya ümumi tələbatı ildə 3,2-3,3 milyon ton təşkil edir. 2023-cü ildə sahələrdən 2 milyon 975 min 3 yüz ton məhsul toplanmış, məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 62,7 faizini, yəni təqribən 1 milyon 854 min tonunu buğda təşkil edib. Deməli, təqribən 40 faiz buğdanı xaricdən idxal edirik. Bu məqsədlə hər il böyük məbləğdə vəsait xərcləyirik. 2022-ci ildə xaricdən 1 milyon 300 min ton buğda idxal edilib. Ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə isə orta qiymət 282 dollar (480 manat) olub.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ