Onlayn ictimai-siyasi qəzet
Deputat: “Ermənistan çirkin siyasətini qlobal əhəmiyyətli məsələyə həsr olunan mühüm tədbirə münasibətdə də nümayiş etdirir”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan tərəfləri əsir və itkin düşmüş şəxslərlə bağlı görüş keçirəcəklər. O bildirib ki, komissiyaların tərkibi və yeri hələ seçilməyib. Abazyan deyib ki, tarixlər barədə əlavə məlumat veriləcək. “Nəticələrlə bağlı açıqlama verməyə tələsməyək”, - deyə o, bu görüşdən müəyyən nəticələr gözləmək olarmı sualına cavab verib.
Abazyan deyib ki, Bakı və İrəvan arasında yaxın zamanda itkin düşmüş və “saxlanılan şəxslərə” dair görüş keçirilə bilər.
Bu arada mövzu bu dəfə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək kontekstində də gündəmə gəlib. “Hraparak” nəşri yazıb ki, xarici işlər naziri COP29-da iştirak etmək niyyətində olduğunu, baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib.
Məlumata görə, XİN başçısının haqqında danışdığı şəxslər separatçı liderlər deyil, sayları elə də çox olmayan bir neçə diversantdır. Lakin Mirzoyanın Bakıda, sadəcə, onların qaytarılması şərtini irəli sürəcəyi, bunu ciddi şəkildə tələb etməyəcəyi qeyd olunur. O, diversantlar qaytarılmasa belə, sammitə qatılıb bu məsələdə müzakirə aparacağını deyib.
Göründüyü kimi, Ermənistan tərəfi, həmişə olduğu kimi, yenə də öz məkrli məqsədlərindən çıxış edir. Bunlar iki dəxli olmayan məsələni bir-birinə “birləşdirirlər”. Qondarma “hərbi əsirlər” məsələsi ilə itkin düşmüş şəxslər məsələsini bir-birinə calaq edirlər. Bunları bir-birinə “calamaq” mümkün deyil, çünki Azərbaycanda hərbi əsir yoxdur. Ermənistanın qondarma “hərbi əsir” məsələsini gətirib itkin düşənlərin gözünə qatmaq istəməsi o deməkdir ki, onlar itkin düşmüş şəxslərin məsələsinin müzakirəsində həqiqətən də maraqlı deyillər. Çünki məsələ belə qoyulursa, “hərbi əsir” adı qoyduqları adamları da gətirib itkin düşmüş şəxslərə qoşmaq istəyirlərsə, bu alınmayacaq.
Hərbi əsirlər olmaya-olmaya Ermənistanın bu məsələni itkin düşmüş şəxslərlə birləşdirməsi nə dərəcədə doğru yanaşmadır? Üstəlik, tədbirdə iştirakı hansısa “şərtlə” əlaqələndirməyə Bakı razı ola bilərmi?
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ənənəvi çirkin siyasətini qlobal əhəmiyyətli məsələyə həsr olunan mühüm tədbirə münasibətdə də nümayiş etdirir: “Hökumət təmsilçiləri bir tərəfdən COP29-da iştirak etməyin guya tərəfdarı kimi fikirlər dilə gətirirlər, o biri tərəfdən Ermənistanın Bakıda keçiriləcək tədbirdə iştirakı üçün tamamilə əlaqəsi, əsası olmayan şərtlər irəli sürürlər. Azərbaycan tərəfindən qəbul edilməyən bu cür şərtlər son zamanlar xarici işlər naziri Ararat Mirzoyanın və onun müavinlərindən birinin dilindən səslənir. Ermənistan dünyada yeganə dövlətdir ki, qlobal iqlim dəyişikliklərinə həsr olunan beynəlxalq əhəmiyyətli tədbirə qatılması üçün tamamilə aidiyyəti olmayan məsələlərlə bağlı şərt irəli sürür. Bununla da özünü əslində biabır edir. Ermənistan bir çox çirkin işlərdə, cinayətlərdə "rekord"a imza atmışdı, indi də bu cür iyrənc mövqeyi ilə fərqlənməyə başlayıb. Ermənistan kimi cılız, mənasız bir ölkənin COP29-da iştirak edib-etməməsinin bu mötəbər tədbirə hər hansı üstünlük və ya ziyan gətirməyəcəyi bəllidir. Azərbaycan humanizm prinsipləri və ayrı-seçkiliyə yol verməmək siyasətini əsas götürərək Ermənistan rəhbərliyini Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün dəvət edib. Dəvəti müsbət dəyərləndirəcəklərsə, bu, ilk növbədə Ermənistan üçün fayda verəcək. Azərbaycanın qəbul etməyəcəyi bəlli olan əsassız şərtləri qəsdən irəli sürüb, bunu bəhanə edib Bakıya gəlməyəcəklərsə, bundan ölkəmiz qətiyyən nə isə itirməyəcək".
Deputat qeyd etdi ki, Azərbaycanın həbs etdiyi və hazırda istintaqları davam edən keçmiş separatçı rejimin cani liderlərini “hərbi əsir” adlandırmaq mümkün deyil: “Həmin şəxslər Azərbaycan qanunlarını, beynəlxalq qanunları pozmuş və Azərbaycan dövlətinə, xalqına qarşı ən ağır cinayətləri həyata keçirmiş şəxslərdir. 44 günlük müharibədə onlardan biri özü videomüraciətində bəyan edirdi ki, Gəncəyə, Bərdəyə mülki əhalinin üzərinə raketlər atılması əmrini şəxsən verib. Ermənistan hakimiyyəti insanlıq əleyhinə cinayət törətmiş belələrinin azad olunması şərtini irəli sürə bilməz, əgər irəli sürürsə, bu, Ermənistanın özünü rüsvay etməsidir. Azərbaycanda hərbi əsirin olmadığı müvafiq instansiyalar tərəfindən bəyan edilib. İtkin düşmüş şəxslərlə bağlı isə Ermənistan və Azərbaycan arasında görüşlər keçirilib və qarşıdakı dövrdə də keçiriləcəyini artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da bildirib. Yaxşı olar ki, Ermənistan Birinci Qarabağ müharibəsi dövründə əsir götürdüyü və hələ də heç bir xəbər alınmayan 4 minə yaxın azərbaycanlının taleyi haqda rəsmi məlumat versin. Ermənistan həmin azərbaycanlıların cəsədlərinin belə harada basdırıldığı haqda məlumat vermir. Bununla Cenevrə Konvensiyasını pozmuş olur. İndi beynəlxalq qanunları və humanizm prinsiplərini ayaqlar altına atmış dövlətin bizim qarşımızda olmayan "hərbi əsirlər" şərtini irəli sürməyə haqqı yoxdur".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ