İnsanlara hürriyət, millətlərə istiqlal!

Consonun xələfinin adı dəqiqləşir - ikinci “Dəmir ledi” gəlir

İngiltərənin yeni baş naziri o olacaq - gözlənti

Mühafizəkarlar Partiyasının əksər üzvləri Britaniyanın növbəti baş naziri olacaq partiyanın yeni liderinin seçkilərində hazırkı xarici işlər naziri Liz Trassa səs verməyə hazırlaşır.

Bu barədə “The Guardian” “Opinium” sorğusuna istinadən xəbər verir.

Araşdırmaya görə, mühafizəkarların 61%-i xarici işlər nazirini, onun rəqibi, Böyük Britaniya Maliyyə Nazirliyinin keçmiş rəhbəri Rishi Sunak isə cəmi 39%-ni dəstəkləyir.

Mühafizəkarların 2%-i etiraf edib ki, onların Trassın lehinə seçimi “irqi və ya etnik mənşə” ilə bağlıdır. Məlumdur ki, Sunak ötən əsrin 70-ci illərində Böyük Britaniyaya gəlmiş hindli miqrantların nəslindəndir.

Bəs Trass xüsusilə də Ukrayna məsələsində Boris Consonun kursunu layiqincə davam etdirə biləcəkmi? Rusiyaya qarşı sərt siyasətə sadiq qalacaqmı? London-Bakı münasibətlərinə hansısa neqativ təsirlər mümkündürmü?

Qabil Hüseynli: “Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə  məcbur qalacaqdır ”

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: “Hələ bir müddət əvvəl demişdim ki, xanım Trass Consonun yerinə gələcək, həm də Mühafizəkarlar Partiyasının sədri olacaq. Çünki həm Müdafiə və Xarici İşlər nazirlikləri, həm də xanım Trass baş nazir Consonun əleyhinə səs verməmiş, kabinetdən istefa verməmiş, sona qədər ona sədaqət və dəyanətlərini nümayiş etdiriblər.

İlk vaxtlardan mənşəcə bir hindistanlı  Rişi Sunakın kifayət qədər mühafizəkar olan Böyük Britaniyada Mühafizəkarlar Partiyasının başına gələcəyinə və İngiltərənin baş naziri olacağına inanmırdım. Ən əsası ona görə ki, o, hökumətin dağılmasında çox böyük rol oynadı və çoxları ona satqın kimi yanaşırdı. İndi xanım Trassın həm Mühafizəkarlar Partiyasının sədri, həm də baş nazir olacağı qətiyyən şübhə doğurmur. Həm də bu xanım az qala indidən “Dəmir ledi” ləqəbini qazanmağa başlayıb və  onu daha çox Marqaret Tetçerə bənzədirlər.

Bu səbəbdən də onun Consonun siyasi xəttini davam etdirəcəyi, Ukraynaya sona qədər yardım göstərmək kursuna davam edəcəyi, beləliklə də Consonun baş nazir olarkən yeritdiyi siyasəti birəbir yerinə yetirəcəyi güman edilir və mən əminəm ki, belə də olacaq. Xanım Trass hələ baş nazir keçməsindən əvvəl bəyanatlarında bunları qətiyyətlə bildirib".

O ki qaldı Trassın Azərbaycanla münasibətinə, politoloq hesab edir ki, bugünkü İngiltərə-Azərbaycan münasibətləri yenə də davam etdiriləcək: “Çünki Trass çox yaxşı bilir ki, Azərbaycan həm Avropaya, həm də Böyük Britaniyaya kifayət qədər yaxın olan ölkədir. Britaniyanın və dünyanın aparıcı şirkətlərindən biri olan BP Azərbaycan neftinin istismar və xaricə emal edilməsi işlərində aparıcı şirkət rolunu oynayır. Bu səbəbdən də hər il Azərbaycanla ticarət əlaqələri sayəsində İngiltərə xəzinəsinə xeyli pullar daxil olur.

Ümumiyyətlə, Azərbaycanın elə əvvəldən Britaniya ilə münasibətləri normal olub. Bu, xüsusən də Mühafizərkarlar hökuməti, Marqarit Tetçerdən başlayaraq davam edir və bundan sonra da münasibətlər əvvəlki  kimi yüksək səviyyədə davam etdiriləcək. Azərbaycanın müdafiə edilməsi, ölkəmizə investisiya yatırılması, xarici siyasət kursunun dəstəklənməsi bu ölkənin prioritetlərindən biridir. Bunun həm 44 günlük Vətən müharibəsi dövründə, həm də BMT-də Azərbaycana qarşı qəbul etdirilməyə çalışılan anti-Azərbaycan qətnaməsinə İngiltərənin veto qoyması ilə sıradan çıxarılmasına səbəb olan zaman şahidi olduq.  Bütövlükdə İngiltərə-Azərbaycan münasibətləri digər  Avropa ölkələri ilə münasibətdə xeyli inkişaf edib və bundan sonra da bunun davam edəcəyini birmənalı təxmin etmək mümkündür".

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə mövzuya bu cür şərh verib: “İlk öncə baş nazir Boris Consonun istefasını şərtləndirən məqamları yada salmaq lazımdır. Məsələ ondadır ki, məhz Rişi Sunakın Consonun hökumətdən istefaya getməsini şərtləndirən addımlar atmasından sonra o, baş nazir vəzifəsindən istefaya getməyə məcbur qalmışdı. Bundan sonra isə Mühafizəkarlar Partiyasında parçalanmaya səbəb olan Sunak və daha çox ənənəvi ingilis qadın siyasətçisi rolunu özündə cəmləyən xarizmatik Liz Trass önə çıxmışdı.

Ümumiyyətlə, Böyük Britaniyada həlledici məqamlarda, Avropada böhranlı vəziyyətlərdə qadın liderlərə güvənmək adət-ənənəsi var. Boris Consonun istefa verərək, hakimiyyətdən getməsinin əsas səbəblərini həm də onun davranışlarında axtarmaq lazımdır. Bunu heç bir halda onun Ukrayna  siyasəti ilə bağlamaq düzgün deyil. Belə ki, onun davranışlarında ənənəvi ingilis siyasətçisinin davranışından kənar elementlər var idi. Böyük Britaniyada, xüsusilə min ilə yaxın monarxiya quruluşunu qoruyan ölkədə istənilən siyasi yenilik, yəni ənənəvi ingilis siyasətçisi kriteriyasından kənarlaşma, ümumi sistemdən kənarlaşma mühafizəkar təbəqə tərəfindən qəbuledilməz hesab olunur və onu yerindəcə boğur. Consonun  istefasını şərtləndirən əsas məqam budur. Amma hazırda onun yanında Liz Trass çox parlaq görünür".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR