İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə vizasız səyahət neçə manata başa gələcək?

İyulun 16-dan etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları Çin Xalq Respublikasına viza almadan səyahət edə biləcək. Onlara hər səfər üçün 30 günədək, ümumilikdə isə 6 ay ərzində 90 günədək vizasız qalmaq icazəsi verilir.

CEYHUN ASUR.jpg (61 KB)

Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a şərhində bildirib ki, vizadan azadedilmə ilk növbədə səfərlərin əlverişliliyi baxımından mühümdür:

“Viza tələbinin olmaması turistlər üçün rahatlıq yaradır. Birbaşa uçuşların verdiyi imkanlardan əlavə, viza tələbinin olmaması qarşılıqlı turist səfərlərinin sayının artacağı deməkdir.

Daha öncə viza prosedurları üçün təxminən 200 dollar xərcləmək lazım idi. Artıq buna ehtiyac qalmayıb. Gələcəkdə Çinə olan səfərlərin maya dəyərinin aşağı düşməsi də gözləniləndir.

Hazırda turizm şirkətləri vasitəsilə qrup halında Çinə səfər etmək üçün 1000 dollardan artıq vəsait lazımdır. Düşünürəm ki, gələcəkdə əlaqələrin daha da inkişaf etməsi ilə turistlər nisbətən optimal qiymətlərlə turlar əldə edə biləcəklər”.

RAUF SON.jpeg (380 KB)

Səyahət blogeri Rauf İsmayılov Çinə səfər üçün əsas xərcləri təhlil edib. Bloger bu barədə sosial media hesabında paylaşım edib:

“Çinə birbaşa uçuşları AZAL həyata keçirir. Əgər endirim kampaniyasına düşsəniz, gediş-dönüş biletini 420 manata almaq mümkündür. Amma adətən biletlər 600-700 manat civarında olur.

Hotellər Çində baha deyil. Bir həftəlik Pekin səfəri üçün iki nəfərlik standart bir hotel otağında orta hesabla 600 manat ödəmək kifayətdir. Şəhərdaxili nəqliyyat xərcləri münasibdir. Taksi qiymətləri məsafədən asılı olaraq 3-10 manat arasında dəyişir. Metroda isə bir gediş təxminən 1 manatdır.

Çində yemək seçimi genişdir, amma bəzən turistlər üçün uyğun dad tapmaq çətin ola bilər.
Normal restoranda bir nəfərlik menyunun qiyməti 20-40 manat arasıdır.
Məhsul restoranlarında isə bu xərc 10-20 manat təşkil edir.

Gəzməli-görməli yerlərə giriş biletləri adətən 10-30 manat arasında olur.

Muzeylər və digər turistik yerlər üçün 150-200 manat ayırmaq kifayətdir. Suvenirlər, xırda hədiyyələr, yerli içkilər və yeməklər, həmçinin internet istifadəsi üçün də əlavə büdcə lazım ola bilər.

Bütün bu xərcləri nəzərə alsaq, iki nəfərlik bir həftəlik Çin səfəri üçün təxminən 1800-2000 manat kifayət edir. Təbii ki, bu rəqəm şəxsi seçimlərdən asılı olaraq dəyişə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR