İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29-un dramatik pərdəarxası: nazir müavini hər şeyi açıqladı - EKSKLÜZİV

COP29 Azərbaycanın qlobal gündəliyə töhfə verən ölkə kimi əhəmiyyətini bir daha təsbit etdi

2024-cü ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük qlobal tədbirlərindən birinə- Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Tədbirin təşkili üçün cəmi 11 ay zaman olmasına baxmayaraq, Azərbaycan heyrətamiz miqyasda təşkilatçılığı ilə tarixi uğura imza atdı.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Yeni Müsavat” Media Qrupa eksklüziv müsahibəsində COP29-da əldə edilən nailiyyətlər və digər məsələlər barədə mühüm açıqlamalar verib.

Maraqlı və eksklüziv məlumatlarla zəngin olan müsahibəni təqdim edirik:

-Yalçın bəy, ilk növbədə sizin timsalınızda COP29 sədrliyini ürəkdən təbrik edirəm. Hazırlığın və görülən işlərin miqyası COP29 günlərində daha aydın göründü. Dünyanın ən böyük qlobal tədbirlərin birinin cəmi 11 ay ərzində yüksək səviyyədə təşkili həqiqətən böyük uğurdur. Azərbaycanın xarici siyasət kursunun aparıcı diplomatlarından biri kimi COP29-un nəticələri ilə bağlı sizin təəssüratlarınızı bilmək istərdim.

-İlk növbədə həm COP29-un nəticələri, həm də tədbirin ölkəmiz üçün əhəmiyyəti barədə fikirlərimi bildirməyim baxımından bu fürsətə görə sizə təşəkkür edirəm. COP29 əldə olunan nəticələri ilə tarixi COP olaraq yadda qalacaq. Bunun bir neçə səbəbi var. Birincisi, hazırlıq cəmi 11 ay ərzində tamamlandı. Bütün dövlətlər ilin əvvəlindən bunun kifayət qədər mürəkkəb, hətta imkansız olduğunu bildirirdilər. Həm təşkilati məsələlər, həm də substanstiv hazırlıq baxımından bu müddət çox az idi. Ancaq tək problem bu deyildi. Bundan əlavə, ümumi geosiyasi kontekst prosesi olduqca mürəkkəbləşdirirdi. Ötən il 60-dan çox ölkədə seçkilər keçirildi. Seçkilərin bəzilərinin nəticələrinə uyğun olaraq, hökumətlər dəyişdi. Bəzi ölkələrdə, o cümlədən ABŞ-da bu dəyişikliklər iqlim danışıqlarına təsir edə biləcək potensiala malik idi. Buna baxmayaraq, biz ilin əvvəlindən etibarən hazırlığımızı güclü, peşəkar komandanın qurulması ilə başladıq. Öncə COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi ilə COP29 Sədrlik komandası formalaşdırıldı və komandanın fərdi məsuliyyət daşıyan üzvləri müəyyən edildi. Daha sonra dövlət qurumlarımızın təcrübəli ekspertlərindən ibarət olan və COP29 çərçivəsində ölkəmiz tərəfindən irəli sürüləcək təşəbbüslərin hazırlanmasına cavabdeh olan Qrup yaradıldı. Buna paralel olaraq isə, əsasən Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və diplomatik nümayəndəliklərindən olan səriştəli və təcrübəli diplomatları birləşdirən Danışıqçılar Komandası formalaşdırıldı. Ciddi hazırlıq dövrü keçdik. İl ərzində 30-dan çox ölkəyə səfərlər etdik. Tərəfləri ortaq mövqeyə gətirmək məqsədilə çoxsaylı müzakirələr aparıldı. COP29-da iqlim maliyyəsi ilə bağlı olduqca mürəkkəb qərarın qəbulu gözlənilirdi. İl ərzində çox ziddiyyətli mövqeləri olan dövlətlərlə danışıqlar apardıq. Hətta COP29-un son 4 günü demək olar ki, danışıqlar 24 saat davam etdi. Bütün mürəkkəbliklərə, çətinliklərə baxmayaraq, COP-29 nəticəsində tarixi qərar – Bakı İqlim Maliyyəsi Hədəfi, yəni inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan dövlətlərə illik əsasda 300 milyard ABŞ dolları iqlim maliyyəsinin ayrılmasını nəzərdə tutan qərar qəbul edildi. Eyni zamanda, bütün mənbələrdən-həm dövlət, həm də qeyri-dövlət mənbələrindən toplanması şərti ilə 2035-ci ilə qədər illik 1,3 milyard ABŞ dolları toplanması barədə “Bakıdan Belemə Yol Xəritəsi” sənədinin hazırlanması qərarlaşdırıldı. Bu qərara uyğun olaraq, hazırda Braziliya tərəfi ilə “Yol Xəritəsinin” üzərində birgə çalışırıq. Noyabr ayında Braziliyada keçiriləcək COP30-a iki sədrlik olaraq hesabat təqdim edəcəyik. Digər tarixi qərar isə Beynəlxalq İtki və Zərər Fondu ilə bağlıdır. Sözügedən fond Şarm əl Şeyx COP-unun (2022-ci il) qərarına əsasən təsis edilmişdi, Dubayda (2023) nisbətən təkmilləşdirilmişdi, amma rəhbərinin təyin olunmasına, o cümlədən, yerləşəcəyi ölkənin müəyyən edilməsinə, bir sözlə, işlək hala gətirilməsinə Bakıda qərar verildi. Bundan əlavə, il ərzində beynəlxalq banklarla danışıqlar apardıq və nəticədə 130 milyardı inkişaf etməkdə olan dövlətlərə ayrılması şərtilə, illik 170 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsinin ayrılması barədə qərarın elan edilməsinə nail olduq. O cümlədən, Bakının adı ilə bağlı olan bir çox qərar qəbul edildi. Bu xüsusda, “Bakı İqlim Maliyyəsi Hədəfi” ilə yanaşı, “Bakı Adaptasiya Yol xəritəsi”, “Köklü xalqlar və yerli icmalar üzrə Bakı Fəaliyyət plan”ı və s.-ni qeyd etmək olar. Bakı COP-unun bütün bu vacib qərarları cəm halında Bakı İqlim Birliyi Paktı və ya Bakı Paktı olaraq tarixə keçdi.

-Yalçın bəy, iqlim dəyişikliyi ilə mübarizədə tarixi nəticələrlə yanaşı, Bakı COP-u siyasi cəhətdən Azərbaycan üçün nə ilə yadda qaldı?

-Bu məsələyə bir neçə nöqteyi-nəzərdən baxmaq olar. Birincisi, ötən il Azərbaycan beynəlxalq münasibətlər sisteminin diqqət mərkəzində oldu. İqlim dəyişikliyinə yanaşmada fərqli fikirlər olsa da, COP dövlət başçılarının iştirak etdiyi dünyanın ən böyük, mötəbər tədbiri hesab olunur. İlk dəfə Cənubi Qafqaz, Mərkəzi Asiya regionunda COP-a Azərbaycan ev sahibliyi etdi. Beynəlxalq medianın da diqqəti il boyu ölkəmizin üzərində oldu. Bu, bizə ölkəmizi müstəqil, tərəqqipərvər, qlobal problemlərin həllinə töhfə verən bir ölkə kimi göstərmək imkanı yaratdı. İkincisi, iqlim mövzusu dünya gündəmində ən önəmli rol oynayan mövzulardan biridir. Bu sahədə uğurlu COP-la yadda qalmağımıza gələcək üçün investisiya kimi baxıla bilər. Azərbaycan Bakı COP-unun qalıcı irsini qorumaq və qlobal gündəlikdə fəal rol oynayan dövlətlərdən biri olaraq qalmaq üçün uzunmüddətli perspektivdə qlobal iqlim danışıqlarında fəal iştirak etməyi planlaşdırır. Bu isə əlavə tərəfdaşlıqlar, xarici siyasət istiqamətlərimizin diversifikasiyası üçün yeni imkanlar, eləcə də ixtisaslı diplomatlarımızın yetişdirilməsi üçün əlavə bir platforma anlamına gəlir.

-Bəs son geosiyasi təlatümlər fonunda, o cümlədən ölkəmizə qarşı aşkar təzyiqlərə rəğmən, Azərbaycanın ev sahibliyini bir diplomat kimi necə dəyərləndirirsiniz? Azərbaycanın milli maraqları nə dərəcədə öz plana çıxarıldı? Ölkəmizin qlobal uğurlu oyunçuya çevrildiyini hansı məqamlarda hiss etdiniz?

-Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə nümayiş etdirdiyi qlobal oyunçu rolunu COP vasitəsilə qoruya bildi, hətta daha da təkmilləşdirmək imkanı qazandı. Cənab Prezident İlham Əliyevin COP29-un açılış mərasimindəki çıxışı, daha sonra tədbir müddətində verilən təlimatlar və bunun əsasında uğura gedən yol, həm Cənab Prezidentin qlobal liderlik rolunu bir daha təsdiqləmiş oldu, həm də Azərbaycanın qlobal gündəliyə töhfə verən ölkə kimi əhəmiyyətini bir daha təsbit etdi. Biz prosesin əvvəlindən etibarən özümüzü inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolu oynaya biləcək dövlət kimi təqdim edirdik və nəticədə belə də oldu. Eyni zamanda, biz inkişaf etməkdə olan ölkələrin himayədarı rolunu növbəti dəfə uğurla icra edə bildik. Xatırlayırsızsa, Qoşulmama Hərəkatına sədrliyimiz dövrü COVID-19 pandemiyasına təsadüf etmişdi və həmin vaxt Cənab Prezidentin təşəbbüsləri ilə COVID əleyhinə peyvəndlərə qlobal əlçatanlığın təmin edilməsi istiqamətində BMT çərçivəsində bir sıra vacib addımlar atılmışdı. COP çərçivəsində də bu rolu davam etdirdik. İnklüzivliyi təmin etmək üçün inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Bakı COP-undakı iştirakının təmin edilməsi ilə bağlı maliyyə ayrıldı, o cümlədən onların və ən az inkişaf etmiş dövlətlərin maraqlarının təmin olunmasına çalışdıq. Məsələyə digər nöqteyi-nəzərdən yanaşsaq, qlobal iqlim diplomatiyasında fəal iştirak Azərbaycana bir çox ölkələrlə əməkdaşlıqda yeni istiqamət qazandırdı. Xüsusilə, Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Avstraliya kimi ölkələrlə ikitərəfli əməkdaşlıqda iqlim diplomatiyası hazırda yeni istiqamət kimi önə çıxır. Azərbaycan, COP29-a uğurla ev sahibliyi etdikdən sonra, bu sahədə qlobal miqyasda güclü oyunçulardan biri olaraq qəbul edilir. Bir çox dövlət Azərbaycanı öz danışıqlar qruplarına dəvət etmək üçün ciddi cəhdlər göstərir. Bu istiqamətdə tərəfimizdən təhlillər aparıldıqdan sonra qərar veriləcək. Ölkəmiz həmişə çoxtərəfliliyin ən böyük dəstəkçilərindən biri olub. Bundan sonrakı müddətdə də Azərbaycanın iqlim diplomatiyası sahəsindəki fəallığı çoxtərəfliliyə əlavə töhfə verəcək.

- İqlim dəyişikliyi ilə mübarizə üçün müəyyən edilən məbləğin toplanması üçün inkişaf etməkdə olan, lakin maliyyə imkanlarından istifadə oluna biləcək ölkələrin, məsələn Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Koreya və digərlərinin donor kimi siyahıya daxil edilməsi gözlənilirdi. Bu gözlənti özünü doğrultdumu?

-Bəli. Bu, yekun qərarda alt-bənd kimi öz əksini tapdı. Belə ki, vəsaitin toplanması üçün yalnız inkişaf etmiş deyil, eyni zamanda maliyyə imkanları yetərli olan inkişaf etməkdə olan dövlətlər də töhfə verəcəklər. Sadəcə bu, könüllü əsasda həyata keçiriləcək.

-Könüllü əsasda olması prosesə necə təsir edəcək? Bu, necə tənzimlənəcək?

-Dövlətlər öz istixana qazlarının emissiyası dərəcələrini azaltmaq üçün ambisiyalarını 5 illik planlar vasitəsilə açıqlayırlar ki, buna da Milli səviyyədə müəyyən edilmiş Töhfə (red:NDC’s) sənədi deyilir. Həmin planların icrası barədə ölkələr sonradan İkiillik Şəffaflıq Hesabatları (red: BTR) vasitəsilə hesabat verirlər. Bəzi dövlətlər töhfə sənədlərində növbəti 5 ildə öz ambisiyalarına çatmaq üçün nə qədər maddi vəsaitə ehtiyac olduğunu qeyd edirlər. İqtisadi imkanları kifayət qədər olan inkişaf etməkdə olan dövlətlər könüllü əsasda öz beynəlxalq yardım siyasətləri çərçivəsində ayırdıqları maliyyənin bir qismini məhz NDC-lərdə müəyyən edilmiş bu kimi ehtiyaclara yönəldə bilərlər. Bu, sözügedən ölkələrə həm yardım siyasətini effektiv şəkildə həyata keçirməyə, həm də digər dövlətlərə öz ambisiyalarını yerinə yetirməyə yardım edəcəkdir. Ancaq bir daha vurğulamaq lazımdır ki, inkişaf etməkdə olan ölkələr üçün müvafiq iqlim maliyyəsinin ayrılması inkişaf etmiş ölkələrin öhdəliyidir.

-Bakı COP-da İkillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsi gözlənilirdi. Bu hesabatların təqdim olunması xüsusilə maliyyə elementinin razılaşdırılması prosesində ən həssas məsələlərdən biridir. Noyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji bildirdi ki, həmin dövr üçün 11 ölkə BTR-ı təqdim edib. Son durum necədir? Neçə ölkə Şəffaflıq Hesabatlarını təqdim edib? Azərbaycan sözügedən hesabatı təqdim edibmi?

-Ümumiyyətlə, dövlətlər İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyinə üç sənəd təqdim edirlər. Bunlardan birincisi İkiillik Şəffaflıq Hesabatlarıdır. Azərbaycan sözügedən hesabatı COP29 dövründə təqdim etdi. Milli Adaptasiya Planını da ölkəmiz COP29-dan öncə təqdim edib. Sonuncu sənəd olan Milli Müəyyənləşdirilmiş Töhfələrin təqdim edilməsi üçün son tarix fevral 10-u idi. Ancaq bu tarixə qədər 198 tərəf dövlətdən yalnız 20-30 arası dövlət bu sənədi təqdim etdi. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri bir çox inkişaf etməkdə olan dövlətin Bakıda qərarın qəbul edilməsini gözləməsi idi. NDC müəyyən vəsait tələb etdiyi üçün dövlətlər vəsaitin toplanmasından əmin olmaq istədilər. Ancaq eyni zamanda, Avropa İttifaqı da daxil olmaqla bir çox inkişaf etmiş dövlətlər belə hələ də öz hesabatlarını təqdim etməyiblər. Azərbaycan da hazırda öz sənədinin üzərində işləyir. Biz öhdəliklərimizə yanaşmada məsuliyyətli ölkə olduğumuz üçün təqdim etdiyimiz hesabatlarda dəqiqliyə riayət edirik. Üzərimizə öhdəlik götürdükdə onu mütləq yerinə yetiririk. Bu baxımdan təqdim olunacaq hesabatın keyfiyyəti onun tələsik təqdim edilməsindən daha vacibdir.

- Bu hesabatların zamanında təqdim olunmaması prosesə necə təsir göstərə bilər?

-BMT Baş Katibi də artıq bəyan edib ki, önəmli olan sənədləri təqdim etmək üçün son tarixə riayət etmək yox, mümkün qədər ambisiyalı sənəd təqdim etməkdir. Dubayda, COP28-də qəbul olunan “Global Stocktake” adlı qlobal icmal sənədinə əsasən, hər bir dövlət öz ambisiya dərəcəsini yerli şəraiti nəzərə almaqla müəyyənləşdirməlidir. Təbii ki, hər bir dövlət üçün başlanğıc nöqtələr fərqlidir. Bəzi dövlətlərin iqtisadi imkanları iqtisadiyyatın və enerji siyasətinin transformasiyasını daha qısa müddətdə tamamlamağa imkan verir. Ancaq bu, bütün ölkələr üçün eyni deyil. Üstəlik prosesi ləngidən başqa obyektiv səbəblər də olur. Bu baxımdan təqdim olunan ambisiya dərəcələrini bütün faktorları ətraflı təhlil etmədən kateqoriyalaşdırmaq düzgün olmazdı. Önəmli olan dövlətlərin müvafiq niyyətini bəyan etməsidir.

- COP prosesində nümunə olan dövlətlər və onların Bakı COP-dakı fəaliyyətini necə dəyərləndirirsiniz?

-Elə ölkələr var ki, emissiya ümumiyyətlə mənfidədir. Məsələn, Butan, Panama və Surinam. Bu ölkələrin ərazilərinin 70%-dən çoxu meşəlikdir, sənayeləri o qədər də inkişaf etməyib. Bu imkan verir ki, havaya buraxılan emissiya ilə meşələr tərəfindən udulan emissiyanın nisbətində bu ölkələr özlərini karbon-neqativ elan edə bilsin. Amma bu təbii şəraitdir və ölkənin az inkişaf etmiş iqtisadi vəziyyəti ilə bağlıdır. Hər bir ölkənin yerli şəraiti diqqətə alınmalıdır. Amazon meşələrinin karbon udma səviyyəsinin yüksək olması Braziliyanın təbii üstünlüyüdür. Belə deyək, Braziliya digər ölkələrə nisbətən yenilənəbilən enerjiyə daha az investisiya qoya bilər. Digər nümunələrə baxsaq, Çin 2040-cı ili “karbon piki ili”, 2060-cı ili isə “karbon neytrallığı ili” elan edib. Çinin indiki inkişaf səviyyəsi, yenilənəbilən enerjiyə qoyduğu investisiya, ölkədə enerji dayanıqlılığı sahəsində baş verən müsbət dəyişikliklər, məsələn elektrik avtomobillərə keçid və s. hətta 2060-cı il üçün nəzərdə tutulan hədəfi daha da önə çəkir. Odur ki, məsələnin həlli həm də ölkənin iqtisadi imkanları ilə bağlıdır. Ümumilikdə, bütün iqlim ambisiyalarının həyata keçməsi üçün 3 müəyyənedici amil var: maliyyə, texnologiya və təcrübə. Çin hər 3 amilə malikdir. Bu imkanlardan istifadə etməklə öhdəliklərinə sadiq olduğu üçün Çin digər dövlətlər tərəfindən təqdir olunur.

-Cəmiyyəti ən çox maraqlandıran suallardan biri COP29-da Azərbaycanın üzləşdiyi problemlərin qaldırılıb-qaldırılmaması ilə bağlı idi. Hər bir tərəf öz problemlərinə diqqət çəkməyə çalışırdı. Ölkəmizin iqlim dəyişikliyi ilə yanaşı, həm də işğal faktoru ilə bağlı üzləşdiyi problemlər müzakirə olundumu? COP prosesində həm də müharibələrin iqlimə təsirlərinin müzakirə olunduğunu nəzərə alsaq, Azərbaycanın mina kimi bəşəri problemlə üzləşdiyi barədə danışıldımı?

-Bu məsələlərin hər birinə diqqət çəkdik. Qlobal gündəlik üçün əhəmiyyətli proses olaraq COP-a töhfə verməklə yanaşı, milli maraqlarımızın təmin edilməsi istiqamətində də ciddi addımlar atdıq. Azərbaycanın ən böyük ekoloji problemlərindən biri Xəzər dənizinin səviyyəsinin enməsi və bununla əlaqədar biomüxtəliflik, nəqliyyat və s. ilə bağlı yarana biləcək fəsadlardır. Bununla bağlı COP29-un liderlər seqmentində Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş tədbirlər təşkil etdik. Bundan əlavə, eyni mövzuda digər səviyyələrdə peşəkar müzakirələrin aparıldığı tədbirlər təşkil edildi. Müharibə, sülh və təhlükəsizliyin iqlimlə bağlılığına dair ən böyük təşəbbüslərimizdən biri “COP atəşkəsi” təşəbbüsü idi. Bu təşəbbüsü ilk dəfə Azərbaycan irəli sürdü. Artıq təxminən 140 ölkə bu təşəbbüsə qoşulub. Bu da o deməkdir ki, BMT üzvlərinin 2/3-dən çoxu təşəbbüsü dəstəkləyir. Eyni zamanda “İqlim, Sülh və Təhlükəsizlik” təşəbbüsü irəli sürmüşük. Bu təşəbbüs çərçivəsində təşkil olunan müzakirələr piyada əleyhinə minaların iqlimə mənfi təsiri, torpaqların eroziyası, biomüxtəlifliyə zərərləri, su problemi və s. elementləri ehtiva edir. Qeyd olunan mövzuya diqqət COP29-dan sonra da davam edir. Ötən həftə COP29 sədrliyinin təşkilatçılığı ilə münaqişələrdən və humanitar ehtiyacdan əziyyət çəkən iqlim dəyişmələrinə həssas ölkələr Şəbəkəsinin Strateji İclası keçirilib.

Əsas məqsədlərdən biri həmin təşəbbüs çərçivəsində yaradılmış “Bakı İqlim Habı” na diqqət çəkmək, bundan sonrakı dövrdə beynəlxalq iqlim fondları vasitəsilə bu istiqamətdə xüsusilə kövrək olan ölkələrə yardımın təmin olunmasıdır. Artıq bununla bağlı konkret addımlar atılmağa başlayıb. Bizim dəstəyimizlə Somaliyə yardım edilməsi planlaşdırılır. Sözügedən təşəbbüs minadan əziyyət çəkən ölkələri də əhatə edir. Gələcəkdə Azərbaycanın da bundan faydalanacağı istisna edilmir.

-Yalçın bəy, COP29-un baş danışıqçısı olaraq ən böyük məsuliyyyət sizin üzərinizdə idi. Qəbul edilməsi nəzərdə tutulan qərarlarla bağlı daha çox hansı çətinliklər yaşandı?

-Ən vacib qərar maliyyə ilə bağlı idi. Maliyyəni əldə edəcək ölkələr üçün istənilən rəqəmi səsləndirmək, hətta müəyyən təzyiq yaratmaq daha asandır. Hazırkı qeyri-müəyyən geosiyasi mühitdə iqlim maliyyəsini təmin edəcək tərəflərlə razılaşmaq isə çətin idi. Ən böyük çətinlik həmin ölkələrlə danışıq aparmaq idi. Bu ölkələrin bəziləri Bakı COP-undan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı olmasına baxmayaraq, həmin qərarı mitiqasiya sahəsində qərarlarla eyniləşdirib, üzərlərində olan təzyiqi azaltmaq istəyirdilər. Ortaq məxrəcə gəlmək, iki ziddiyyətli qrup ölkə arasında razılaşma əldə etmək asan olmadı. Ölkə başçımızın müəyyən etdiyi müstəqil xarici siyasət xətti və heç bir dövlətdən asılı olmamaq amili vasitəçiliyimizin səmərəliliyini təmin edən əsas amil idi. Bütün tərəflər bizi etibarlı vasitəçi hesab edir, açıq müzakirələrə gedirdilər. Təbii ki, ev sahibi uğurun əldə olunmasında hamıdan çox maraqlıdır. Bundan isə bəzi dövlətlər təzyiq vasitəsi kimi istifadə edir və ev sahibi dövlətə qarşı bir vasitəçi olaraq müəyyən məqamlarda çətin tələblər irəli sürürlər. Məhz ölkəmizin müstəqil xarici siyasət xəttinin olması bu cür təzyiqlərə tab gətirmək imkanı verdi. 250 milyard ABŞ dolları məbləğində vəsaitin toplanması ilə bağlı başlanan müzakirə 300 milyard ABŞ dollarına qədər yüksəldi və yekunda bu məbləğ razılaşdırıldı.

-Yeri gəlmişkən, son iki gün xüsusilə kritik keçdi. Hətta nəzərdə tutulan müddət iki gün də uzadıldı. Bunu gözləyirdinizmi? Yekun qərarların elan edilməsi niyə uzandı?

-Əslində, yuxarıda sadalanan amillər və ümumi konteksti diqqətə aldıqda müzakirələrin gərgin keçəcəyini təxmin etmək çətin deyildi. Danışıqların uzanması da proqnozlaşdırılan idi. Maliyyə ilə bağlı qərar üzərində konsensusun qurulması təbii ki, bəzi dövlətlərin güzəştə getməsini, bəzilərinin isə son ana qədər maksimal nəticə əldə etmək üçün təzyiqləri davam etdirməsini tələb edəcəkdi. Son 2-3 gün xüsusilə gərgin oldu. Səhər saatlarına qədər fasiləsiz danışıqlar aparılırdı. COP29-un son günlərində 5-6 sənədin qəbulu bir-birindən asılı vəziyyətdə qalmışdı. Çoxtərəfli danışıqlarda bu cür hallar normaldır, sövdələşmələrə zəmin yaratmaq üçün dövlətlər belə taktiki addımlara əl atırlar. Ancaq danışıqlar komandamız bu məsələləri yerində həll etməyə nail oldu.

-İqlim dəyişikliyinin təsirləri ilə mübarizədə özəl sektor və QHT-in rolu hər zaman vurğulanır. Baş danışıqçı olaraq, COP29-da özəl sektor və QHT-in iştiraklılığını necə dəyərləndirirsiniz?

-COP, deyərdim ki, BMT çərçivəsindəki ən inklüziv prosesidir. Digər BMT proseslərində dövlətlərdən başqa aktorların bu dərəcədə fəal və görünən rolu yoxdur. COP prosesində 9 müşahidəçi qeyri-dövlət təmsilçiləri qrupu var ki, onlarla aylıq görüşlər keçirilirdi. Onları daim məlumatlandırır, suallarını cavablandırırdıq. Onlar da bunu yüksək qiymətləndirdilər. Sədrlik olaraq hətta indi də həmin qruplarla aylıq görüşləri təşkil etməyə davam edirik. Özəl sektorun da əhəmiyyəti böyük idi. Komandamızın üzvü - BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai özəl sektorla təmaslara cavabdeh idi. COP29 çərçivəsində “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri keçirildi. Böyük şirkətlərin rəhbərləri, icraçı direktorları tədbirdə iştirak edərək prosesə dəstək ifadə etdilər. O ki qaldı QHT-lərə, COP29-da 20 minə yaxın QHT nümayəndəsi qeydiyyatdan keçmişdi. Hər birinə müvafiq şərait yaradılmışdı. COP29 günlərində tədbir məkanı daxilində çox sayda dinc aksiya təşkil olundu. Bütün beynəlxalq QHT-lər prosesin inklüzivliyindən və onlara yaradılan şəraitdən məmnun qaldıqlarını bildirirdilər. Hətta Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsün konsepsiyalarını dövlətlərdən öncə QHT-lərlə bölüşmüş və müfəssəl müzakirələr aparmışdıq. Bu, COP prosesində ilk dəfə təcrübə edilsə də, QHT-lər analoqu olmayan bu cür yanaşmanı yüksək qiymətləndirmişdilər. Nəticədə onların bəzi beynəlxalq qərəzli dairələr vasitəsilə ölkəmizə qarşı formalaşdırılan subyektiv fikirləri tamamilə dəyişmişdi.

-Yalçın bəy, Prezident İlham Əliyev bu yaxınlarda yerli televiziyalara müsahibəsində COP29-un nəticələrini şərh etmiş və Avropa Komissiyasının Prezidentinin iştirakını təsdiq etməsinə baxmayaraq, prosesdə iştirak etməməsini gözlənilməz addım kimi dəyərləndirmişdi. İstərdim, COP29-un baş danışıqçısı olaraq, siz də Avropa Komissiyasının Prezidentinin gəlməməsini şərh edəsiniz.

-Cənab Prezident də qeyd etdiyi kimi, Avropa Komissiyasının Prezidenti ilk dəfə idi ki, bir COP tədbirində iştirak etmədi. İqlim dəyişikliyi ilə bağlı məsələlərdə olduqca fəal olan bir qurumun rəhbərinin COP-da iştirak etməməsi adətən beynəlxalq iqlim ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Təbii ki, bu addım Azərbaycana qarşı qərəzdən irəli gəlirdi. Ancaq Avropa Komissiyasının Prezidentinin COP29-a gəlməməsi danışıqlar prosesinə təsir etmədi. Biz Avropa İttifaqından olan danışıqçılarla da sıx işləyirdik. Aİ-nin iqlim komissarı, Niderlandın keçmiş xarici işlər naziri Vopke Hukstra danışıqların son bir neçə günündə şəxsən iştirak edib Aİ nümayəndə heyətinə rəhbərlik edirdi. Danışıqlar prosesi zamanı Aİ tərəfi ilə müəyyən anlaşmazlıqlar olsa da, yekunda birgə həll yolu tapa bildik.

-COP29 sədrliyi bu il ərzində, konkret desək, noyabr ayına qədər hansı tədbirlərdə iştirak edəcək?

-COP prosesindən ən böyük qazanclarımızdan biri ötən il Şamaxıda danışıqlar qrupu heyətlərinin rəhbərlərinin qeyri-rəsmi iclasının keçirilməsi idi. Bu tədbir danışıqlar prosesinin irəlilədilməsində olduqca vacib rol oynadı. Bu ilin iyul ayında Braziliya tərəfinin istəyi ilə yenidən Şamaxıda həmin formatda iclas təşkil ediləcək. İclasda Bakıda qəbul edilən, eyni zamanda COP30 zamanı qəbul edilməsi gözlənilən qərarlar müzakirə olunacaq. Biz COP prosesində Şamaxı tədbirinin daimi əsasda Azərbaycanın brendi olaraq qalmasını və hər ilin iyul ayında təşkil edilməsini istəyirik. Bundan başqa, may ayında ölkəmizdə Afrika ölkələrinin iqlim həssaslığı ilə bağlı tədbirin təşkili gözlənilir. O ki qaldı xarici ölkələrdə keçiriləcək tədbirlərə, martın 13-14-də Tokioda “Yaponiya-Braziliya Dialoqu”, martın 25-27-də Berlində “16-cı Peterzberq İqlim Dialoqu”, mayın əvvəlində Kopenhagendə iqlim məsələlərinə cavabdeh nazirlər iclasının, iyun ayında Bonnda köməkçi qurumların növbəti sessiyasının, sentyabr ayında BMT Baş Assambleyasının iclası, oktyabr ayında isə Braziliyada PRE-COP tədbirinin keçirilməsi nəzərdə tutulur. Noyabr ayında isə Braziliyanın Belem şəhərində COP30 keçiriləcək. Qeyd olunan tədbirlər arasındakı dövrlərdə də həm COP29 Prezidentinin, həm də Danışıqçılar Komandamızın üzvlərinin müxtəlif tədbirlərdə iştirakı və ikitərəfli səfərləri nəzərdə tutulur.

-Yalçın bəy, həm vətəndaş, həm də diplomat, həm də COP29-un baş danışıqçısı kimi necə düşünürsünüz, dünya ölkələri yaşıl siyasətə keçidə hazırdırlarmı?

 

-Hesab edirəm ki, əksər dünya ölkələrinin bu istiqamətdə niyyəti var. Hər kəs iqlimin bizim iradəmizdən asılı olmayaraq dəyişdiyini və buna qarşı mübarizə aparmağın zəruri olduğunu qəbul edir. Ancaq əsas məsələ niyyətlə imkanların uzlaşmasıdır. Bəzi dövlətlər ambisiyalarını irəli sürərkən imkanlarını nəzərə almırlar. Ya seçici səsini qazanmaq, ya da beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün qeyri-real, yüksək ambisiyalar təqdim edirlər. Lakin mahiyyətə vardıqda bu vədlərin real olmadığı üzə çıxır. Bu baxımdan dövlətlər arasında müəyyən fərqlər var. Bəzi dövlətlər öhdəliklərinə kifayət qədər ciddi yanaşır, imkanların yetərli olmadığını qəbul edərək yüksək ambisiyalar irəli sürmürlər, ancaq elan etdikləri ambisiyaları yerinə yetirirlər. Əgər bütün dövlətlər real qiymətləndirmə aparsaydılar, gələcəklə bağlı qiymətləndirmə aparmaq üçün daha aydın mənzərə yarana bilərdi. Bu yaxınlarda dərc edilən elmi hesabata əsasən, 2024-cü ildə Yer kürəsinin qlobal orta temperaturu sənayedən əvvəlki dövrün (1850-1900) orta göstəricisini 1,5 °C-dən çox aşıb. Əgər dövlətlər həqiqətən də elan etdikləri ambisiyaları yerinə yetirsələr, bu göstəricini aşağı salmaq olar. Eyni zamanda, Bakıda qəbul edilən 300 milyard ABŞ dolları hədəfinin reallaşıb-reallaşmayacağı da dövlətlərdən asılıdır. Azərbaycan ev sahibi olaraq siyasi iradəsini ortaya qoyub və qərarın qəbul edilməsi üçün bütün imkanlarını səfərbər edib. İndi əsas məsələ qəbul edilmiş hədəfləri reallaşdırmaqdır. Belə olan təqdirdə nəyəsə nail olmaq mümkündür. Yekunda, qeyd olunanlara əlavə olaraq, onu da vurğulamaq istərdim ki, Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüs böyük rəğbətlə qarşılandı. Hazırda rəqəmlər yenilənir, ancaq bugünə olan məlumata əsasən qeyd edim ki, ən az dəstək alan təşəbbüsümüz belə bir sıra aparıcı qərb dövlətləri (ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və s.) də daxil olmaqla, 60-a yaxın dövlətin həmmüəllifliyini alıb. Bu o deməkdir ki, Azərbaycanın ortaya qoyduğu sədrlik gündəliyi qlobal gündəlik üçün maraqlı, aktual və innovativ yanaşma olaraq qəbul edilib.

-Yalçın bəy, müsahibə üçün təşəkkür edirəm.

Nigar HƏSƏNLİ,
Fotolar: Rüstəm Fərman
“Yeni Müsavat” Media Qrup

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR